Rüşvətlə doğulan, yaşayan və
dünyadan köçən aciz millət

 

Millət məmurların və mollaların əl-qol açmasına özü şərait yaradır

 Azərbaycan dünyanın ən gözəl təbiətə malik ölkələrindən biridir. Buna görə də ölkəmizə gələn hər bir əcnəbi təbiətimizin gözəlliyindən doya bilmir. Xüsusən son on ildə ölkəmizin əvvəlki miskin görkəmi tamamilə dəyişərək, hər kəsin gözünü oxşayan al-əlvan görkəmə bürünüb.

Bəli, vətənimiz ölkə Prezidenti cənab İlham Əliyevin yüksək zövqü, qətiyyəti və əzmkarlığı sayəsində dünyanın ən baxımlı, yaraşıqlı ölkəsinə çevrilib. Qısa müddətdə turizm sahəsində aparılan sürətli dəyişikliklər əcnəbilərin məmləkətimizə marağını artırıb. Dünya ölçülərinə tam uyğun gələn yaraşıqlı otellərin, turizm mərkəzlərinin sayı durmadan artır. Ölkəmizə maraq göstərən turistlərin sayı isə ildən ilə sürətlə çoxalır. Bu da, ölkəmizə xeyli miqdarda gəlir əldə etməyə imkan verir.

Amma çox heyif ki, cənnət vətənimizi cəhənnəmə çevirib insanlarımızı tədirgin salan, xalqı soymaqla məşğul olan, vətən deyiləndə evini, miilət deyiləndə ailəsini düşünən vicdansız, imansız məmurlar bu məmləkətin bütün mühitini zəhərləyərək, insanların normal yaşaması üçün lazım olan hər şeyi özlərinin şəxsi gəlir mənbəyinə çeviriblər. Millət acından ölür, məmur yağ-bal içində üzür, millət borcun içində boğulur, intihara əl atır, məmurlar ərəb şeyxləri kimi zəngin və əxlaqsız həyat sürməkdə davam edirlər.

Həkimi soyğunçu, müəllimi zəlil, məmuru rüşvətxor, mollası savadsız və tamahgir olan bu yazıq millətin, deyəsən bir olan Allahdan başqa əlac yeri qalmayıb! Ölkə Prezidentinin hər bir toplantıda məmurlara ciddi xəbərdarlıq etməsinə baxmayaraq, vəziyyətdə elə də ciddi dəyişiklik hiss olunmur. "Babam mənə kor deyib, hər gələnə vur deyib" prinsipi ilə sərvət toplamaq eşqiylə yaşayan məmurlar inhisarlarında olan ticarət obyektlərində qiymətləri "ceyranın belinə qaldırıblar!"

Bəlkə dediklərim düz deyil, səhvə yol verirəm? Ölkə başdan-başa rüşvətlə sirayətlənib. Əgər bu ölkənin bütün doğum evlərinin həkimləri dünyaya uşaq gətirən valideyndən dediyi miqdarda rüşvəti almasa, uşağı sahibinə vermir. Hətta yuxarılara şikayət edəcəm, deyənlərdən belə, rüşvəti çəkinmədən zorla alırlar, sonra da get, kimə deyirsən, de!- ifadəsini çox arxayın dillərinə gətirirlərsə, bu, xalqa qarşı kütləvi xarakter daşıyan cinayət və vicdansızlıq deyilmi?

Tapın, elə bir insan tapın gətirin ki, o, yeni dünyaya gələn övladını doğum evindən rüşvətsiz çıxarmış olduğunu etiraf etsin, mən üzr istəməyə hazıram! Ancaq bu mümkün deyil! Hesablamışam, Azərbaycanda bir uşağın dünyaya gəlməsi, valideynə  1000-1500 manata başa gəlir! Hələ yeni doğulan uşağa çəkilən digər kənar xərcləri hesaba almıram.

Beləliklə, pul tələb olunan ilk mərhələdən sonra uşağın sağlamlığına ev şəraitində həkimin nəzarəti mərhələsi başlayır. Sahə həkimi həftədə bir dəfə gəlib evdə uşağın səhhətini yoxlayır, peyvəndlərin vaxtında vurulmasına nəzarət edir və hər gəlişində də yol xərci almadan getmir! Uşaq üç il bu qaydada rüşvətlə böyüyür və üç yaş tamam olandan sonra uşağın bağça yaşı yetişir.

