Birinci qrup gözdən əliil Şərifov Ceyhun
Şahsuvar oğlu prezidentdən kömək istəyir

 

Bank fırıldağının qurbanlarının aqibəti necə olacaq?

 Bank deyəndə təsəvvürümüzdə - sanballı, konservativ və ciddi rejimli bir müəssisə obrazı canlanır. Bankirləri, yəni bankların sahiblərini düşünəndə isə zəngin, varlı və nüfuzlu insanları görürük.

 Bank biznesinin tarixində zaman-zaman maraqlı və məzəli hallar da baş verib.  Hər kəsə məlumdur ki, banklar pul satan müəssisələrdir. Onların əsas gəlirləri pul ilə bağlı xidmətlərdən formalaşır. Banklara depozit yerləşdirir, kredit götürülür, hesab açılır, pul köçürür, plastik kart əldə edilir və sairə...

Bank sanki bir dükandır. Bu sözün İtalyan dilindən tərcüməsi stol deməkdir. BBanco" yəni- stol, həm də dükan anlamındadır. Bir zamanlar tacirlər və pul sərrafları dəyişdikləri pulları, metal sikkələri, məhz dükanda stolun üzərinə yığırdılar. Bu tərcümə də məhz oradan qaynaqlanır.

Bəli, bəhs edəcəyim söhbət ürəkaçan olmasa da, bankların özbaşınalığından, onların millətin başına açdığı oyunlardan olacaq. Əslində, bu olay həkim səhvinin qurbanı olan, şərəfli peşə sahibi, birinci qrup gözdən əlil Şərifov Ceyhun Şahsuvar oğlunun və onun ömür-gün yoldaşı, zəhmətkeş Zöhrə xanım Şərifovanın yaşadıqları reallıqlardır. Onlar Sumqayıt şəhərində yaşayırlar. Yuxarıda qeyd etdiyim kimi, Ceyhun müəllim birinci qrup gözdən əlildir. Onun  müalicəsi ilə bağlı ailə hər il banklara üz tutaraq kredit götürmək  məcburiyyətində qalır.

Əvvəlki illərdə olduğu kimi, 2014 - cü ilin noyabr ayının 27- sində DəmirBankın Sumqayıt filialından Şərifova Zöhrə Fazil qızının adına 2-illiyə, 26-faiz ödəmək şərti ilə 1450 manat kredit götürüblər. Ceyhun müəllim birinci qrup gözdən əlil olduğu üçün krediti onun özünə yox, həyat yoldaşı Zöhrə xanımın adına veriblər. Həmin ildə Zöhrə xanım Sumqayıt Şəhər Təmizlik Departamentində fəhlə işləyib. Krediti götürərkən DəmirBank onlardan 60-manat çıxaraq "Xalq Sığorta"da sığorta müqaviləsi də bağlayıb ki, hər hansı bədbəxt hadisə olarsa və ya xəstəliklə əlaqədar işini itirərsə, kreditin qalan hissəsini həmin sığorta müəssisəsi ödəyəcək.

Krediti hər ay vaxtında və hətta deyərdim ki, vaxtından daha tez, yəni hər ayın 27-si ödəməli olduğu halda, ayın 10-u 14-ü arası təqaüdünü aldığı üçün elə həmin gündə də ödənilib. 2016-cı ilin noyabır ayında 1450 manata qarşı 2 illik 26 faizlə birlikdə, hətta ondan 20 manat da artıq 1963 manat ödəyərək krediti bitirib. Lakin krediti götürərkən Şərifov Ceyhun Şahsuvar oğlunun etirazlarına baxmayaraq, DəmirBank müqaviləni 2013-cü ildəki kimi, milli pulumuz olan manatla deyil dollarla bağlayır. Halbuki bizim dövlət qanunumuzda deyilir ki, kredit, vətəndaşın, yəni müştərinin istədiyi pulla verilməlidir. DəmirBank isə müştərinin istəyini nəzərə almadan öz istədiyi pulla kredit verərək dövlətin qanunu kobud şəkildə pozur və çəkinmədən deyir ki, -"bank özü qərar qəbul edərək müştərinin istəyini nəzərə almadan krediti istədiyi pulla verə bilər".

Vətəndaş, yəni müştərinin həyat yoldaşı Şərifov Ceyhun Şahsuvar oğlu maraqlı və maraqlı olduğu qədər də haqlı bir sual ortaya qoyur. Məgər DəmirBankın daxili qərarı Ali dövlət qanunlarımızdan yüksəkdirmi?

Dəmirbankin bağladığı müqaviləyə baxmayaraq, müştəri Şərifova Zöhrə Fazil qızı bankın xəzinəsindən krediti dollarla deyil, milli pulumuz olan manatla çixarır. Bunu bankın xəzinəsindən verilmiş sənəd də təsdiq edir.

