Paytaxt nəqliyyatı
niyə idarə edilmir?

 

Bakıda Nəqliyyatı
İntellektual İdarəetmə
Mərkəzinin fəaliyyəti
hiss olunmur

 Bakı şəhərində nəqliyyat axınının indiki durumu haqqında dəfələrlə yazmışıq və yəqin ki, hələ də yazmağa, müzakirə etməyə ehtiyac var. Çünki bu problem bütün çılpaqlığı ilə paytaxt sakinlərinin gündəlik həyatını qanqaraçılıq, stres və psixaloji basqılarla doldurmaqdadır.

Hətta, vəziyyət o həddə çatıb ki, Təhsil Nazirliyinə Azərbaycan Tibbi Universitetindəki nevralogiya və psixoloq ixtisasları üzrə qəbul planını artırmaq təklifində bulunmaq gərəkir. Ona görə ki, bir müddətdən sonra Bakı tıxaclarının hər gün stresə saldığı sürücü və sərnişinlər əsəb xəstəsinə çevriləcək, onları müalicə etmək üçün çox sayda mütəxəssislərə ehtiyac yaranacaq. Bu səbəbdən də, indidən təbir görmək lazımdır.

Artıq 15 ildən çoxdur ki, Bakı şəhərində möhtəşəm nəqliyyat layihələri həyata keçirilir, yüzlərlə tunel, körpü, keçid və iri yol qovşaqları tikilib, istifadəyə verilib, proses bu gün də davam edir. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd yollarda nəqliyyatın hərəkətinə nəzarət etmək və tənzimləmədir.

Mərkəz ən müasir texnologiyalardan istifadə edir və regionda aparıcı mərkəzlərdən sayılır. Lakin bu aparıcı mərkəz demək olar ki, şəhərin nəqliyyat sisteminə heç bir təsir göstərə bilmir. Nəqliyyat hərəkətinin pik vaxtlarında şəhərin mərkəzi hissəsində çoxsaylı tıxaclar yaranır və bu hal hər gün təkrarlanır. Bu azmış kimi, bir tərəfdən də "Formula-1" yarışlarına hazırlıqla əlaqədar Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 23 apreldən 1 maya qədər isə bu küçə ilə hərəkət tam olaraq dayandırılacaq. Bu on gündə bədbəxt paytaxt sakinləri haradan və necə hərəkət etməlidirlər? Deyirlər, pis günün ömrü az olar, biz tutaq ki, bu on günə dözdük, amma bundan sonra da doğma şəhərimizin nəqliyat-tıxac problemi bitməyəcək, səbəb haqqında bir qədər sonra...

Bakı şəhərində qurulan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılması Cənubi Korey Respublikasının mütəxəssislərinin koordinatorluğu ilə həyata keçirilib. Sözügedən layihənin analoqu hal-hazırda Seulda çox uğurla fəaliyyət göstərir. Bu yerdə onu qeyd edək ki, Bakıda təxminən 2,2 milyon əhali yaşayırsa, Koreya əhalisinin təxminən 20 faizi, yəni 10 milyon nəfərdən çoxu paytaxt Seulda yaşayır. Göründüyü kimi, əhalisi Bakının əhalisindən beş dəfəyə qədər çox olan Seulda bu layihə nəqliyyatın hərəkətini saat mexanizmi kimi dəqiqliklə idarə edə bilirsə, bəs Azərbaycanın paytaxtı Bakıda bu niyə alınmır?

Bizim qənaətimizə görə, Layihə icra edilməzdən əvvəl şəhərdə yol infrastrukturu normal vəziyyətə gətirilməli idi. Elə düşünməyin ki, yeni körpü və tunellərin tikintisini nəzərdə tuturuq, sadəcə olaraq Bakının mərkəzi küçələri kifayət qədər genişləndirilməli, gur nəqliyyat axınının maneəsiz hərəkətinə şərait yaradılmalı idi. Bununla yanaşı, yollarda ictimayi nəqliyyat ayrıca hərəkət zolağı ilə təmin edilməli, digər nəqliyyat vasitələrinin bu zolağa girməsi qadağan olunmalı idi. Bu tələbi təmin etmək üçün yol kənarlarındakı bütün tikililər sökülməli, yeni tikililərin inşası zamanı perespektiv nəzərə alınmalıdır. Təkcə qeyd edilən bu təklif reallaşdırılsa, bəlkə də Bakı şəhərində  naqliyyatın intellektual idarəetmə sisteminin qurulmasına ehtiyac duyulmazdı. Çünki, adətən belə layihələrə şəhər əhalisinin sayı 5 milyonu ötdükdən sonra ciddi ehtiyac yaranır.

Bakıda dünya təcrübəsində özünü doğruldan bu layihənin uğursuzluğa düçar olmasının bir səbəbi də, fikrimizcə, korrupsiya halları oldu. Bunu görmək üçün heç mütəxəssis olmağa ehtiyac yoxdu. Avtobuslarda quraşdırılan monitorlar bir neçə ayın icində sıradan çıxaraq lazımsız əşyaya çevrildi. Bu hal isə ona dəlalət edir ki, həmin avadanlıqlar aşağı keyfiyyətli və ucuz idi. Bu hələ məsələnin görünən tərəfidir, yəqin görünməyən sahələrdə daha çox korrupsiya halları baş verib. Sözün qısası, bu sistem çox keyfiyyətsiz qurulub və uğursuzluğa düçar olub. Sistemin qurulması dövlətə təxminən 65 milyon dollara başa gəlib, lakin heç bir il də normal xidmət göstərə bilmədi. Seulda isə bu vəsaitin yarısını xərcləməklə qurulan sistem 15 ildir saat mexanizmi kimi işləyir. İnanmaq istərdik ki, haçansa bizdə də bela bir sistem formalaşacaq.

0.22734498977661