Valideynin soyulmasının yeni mərhələsi də, məhz bağçadan başlayır. Baxça müdirinə müraciət edən valideyn müdir tərəfindən uşağın bağçaya qoyulması üçün ilkin şərt olaraq 300-500 manat civarında birdəfəlik və hər ay 50-100 manat pul verməsi tələbi ilə qarşılaşır. Baxça müdirinin dediyi ilə razılaşmayıb, deyilən rüşvəti vaxtında verməsən, hara istəyirsən get, şikayət elə, istəyirsən lap Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbuluna düş, ona şikayət elə, xeyiri yoxdur.

Əvvəla, Hacıbala müəllimin qəbuluna düşsən də, faydası yoxdur, çünki şəhərin bütün bağçalarında yığılan rüşvətin bir hssəsi ona çatır. Ona görə də valideyn yenə baxça müdirinin açıq tələb etdiyi rüşvəti verməkdən başqa yol tapa bilmir. Çünki bu ölkədə yazılmayan qanunlar daha güclüdür və öz qüvvəsindədir - vətəndaş öz konstitusiya hüququndan istifadə etmək üçün mütləq məmura rüşvət verməlidir!

Uşağın orta məktəbə getməsinin valideyn üçün nə qədər böyük xərc tələb etdiyini hər bir valideyn çox yaxşı bilir.

Məktəb direktorlarının və müəllimlərin valideynlərdən rüşvət almaq üçün hansı oyunlardan çıxdığını da bilməyən yoxdur. Nəhayət, normal təhsil almaq naminə uşağını repetitor yanına göndərmək zorunda qalan valideyn yuxarı siniflərdə oxuyan uşaqlarının məktəbə getməməsi və ilin sonunda attestata yüksək qiymət yazılması üçün məktəb direktoruna və sinif rəhbərinə əlavə rüşvət ödəməyə məcbur olur. Beləliklə, böyük xərc hesabına övladını normal orta təhsillə təmin etmək istəyən, lakin bu cür rüşvət vermək imkanı olmayan, ölkədə əksəriyyət təşkil edən kasıb insanların uşaqları normal təhsildən məhrum edilir və istər-istəməz, kriminal aləmin üzvlərinə çevrilirlər.

Ölkəmizdə kriminal durumun çox ağır olmasının səbəblərindən biri də, normal təhsil almağa imkanı olmayan gənclərin yaşamaq üçün oğurluğa, digər ağır cinayətlərə əl atmağa məcbur olmalarının nəticəsi olduğuna heç kim şübhə etmir. Əgər hüquq-mühafizə orqanlarının müəyyən çirkin məqsədlərə görə, bir sıra cinayətləri uçota alınmadığını nəzərə alsaq, o zaman ölkəmizdə kriminallaşmanın ən yüksək həddə olduğunu təsəvvür etmək çətin deyil.

Ölkəmizdə yüksək biliyə malik olan və maddi imkanı hesabına ixtisaslı mütəxəssisə çevrilən insanların işlə təmin olunmasının, hər kəsə bəlli olduğunu nəzərə alaraq, nə qədər çətin olduğunu şərh etməyə ehtiyac duymuram. Bu mərhələdə də biliyin yox, rüşvətin həlledici gücə malik olduğunu hər birimiz bilirik. Bəzən, normal işə girmək üçün heç yüksək rəqəmlə ifadə olunan rüşvət də insanların köməyinə çatmır, rüşvətlə yanaşı, həm də hakimiyyətə daxil olan komandalardan birinin himayəsinə daxil olmalısan! Bu iki şərti təmin etməyən şəxsin ölkəmizdə normal iş əldə etməsi çox müşkül məsələdir!

Buyur, yüksək biliyə, mükəmməl bacarığa və peşəyə malik olan vətəndaş, iş tap görüm, necə tapırsan?! Hər rübdə keçirilən ənənəvi hökumət müşavirələrində Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müs-lümovun yüz minlərlə iş yerlərinin açılması barədə danışdığı nağılların isə xalqın acı gülüşünə səbəb olmasından qeyri işə yaramadığı aşikar hiss olunur.

Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün olduğu kimi, mütəxəssislərin hesablamalarına görə, üç milyondan çox insan da çörək və dolanışıq arxasınca xaricə qaçmaq zorunda qalıb! Hazırda qonşu Rusiyanın bazarlarını zəbt edən və vaxtaşırı təzyiq və təqiblərə məruz qalaraq, çətin şəraitdə qazandıqları pulun bir hissəsinin rus milisləri tərəfindən zorla mənimsənilən ölkə vətəndaşları uzun illərdir ki, həm özlərini, həm də burada yaşayan qohum-əqrabasını saxlamaq üçün vətəninə hər ay xeyli pul göndərirlər.