 Hələ biz orta məktəbdə oxuyarkən orta məktəb dərsliklərindən keçmişdik ki, bir dövlətin müstəqil bir dövlət kimi özünü təsdiq etməsi üçün beş əsas atribut vacibdir. Bayrağı, gerbi, humni, dili və pulu. Şükür allaha, bunların beşi də bizim dövlətimizdə var. Öz müstəqilliyini dünyaya sübut etmiş bir dövlətimiz də var. Bəs nədən, bizim milli pulumuz manat olduğu halda, DəmirBank krediti manatla deyil dollarla verir? Halbuki Ali dövlət qanunumuzda deyilir ki, daxili ödəmələr, kreditlər milli pulla ödənilməlidir. Kredit yalnız və yalnız müştərinin istədiyi halda valyuta ilə verilə bilər. Bəs nədən DəmirBank müştərinin istəklərini nəzərə almadan, öz istədiyi valyutayla kredit verib? Dəmirbankın məqsədi nə idi? Kimlərə xidmət edirdi?

2016-cı ildə müştəri Şərifova Zöhrə Fazil qızı krediti götürərkən dolların məzənnəsi neçə olubsa, həmin məzənnə ilə ustəlik iki illik 26 faizi də ödəyib qurtarmasına baxmayaraq, 2017-ci ildə ona Sumqayıt məhkəməsindən Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyilə cavabdeh sayılan tərəfin iştirakı olmadan keçrilmiş məhkəmədən DəmirBanka 1254 dollar borclu olduğu barədə qətnamə gəlib. Şərifova Zöhrə Fazil qızı da bu qərarla razılaşmır, bu haqsız qərarın ləğv edilməsi üçün Sumqayıt şəhər məhkəməsinə müraciət edib. Məhkəmə zamanı imkansız ailə olduqları və hüquqlarını qormaq üçün pulla vəkil tutmalarına maddi imkanları olmadığına görə, dövlətin onları pulsuz vəkillə təmin etməsini hakim Məmmədov İlqar Aslan oğlundan xahiş ediblər. Lakin cənab hakim İlqar Məmmədov bunun yalnız cinayət işlərində edildiyini, mülki işlərdə mümkün olmadığını bildirərək onların tələblərini təmin etmir. Məcbur qalan Şərifov Ceyhun məhkəmədə həyat yoldaşı Şərifova Zöhrə Fazil qızının nümayəndəsi kimi özü iştirak etmək qərarına gəlir. Məhkəmənin birinci iclasında Şərifov Ceyhun DəmirBankın nümayəndəsi hüquqşünas Zeynülabidin Tağıyevə iddia və tələblərinin düzgün olmadığını bildirir və bunları sənədlərlə də sübüt edir. Lakin bunların heç biri hakim Məmmədov İlqar Aslan oğlu tərəfindən nəzərə alınmır və hətta məhkəmə protokoluna belə salınmır. Məhkəmə zamanı DəmirBankın nümayəndəsi olan Zeynülabidin Tağıyev heç çəkinmədən, arxayıncasına Şərifov Ceyhuna deyir ki, -"nə etsən də, hara, kimə müraciət etsən də xeyiri yoxdur, sən bu pulu ödəyəcəksən vəssalam. Yaxşısı budur, banka gəlin və müqaviləni yeniləyək, dolların indiki məzənnəsiylə hissə - hissə ödəyin".

Daha sonra Şərifov Ceyhun həyat yoldaşının xəstəlik kağızını və Sığorta müqaviləsini təqdim edir. Lakin bunlar da məhkəmədə nəzərə alınmır. Halbuki DəmirBankın verdiyi "Xalq Sığorta"-nın müqaviləsində deyilir ki, hər hansı bədbəxt hadisə olarsa, müştəri xəstələnib işini itirərsə, kreditin qalan hissəsini "xalq Sığorta" ödəyəcək. Amma Sumqayıt şəhər məhkəməsinin protokolunda bu barədə söz belə açılmır.

Ceyhun müəllim deyir:-"Məhkəmənin ikinci iclasında Zeynülabidin Tağıyev yenidən bizə guya hörmət edərək faizlərdən çıxaraq borcu 940 dollara endirdi. Cənab hakim Ilqar Məmmədov da, daha nə istəyirsiniz borcunuzdan bir belə azaltdıq gedin qalanını ödəyin dedi".

Şərifov Ceyhun DəmirBankın nümayəndəsindən soruşur ki, faiz borcları hansı əsaslarla hesablanıb? Lakin heç bir cavab ala bilməyib. Ceyhun müəllim deyir ki, mən hüquqlarımı tələb edəndə, onlar mənə -"İmzanız var və hakim də bunu təsdiq edib, ödəməlisiniz"- deyib.

