Azərbaycanda rus dili- "kübar"
cəmiyyətin unudulan yaddaşı

 

Yaxud, nədən övladlarımızı rus
bölmələrində oxumağa təhrik edirik

 Dünən şəhərimizin ətriyyat dükanlarından birinə baş çəkdim. Dükana getməyimin səbəbi, dostum Əlinin iki gün sonra dogum günü olması idi.  Əslində, bu vaxta qədər kiməsə ətir aldığımı xatırlamıram. Nədənsə, bu dəfə alacağım hədiyyənin ətir olmasını istədim. 

Xülasə, adını reklam etmək istəmədiyim məhşur ətir dükanına girəndə, bir-birinə qarışan gözəl ətirlərin iyi onsuzda müsbətə yüklənən əhval-ruhiyyəmi bir az da şənləndirdi. Gözəl qızlar, su sonası kimi ətrafda "uçuşurdu"lar.

Onların arasından qaraqaş-qaragöz bir azərbaycanlı qızı mənə yaxınlaşdı və rus dilində nə ilə maraqlandığımı soruşdu. Mən də, bir qədər utançaq təbəssümlə ondan endirimdə olan ətirləri mənə göstərməsini xahiş etdim. Çünki jurnalist maaşımla, bahalı ətiriyyat dükanından yalnız endirimdə olan ətir seçmək inkanım var idi. Başqa variantım yoxdu...

Endirimdə olan ətirləri mənə göstərmək istəyən xanım məni müştəri gözü ilə süzərək, heç bir cavab vermədən, bir qədər laqeyd halda, ətirlərin düzüldüyü dolaba doğru hərəkət etdi. Mən də onu müşayət edərək, arxasınca getdim.

Qız əlini dolaba uzatdı və yenə də rus dilində, bura baxa bilərsiniz deyərək, məndən uzaqlaşdı. Bir qədər araşdırma apardıqdan sonra, nəhayət ortabab bir ətir seçə bildim. Kassaya yaxınlaşıb növbəmin çatmasını gözlədim. Təqribən 5-7 dəqiqədən sonra kassa arxasında oturan qız mənə rus dilində buyurun deyə müraciət etdi. Bu vəziyyət əməlli başlı ürəyimi sıxdı. Bir anlıq özümü yad ölkədə və qərib hiss etdim.

Baxmayaraq ki, müəyyən səbəblərə görə, özüm də orta və ali məktəbdə rus dilində təhsil almışam, lakin bu tendensiya nədənsə mənə çox pis təsir etdi. Bu düşüncələrlə, çiskin yağış altında bir xeyli addımlamışdım ki, birdən gözüm Yasamalda yerləşən "Aspirantlar evi"nə sataşdı. Onsuzda nisgil dolu ürəyim, bir az da sıxıldı. Sanki iri bir yumruq boğazımda düyünlənmişdi.

Dağılıb, sökülən "Aspirantlar evi" sanki mənim viran qalmış xatirələrimə ağı deyirdi. Elə bil uşaqlıq çağlarımda, yay aylarında üstündən düşmədiyim tut ağacları da qəribsəmişdi. Axşamlar atamın dostları ilə toplaşdığı "Qırmızı guşə" adlanan istirahət otağını, bu otağa yığışan milli düşüncəyə yüklənmiş gənc aspirantlar barədə danışdıqlarını xatırladım. Sovet imperiyasının son on beş ilində bir qrup Azərbaycan gəncliyi milli şüurun oyanışı yolunda yorulmadan mülahizələr irəli sürür, bəzən gecəni səhərədək burda müxtəlif mövzularda müzakirələr aparıblar. İmperiyanın caynağından qurtulmağın yollarını arayıb axtarıblar. Həmin illər mənim yaddaşımda, sadəcə olaraq atamın xatirələri kimi qalıb. Atam deyirdi ki, bütün tələbələr özünəməxsus şəkildə rus dilindən uzaqlaşmağın, Azərbaycan dilində danışmağın yollarını düşünüb axtarırdılar. Gənc tələbələrdən biri, belə bir təklif irəli sürür ki, dərsdənkənar rus dilində söz işlədən hər kəs 50 qəpik cərimələnsin. O, bu yolda xeyli irəliləyiş də əldə edə bilir. O dövürdə gənclər dilimizin səlistliyi uğrunda bax, belə mübarizə aparıblar.

Daha sonra tariximizə və təqvimimizə dünyada misli görünməyən qanlı yanvar faciəsinin adı yazıldı. Azərbaycanın mərd oğulları, qızları rus tankları altında can verdi. Rus imperiyası azğın canavar kimi, millətimizin canına qıydı. Nəhayət, müstəqilliyimizi qazandıq.  Həmin dövürdə bir müddət məktəblərdən rus bölmələri yığışdırılıb. Bu hərəkətlə sanki hər kəs öz içində daşıdığı ağrı ilə rus bölmələrindən qisas almağa çalışıb.

İllər keçdi. Artıq bu hadisələrin üstündən 28 il ötüb. Lakin biz heç nə olmamış kimi, yenə də övladlarımızı ciddi cəhdlə rus bölmələrində oxumağa təhrik edirik.

İlk işimiz isə qırıq-qırıq da olsa, rus dilində danışmağa çalışmağımızdır. Bu dilin çox vacib olduğunu düşünürük. Amma, nədən müstəqil məmləkətimizdə rus dilinin bu qədər vacib olduğunu heç kim doğru dürüst bilmir. Bəlkə, ətriyyat dükanlarında varlı təbəqənin könlünü oxşamaq, onlarla rus dilində danışmaq üçündür bu dilin vacibliyi?

Axı bu gün özünü "kübar" hesab edən Azərbaycan cəmiyyətinin "ana dili" rus dili sayılır. Bax belə əzizlərim, siz də rus dilini öyrənin, bir də gördünüz ki, bu dili bilmədiyiniz üçün sizə heç ətirdə satmadılar. 

0.16434693336487