Dərs ilinin iyun ayına
qədər uzadılması
vacibdirmi?

 

Orta məktəb universitetlərə abituriyent
hazırlayan müəssisəyə çevrilir

 Bu gün ölkədə əsas təlim-tərbiyə ocaqları olan orta məktəblərdə vəziyyətin acınacaqlı olmasının sübuta ehtiyacı yoxdur, bu artıq aksiomadı. Orta məktəblər nə təlim verə bilir, nə də ki, tərbiyə...

Başqa sözlə desək, cəmiyyət üçün vətəndaş yetişdirməli olan bu dövlət müəssisələri öz funksiyalarını yerinə yetirə bilmir. Orta məktəblərin işinin təhsil bölməsinin bir hissəsini repititorlar yoluna qoyur. Yəni təhsil almaq istəyən, savadı, qabiliyyəti və valideyinlərinin imkanı olan şagirdlər repititorlar vasitəsi ilə öz istəklərinə nail ola bilirlər, bunu da bir çıxış yolu kimi qiymətləndirmək olar.

Amma, orta məktəb təkcə təhsil vermək missiyası ilə çalışmamalıdır, o həm də təlim-tərbiyə ilə məşğul olmalıdır. Təhsil eksperti Nadir İsrafilovun təbirincə desək, orta məktəblər yalnız unveristetlərə abituriyent hazırlayan müəssisə deyil, o, cəmiyyət üçün vətəndaş yetişdirməlidir.

Doğrudan da, məktəb bu gün əsas vəzifəsi olan vətəndaş yetişdirmək missiyasını yerinə yetirə bilmir. Bu sahəyə nəzarət edən dövlət məmurları məktəbdən danışanda dərhal Dövlət İmtahan Mərkəzinin statistikasına müraciət edir - filan məktəbdən filan qədər şagird 700 bal toplayıb. Lakin o məktəblərin "yetişdirdiyi" cinayətkarların, narkomanların, tüfeylilərin, cibgirlərin, içki düşkünlərinin və s. cəmiyyət ünsürlərinin statistikasını heç kim aparmır. Hazırda istifadə edilən tədris proqramlarına diqqət yetirsək, o qənaətə gəlmək olar ki, orta məktəblər vəzifələrinin bir hissəsi olan təlim-tərbiyə işini unudublar. Artıq müəllimlər də, özlərini vətəndaş yetişdirən bir təlim-tərbiyə mənbəyi saymır, onlar yalnız elmi biliklər verməyə mükələf insanlar kimi davranırlar.

Bütün bunlar bir yana, orta məktəbdə aparılan islahatlar zamanı müəllimlərin təklifləri, təcrübələrində sınadıqları metodlar nəzərə alınmır. Bütün islahatlar inzibati olaraq yuxarıdan diktə edilir.

Məsələn, ötən ildən etibarən təhsil ili iyun ayının 15-ə qədər uzadıldı. 1999-cu ildən etibarən hansısa səbəblər üzündən təhsil ilinin başlanğıc tarixi 1 sentyabırdan 15 sentyabıra çəkildi, indi isə təhsil ilinin son tarixi 30 maydan 14 iyuna dəyişdirildi. Normal məntiqlə düşünsək, təhsil ilini uzatmaq gərəkirsə, elə təhsil ilinin başlanğıcını 1 sentyabıra bərpa etmək olardı, çünki həm müəllimlər, həm də şagirdlər bu rejimə uzun illər uyğunlaşıblar. Hazırda müəllimlər üçün də, bu arzuolunmaz haldır. Digər tərəfdən isə Azərbaycanda ənənəvi olaraq üç yay ayları- iyun, iyul və avqust istirahət ayları sayılır. Biz nədən müəllimləri istirahət aylarından məhrum etməliyik? Hökumətə yaxın olan bəzi məmurlar bunu belə izah edirlər ki, son vaxtlar may-iyun aylarında dövlət tədbirləri olduğundan məmurlar iyunun sonuna qədər istirahətə gedə bilmirlər.

İyulda məzuniyyətə çıxan məmurlar sentyabırın 15-ə qədər istirahətdan ançaq qayıda bilirlər. Məhz bu səbəbdən də, təhsil ili yay tətilininin bir hassəsini zəbt etmək məcburiyyətində qalır.

Təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində dedi ki, sovet təhsil sistemində təhsil ili 35 həftədən ibarət idi: "Sonradan 5 günlük iş həftəsi yarandı, yeni bayram günləri təsis edildi, 1999-cu ildə isə havaların isti keçməsi ilə əlaqədar tədris ili sentyabırın 15-ə çəkildi və bununla da tədris günlərinin sayı kifayət qədər azaldı. Ona görə də proqram materialları tədris ilinə sığışmadı. Çıxış yolu üçün dünya təcrübəsinə əsaslanıldı, dünyada isə tədris ili 35-40 həftə arasındadır. Sonra çıxış yolu olaraq, gündəlik proqram yükünü azaltmaq üçün tədris ilini daha 2 həftə uzatdılar. O vaxt bütün təhsil ictimaiyyəti bunun əleyhinə çıxdı, petisyalar yığıldı, lakin qərar qəbul edildi. Bu məsələdə başqa uyğunsuzluq da var. Dərs ili iyunun 15-də başa çatır, amma qəbul imtahanları may ayında keçrilir. Məntiqlə bu il orta məktəbi bitirən şagirdlər proqramı başa çatdırdıqdan sonra imtahan verməlidi, amma bizdə imtahanlar təhsil ili başa çatmamış keçrilir."

Yeri gəlmişkən qeyd edək ki, bu il DİM qəbul imtahanlarına 13 mayda start verdi. Sual oluna bilər, bu il 11-ci sinifdə oxuyan şagirdlər tədris başa çatmamış tam kursdan necə imtahan verəcək? Yəqin bu da DİM məmurlarının yay məzuniyyətini təmin etmək məqsədi ilə qurban verilən dəyərdir. DİM-in çox olsa 10 min əməkdaşı var, onların qayğısına qalırıq, bu qayğıya görə yüzminlərlə sıravi müəllimin istirahət hüquq pozulur.

Ümumiyyətlə, Azərbaycanın təhsil sistemində bundan da ciddi nöqsanlar həllini gözləməkdədir. Ümid edək ki, yeni nazir bu problemlərin həlli ilə məşğul olmağa vaxt tapacaq.

0.25142908096313