Bəli, əziz oxucu bu gün birinci qrup gözdən əlil olan Şərifov Ceyhun Şahsuvar oğlu haqlı olaraq ortaya belə bir sual qoyur -"Məgər bu imza məsələsi ancaq biz kasıb xalq üçündürmı? Biz aldadılaraq bir imza atmışıq, ona da cavabdehik. Bəs DəmirBank Imzalayaraq möhürü ilə də təsdiq etdiyi Sığorta müqaviləsinə məhəl qoymayaraq krediti ödəyib qurtardıqları halda, yenidən onlardan dolların məzənnə kursunu və o məzənnə kursunun da gecikmə faizini istəyir? Bir sözlə, faizin- faizini tələb edirlər. Amma öz üzərlərinə düşən tələblərin heç birini yerinə yetirmirlər".

Sumqayıt şəhər məhkəməsinin çıxardığı qərarla razılaşmayan müştəri Şərifova Zöhrə Fazil qızının nümayəndəsi və eyni zamanda həyat yoldaşı olan Şərifov Ceyhun Şahsuvar oğlu Sumqayıt Apellyasiya məhkəməsinə müraciət edir ki, bəlkə insafa gəlib, Apellyasiya məhkəməsində işə ədalətlə baxarlar. Lakin burda da eyniylə Sumqayıt məhkəməsində olduğu kimi, yalnız və yalnız DəmirBank müdafiə olunur. Qanunun yalnız bankı müdafiə edən maddə və bəndləri sadalanır. Müştərinin heç bir hüququ dilə gətrilmir və onu müdafiə edən heç bir maddənin, bəndin adı belə çəkilmir.

Sumqayıt Apellyasiya məhkəməsində Telman Quliyevin sədrliyi ilə keçrilən məhkəmədə hətta DəmirBankın nümayəndəsi belə iştirak etmir. Demək DəmirBank işi udacağına o qədər arxayın olub ki, məhkəməyə öz nümayəndəsini belə göndərməyə ehtiyac duymayıb. Məhkəmənin sədri Telman Quliyev formal olaraq DəmirBankın nümayəndəsinin iştirakı olmadan məhkəmənin keçirilməsinə, müştəri Şərifova Zöhrə Fazil qızından və onun nümayəndəsi Şərifov Ceyhun Şahsuvar oğlundan etirazlarının olub-olmadığını soruşarkən Şərifov Ceyhun buna etirazını bildirərək deyib:"Bəs mən DəmirBanka olan suallarımı kimə verəcəm? Cavabı kimdən alacam?" Hakim Telman Quliyev deyib-"Sən suallarını verərsən nəzərə alınacaq". Məhkəmə başlayanda Şərifov Ceyhun məhkəməyə sədirlik edən Telman Quliyevdən imkansız ailə olduqları üçün pulsuz vəkillə təmin olunmalarını istəyir. Lakin Cənab Telman Quliyev -"Pulsuz vəkillə yalnız və yalnız ali məhkəmədə təmin edilə bilərsiz",- cavabını verib.

Şərifov Ceyhun Apellyasiya məhkəməsinə də faizlərin düzgün hesablanmadığını bildirib, Apellyasiya məhkəməsindən bunu yoxlamaq üçün mütəxəssis ekispert təyin etmələrini xahiş edib. Ancaq onun bu tələbi də nəzərə alınmayıb. Apellyasiya məhkəməsində də nə siğorta müqaviləsi, nə də Şərifova Zöhrə Fazil qızının xəstəliyi və bu xəstəliklə əlaqədar iş qabiliyyətini itirməsi nəzərə alınmır. Hazırda axırincı o mərhələ qalır ki, bu da Azərbaycan Dövlətinin Ali Məhkəməsidir.

İndi Şərifovlar ailəsi belə bir sualla çıxış edərək bütün xalqdan və banklardan soruşur-"Dolların faizi birdən birə 70% faiz qalxdığı halda mənım, yəni birinci qrup əlil Şərifov Ceyhunun əlillik təqaüdü cəmi 2 manat artdı. Bu nə dərəcədə doğru və ədalətlidir?"

Ceyhun müəllim:"Cənab Prezident, hörmətli İlham Əliyev birinci qrup gözdən əlilin təqaüdü cəmi 2 manat artdığı halda, bu gün məndən dolların faizini istəyirlər. Mən bu pulu hələ dollar qalxmamış müalicə üçün manatla götürmüşəm. Iki illik 26 % də hesablanıb 1450 manata qarşı 1963 manat ödəmişəm. İndiki məzənnəylə qarşıma qoyduqları rəqəmlərə görə 1598 manat borcum hələ də qalıb. Burdan qəzet vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova da səslənirəm. Cənab nazir, bəlkə mənim təqaüdümü də, dolların məzənnəsinə uyğun qaldırasınız. Əcaba bu mümkünmü?".

 Şahnaz Salehqızı

0.41980195045471