Doğrudur, iqtisadi böharan və sanksyalarla üzləşən Rusiyada indi əvvəlki kimi çox pul qazanmaq mümkün olmasa da, Azərbaycanla müqaisədə pul qazanmaq imkanı hələ də qalır. Amma insanlarımızın ağır iş və təqib şəraitində yad olkədə istismar edilməsi məhz, bizim rüşvətxor məmurlarımızın ölkədə yaratdıqları dözülməz mühitin bəhrəsidir!

Dəhşətli və bəlkə də dözülməsi mümkün olmayan hallardan biri də odur ki, ölkədə çox geniş yayılan narkotik ticarəti, insan alverinin, fahişəliyin və digər ağır cinayət hadisələrinin baş verməsi üçün zəmin yaradan və bündan külli miqdarda qazanc əldə edən millətimizə düşmən olan təşkilatların nümayəndələri ilə yanaşı, bu prosesdə ölkənin hüquq-mühafizə orqanlarının bir sıra əməkdaşlarının da adları hallanır!

Doğrudur, hüquq-mühafizə orqanlarının yüksək rəhbərliyi bu cür şəxslərin müəyyən edilib, işdən azad olunması və onların cinayət məsuliyyətinə cəlb edilməsi barədə mütəmadi olaraq tədbirlər görürlər və bu barədə ictimaiyyəti məlumatlandırırlar.

Amma əfsuslar olsun ki, görülən bu tədbirlər yuxarıda adlarını çəkdiyim ağır cinayət hallarının aradan qaldırılması üçün kifayət etmir və zəncirvari proseslər hələ də davam edir. Ona görə də ölkədə yağışdan sonra kükrəyib çoxalan göbələk kimi, hər gün artan "ailəvi istirahət mərkəzi" adı altında fəaliyyət göstərən və əksəriyyət hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunan pritonların( fahişəxanaların) fəaliyyəti dövlət tərəfindən ciddi nəzarətə götürülməsə, yaxın gələcəkdə fəlakətlə üzləşməli olacağımız qaçılmazdır!

Ölkəmizdə rüşvətxorluğa tam yoluxmuş sahələrdən biri də, icra hakimiyyətlərinin də müdaxilə etdiyi və işbazların qazanc yerinə çevrilən qəbir yerlərinin çox yüksək qiymətə satılmasıdır! Bu hal Bakı şəhərində daha dözülməz vəziyyət yaradıb! Vur-tut 2mx1.5m əraziyə 3-5 min manat qiymət qoymaq görəsən, kimlər tərəfindən müəyyən edilib, bəlkə, bundan da dövlətin, məsul vəzifəli şəxslərin xəbəri yoxdur?!

Beləcə, əziz həmvətənlər, bu ölkədə rüşvətlə doğulub, rüşvətlə yaşayıb və rüşvətlə də dünyadan köçmək alnımıza yazılıb və bunun baş verməsinin səbəbkarı da məhz, xalq özüdür, başqa günahkar axtarmağa lüzum yoxdur!

Əlbəttə, rüşvətsiz daşın-daş üstünə qoyulmasına imkan verməyən əraziyə nəzarət edən orqanların rəhbərlərinin haqqını vermədən belə bir addım atmaq heç mümkün-dürmü?

Yerigəlmişkən, qeyd edim ki, Bakı şəhərində sənədsiz tikilmiş evlərin sayı yüzminlərlədir, bəs quşun səkməsinə belə reaksiya verən icra hakimiyyətləri, polis sahə rəisləri bu qədər binaların sənədsiz tikilməsinə necə göz yumublar?!

Bunun səbəbini 7-dən 70-ə hər kəs yaxşı bildiyi halda, hökumətimiz lazımı tədbir görməyə və asan qazanc mənbəyi olan bu tikililərin qarşısının alınmasına hələ də lüzum görmür, əksinə, bu prosesin məmurlar üçün qazanc mənbəyi kimi davam etməsinə imkan verilməsinin zərirliyini düşünür!

Sonda ölkədə rüşvət torunun sarmaşıq kimi, bütün sahələri əhatə etməsinin tək bir səbəbi olduğunu söyləmək zorundayam:- Milli acizlik!!! Bəli, millət öz haqqını, hüququnu tələb etmədikcə, rüşvətxorlarla mübarizə aparmaq əvəzinə, onlarla sövdələşməyə razılaşdığına görə, bu Aciz milləti və ölkəni tək ölkə Prezidentinin köməyi ilə rüşvətxorluq bəlasından xilas etmək mümkün olmayacaq!

Hamınıza rüşvətsiz yaşamaq arzusu ilə...

0.17829585075378