Mədəniyyət çatışmazlığı sindiromdurmu?

 

Təhsil-tədris sisteminin fəlsəfəsi dəyişməlidir

 Azərbaycan cəmiyyətinin bir sıra ciddi problemləri bu gün çox aktual olsa da, onların həlli heç kimi əsla düşündürmür. Hamı elə davranır ki, guya bütün müşahidə etdiklərimiz elə belə də olmalıdır.

Məsələn, təhsilindən, sosial mənşəyindən və hüquqi statusundan asılı olmayaraq, Azərbaycan cəmiyyətində ciddi mədəniyyət çatışmazlığı mü-şahtdə olunmaqdadır. Bəziləri bunu sindrom hesab edir, yəni genetik çatışmamazlıq kimi qiymətləndirilir. Amma biz düşünürük ki, mədəniyyətsizlik heç vaxt sindrom ola bilməz, insanlar mədəniyyətlə birlikdə doğulmur, hər bir fərd mədəniyyəti həyatda qazanır.

Hətta, cəmiyyətdə bu və buna bənzər çatışmazlıqlarımızı milli mənşəyimizlə əlaqələndirməyə çalışanlar da var və bu qism insanlar belə bir rəy formalaşdırmağı bacarıblar. Kimi dindirirsənsə, bu millətdən əlin üzüb -"bizdən millət olmayıb, olmayacaq da..."

Lakin dünya təcrübəsi göstərir ki, cəmiyyətdə insani, mədəni, etik, estetik və s. keyfiyyətlərin formalaşmasında milli mənsubiyyət o qədər də yüksək faizli xüsusi çəkiyə malik deyil. Diqqət edirsinizsə, insani keyfiyyətlər, yalnız dövlət yaratmış millətlərdə milli mənsubiyyətə bağlanır. Məsələn, "alman maşını", "alman dəqiqliyi", "fransız mədəniyyəti", "yapon intellekti" və s. Bu yalnız tarixin müəyyən dönəmində dövlət rejiminin qeyd edilən məqamlara xüsusi diqqət yetirərək, onu inkişaf etdirməsi ilə əlaqədardır. Müasir dönəmdə Koreya xalqı bəşəriyyət tarixi üçün böyük bir nümunə yaradır. İki eyni xalq fərqli mədəniyyətlər və cəmiyyətlər yetişdirir. Bu bariz sübutdur ki, cəmiyyətdə insani keyfiyyətlərin formalaşmasının milli mənsubiyyətə demək olar ki, aidiyyəti yoxdur. Bu səbəbdən də, "biz düzələn millət deyilik" deyərək bu dünyadan əl üzmək, tərkidünyalıq etməyə dəyməz.

Qayıdaq bizim özəl problemlərimizə. Hətta, ölkənin paytaxtında belə, sadə insani mədəniyyətə malik olmayan böyük insanlar qurupu ilə hər gün rastlaşırıq. Avtobusda ayaq başmağa yer olmadığı halda, dayanacaqda dayanan insan nəyin bahasına olur-olsun özünü salona pərçimləmək istəyir, metroda qapı açılan kimi, platformada dayanan sərnişinlər vaqona hücum çəkir, səhər tezdən şəhərin küçələrində məlahətli səslə gənc qadın və kişilər oxuyur - "qatıq var, qatıq" və s. Biz bütün bu mədəniyyətsizliklərin əsas səbəbini təhsil və tədrisin düzgün qurulmamasında görürük.

Düzdür, bu məsələləri pedeqoqlar daha yaxşı bilir, amma müasir təhsil proqramlarında məqsəd yalnız şagird və tələbələri fundamental elmi məsələlərlə yükləmək üsulları axtarıb tapmaqdır. Təhsil nə qədər naqis olsa da, yeni üsullar düşünüb tapanlar da var. Baş qarışıb, yalnız test suallarına şablon cavabları gənclərin beyninə yükləməyə, belədə isə o yükün altında inildəyən, mədəniyyətdən, etikadan, məntiqdən bixəbər bir gənc nəsil yetişir. Hər il orta məktəbi bitirən onminlərlə şagirdin, yalnız 15-20 faizi təhsil dalınca gedir, yəni 11 ildə öyrəndiklərindən faydalanmaq fikrində olur, qalan 80 faiz isə birbaşa cəmiyyətə - istehsalata, əmək fəaliyyətinə "təyinat alır". Bəs onlar bu 11 ildə onlara fayda verən nəsə qazanıblarmı?

Yalnız oxumaq və yazmaqdan başqa heç nə... Belə çıxır ki, orta təhsil, yalnız təhsilini davam etdirməkdə olan 20 faiz şagirdlərə xidmət edir, yerdə qalan 80 faizinə isə yazıb-oxumaqdan başqa heç nə vermir. Buyurun, 11 ilə yalnız oxuyub-yazmağı öyrədirik, budur bizim təhsil-tədris sisteminin mahiyyəti. Hələ biz onu demirik ki, təhsilini davam etdirən 20 faiz də, bu təhsil sisteminin bəhrəsi deyil, valideyinlərin pulları hesabına işləyən repititorların məhsuludur - bunu qoyuruq bir yana...

Bu gün biz təhsilini davam etdirmək fikrində olmayan çoxluq haqqında düşünməliyik, çünki onlar birbaşa cəmiyyətə təyinat alır. Biz onlara nələri öyrətməliyik? Sualın cavabı çox sadədir - bu gün Azəbaycan cəmiyyəti nədən əziyyət çəkirsə (biz onların bəzilərini yuxarıda qeyd etmişik) bütün gənc nəsilə birinci onları öyrətməliyik. Bura daxildir ən azı mədəniyyət, etika, estetika, davranış mədəniyyəti, yol hərəkət qaydaları, nitq mədəniyyəti, böyüklərə və kiçiklərə qarşı davranış qaydaları və s.

Riyaziyyat, fizika, biologiya və s. yalnız ali təhsilli mütəxəssis, elm və ya ictimayi xadim olmaq istəyən istedadlı gənclərə lazımdırsa, yuxarıda qeyd etdiyimiz keyfiyyətlər bütün cəmiyyətə lazımdır. Düşünürük ki, biz uşaq və gənclərə parta arxasında bu keyfiyyətləri öyrətməliyik ki, vaxt axarında cəmiyyətin mədəniyyəti yüksəlsin. Əks təqdirdə, biz cəmiyyət olaraq heç bir yüksəlişə nail ola bilmərik.

0.15701603889465