Rüşvət və korrupsiya...

 

“Korona”nın sonu ölkəiçi virusun məhvindən keçir

 “Gün var, ömrə bərabər”. Bəli, koronaviruslu günlərimiz də sanki bir ömürdür ki, yaşadıq. Və hələ də yaşamaqdayıq. Əlbəttə, buna yaşamaq deyilərsə...

Mahiyyətinə görə ömrə bərabər, özü də çox çətin, məşəqqətli, təhlükəli, əzab-əziyyətli, yeknəsək, ümidsiz bir ömrü xatırladan son aylarda indiyədək görmədiyimiz günləri gördük. Özü də yaxşı deyil, əks mənada.

Koronavirusun ölkəmizdə varlığı rəsmi şəkildə elan edilən müddətdən üzübəri keçən ayların hərəsinin öz adı olsa da, onu az qala bir “ad-soyad”da tanımışıq. Sanki təbiətin ən gözəl yaz ayları, hazırda yaşadığımız yay ayının özünəməxsus adları yoxmuş, onun mahiyyəti bunda imiş - koronavirus dönəmində.

Həmin dönəmin ilk mərhələsini pis-yaxşı, birtəhər keçmişik. Kimisi o mərhələni dəhşətlə, qorxu-həyəcanla, panik vəziyyətdə, kimisi hissiz-duyğusuz, laübalı, aşırı laqeydliklə, kimisi də məsuliyyətsizcəsinə, təhlükənin ağırlıq dərəcəsini nəzərə almadan inamsız bir vəziyyətdə keçirib. Virusun təhlükəsini xarakterinə uyğun daha çox şiddətləndirənlərlə onu fəsadını heçə sayanlar da oldu bu müddətdə. Təbii, bu vəziyyət qəbuledilən olmasa da, reallıq idi. Televiziya kanallarında, internet portallarında, bir sözlə, istənilən KİV, sayt, sosial şəbəkələrdə, gündəlik, ümumi statistikada verilən məlumatlar, xəbərlər əhalinin bir qismini qorxuya, həyəcana saldı, onlarda qeyri-təbii xof yaratdı. Bəzi hallarda isə insanlar bu xəbərlərə, koronavirus təhlükəsinə laqeyd, məsuliyyətsiz yanaşdı. Bu yanaşmanı da fərdilikdən çıxararaq, cəmiyyətdə yayaraq təhlükənin özü qədər iş gördü. Bu fəaliyyətin bariz nümunəsi də hazırkı vəziyyət, artan statistika, verilən qurbanlardır.

Lakin koronaviruslu günlərimizdə, ömrümüzdən-günümüzdən keçən günlərdə birbaşa əhalini günahkar saymaq olmaz. Bu, əslində, yolverilən də deyil.

Yaddan çıxmamış, bir məqamı da deyim. Nədənsə, əhali qrupu deyiləndə, orda hökumət, məmur ordusunu təmsil edənlər xatırlanmır. Sözsüz, bu, tamam başqa bir mövzudur ki, hamıya məlum. Lakin koronavirusdan, onun təhlükəsindən, varlığına yaradılan inamdan söhbət gedirsə, burda vəzifəsi olan hər bir şəxsin məsuliyyəti yada düşür. Çünki məsələ birbaşa və qeyd-şərtsiz əlaqədar qurumlarda çalışanların üzərindədir. Ki, mövcud vəziyyətlə bağlı əhalidə, cəmiyyətdə düzgün fikir yaratmaq, onları inandırmaq, təhlükəyə qarşı mübarizə tədbirlərinə yekdilliklə qoşmaq üçün ilk ünvan məsuliyyət yiyələridir.

Lakin onların özləri barədə cəmiyyətdə illərlə, az qala onillərlə yaratdığı obrazdan indi qeyri nəticəni gözləməyinə də dəyməz. Məsul vəzifədə oturdulanların əməldə məsuliyyətsiz davranışları xalqda onlara inam və hörmət qoymayıb. O “hörmət” yiyələrinin, əməlləri yalnız çıxışlarında görünənlərin hazırda dediyi sözə, verdiyi məsləhətə, etdiyi xəbərdarlığa kimsə inanmır. Personasına inam olmayanların sözünəmi kimsə inanacaq, göstərdiyi yollamı gediləcək, dediyinəmi əməl ediləcək?!

Bəli, ta qədimdən ənənəsi qoyulan, hətta klassik poeziyamızda da adı keçən o daşlaşmış məfhum, onsuz salamlaşmağın belə, əhəmiyyətsiz sayıldığı dövrdən indiyədək yol ala bilib. O gün-bu gün, ölkədə hər nə varsa, ibtidai formada rüşvətlə, ali həddə isə korrupsiyayla bağlı olub. Və təəssüf ki, binəva xalq rüşvət və korrupsiya dolu bir cəmiyyətdə illərdir yaşamağa məhkumdur. Eyni zamanda, inamı qalmadığı vəzifə sahiblərinin dediyinə əməl etməlidir. Yoxsa, mövcud təhlükənin daha da artmasının ilk günahkarı, son baiskarı elə özü olacaq.

Hazırkı məqamda birtərəfli formada təbliğat aparmaq ümumi işin ziyanına olar. Ziyan da birbaşa insan faktoruyla bağlıdır, zatən. O mənada, mövcud təhlükənin miqyasını, qloballığını nəzərə alaraq, günahı bir tərəfin üzərinə atmaq yaramaz. Təhlükə anında məsuliyyət yiyələri yada düşür. Necə ki insan həyatına təhlükə yarananda köməyə ilk olaraq təcili yardım çağrılır, onu bu hala salanla hesablaşmaq sonraya saxlanılır...

Biz məsuliyyətimizdən dolayı, maarifləndirici, araşdırıcı missiyamızı, vəzifə və öhdəliyimizi bazisdən, yəni əhali qrupundan başladıq. Necə deyərlər, sadədən-mürəkkəbə. Üstqurumda olanların, onlara hər zaman ehtiyac duyulanların məsuliyyəti isə hazırda heç vaxt olmayan həddə vacibdir. İşə, vəzifəyə təyin olunublarsa, məsuliyyətlərini də bilməli və nəhayət ki, yerinə yetirməlidirlər. ...Mümkünsüz heç nə yoxdur dünyada. Bu ölkədə rüşvətsiz və korrupsiyasız bir sistem qurmaq da mümkünsüz deyil. Bütün təhlükələr bu məfhumların varlığından başlayırsa, hazırkı təhlükədən sovuşmaq üçün öncə onları məhv etmək lazımdır. Yetərli bir sistemi yaradanların sözünə onda bəlkə qulaq asan da, əməl edən də olar.

Əsas olan mövcud vəziyyətdən, virusdan qurtulmaq, can qurtarmaqdırsa, öncə ölkəiçi təhlükəni məhv etmək lazımdır. Kənardan gələn təhlükənin qarşısını almaq üçün ən zəruri mübarizə tədbiri də elə budur - rüşvət və korrupsiya ilə məsafə saxlamaq, özünü və yaxınlarını ondan təcrid etmək.

Belə bir cəmiyyətdə tərəflərin məsuliyyət və inam yükü də mümkün olacaq. Mümkünsüz heç nə yoxdur axı, təki ona istək olsun.

 Nigar Orucova 

0.25420498847961