Kasıb can hayında, məmur pul yığır...

 

Mirzə Ələkbər Sabirin personajları çoxalıb

 Məni qınamayın, deyəsən dünyanın sonu gəlib. COVİD-19 pandemiyası onsuz da fani dünyanı fanidən də fani elədi. Vəzifə kürsüsündə əyləşib rüşvət üçün min cür sifətə düşən, sifətdən sifətə düşdükcə də insanlığını itirən bir çoxlarına yazığım gəlir. Çalış, vuruş, ona yalan danış, buna kələk- fırıldaq gəl, yazığın, fağırın malına göz dik, axırı da bu!? Korifey sənətkarımız S.Aslan demiş, ə, nooolsun?! Yəni axırı qara torpaq olan bu dünyada bu qədər zülmə-zillətə qatlaşmağın, özünü kola-kosa vurmağın sonu gəlib qəbirsanlıqda qurtarırsa, bunca özünə qəsd etməyin mənası nədir?! Əlbəttə, mənası ağılsızlıqdan başqa bir şey deyil, qaqa!..

Amma dünyanın sonu barədə məlumatları olsa da, yenə də köhnə pis vərdişdən əl çəkmək çox çətin gəlir bəzilərinə!...

İki-üç gün bundan öncə sosial şəbəkələrdə və bəzi papaqaldıqaç oynayıb, yalan uyduran saytlarda İradə Gülməmmədovanın başçı işlədiyi Abşeron rayon icra hakimiyyətində Baş Prokurorluğun əməliyyat keçirməsi barədə xəbər yayıldı və bu xəbəri oxuyan hər kəs xəbərin doğruluğuna varmadan “nəhayət, axır ki, deyilənlər doğru çıxdı” deyib, canı boğazına yığıilmış adamlar dərindən nəfəs aldı... Lakin ertəsi gün rüşvətxorluğunun səsi-sədası ölkəni bürümüş İradə Gülməmmədova və müavinlərinin iş otağında kresloda əyləşdikləri barədə təkzib xəbəri gələndə millətin mat-qutu qurudu!.. Hərçənd üstündən bir sutka keçəndən sonra həbs xəbəri Baş Prokrorluq səviyyəsində təsdiqləndi.

Bəli! Burası Azərbaycan, qardaşım, dinlə məni, eşitdiyin hər sözə, oxuduğun hər xəbərə dərhal inanmağa son qoy, əfəndim! Bir ay bundan qabaq da Dövlət Sərhəd Xidmətində əməliyyat keçirildi və “adlı-sanlı” generallar həbs olundu, hətta xidmətin rəisi Elçin Quliyevin vəzifədən çıxarılacağı barədə söz-söhbət də yayıldı!.. Amma sonu nə oldu, qardaşım?! Sonu o, oldu ki, xalqın dediyi, düşündüyü bir tərəfdə qaldı, Elçin müəllim isə, hələ də öz kreslosunda əyləşib, “ gedər ay qız, bu gözəllik sənə də qalmaz,” mahnısını dodaqaltı zümzümə edə-edə öz işindədir!..

Ona görə də Azərbaycanı başqa dövlətlərlə qarışıq salmayın, dostlar, bura başqa yerdir, Yavər!.. Bax. bu ölkədə qayda-qanun saat kimi işləyir, amma bəzilərinin gözü ölkəmizin bu qədər ölçülü-biçili, mizan-tərəzili, ağsaqqallı-ağbirçəkli, qohm-əqrabalı, məsləhət-məşvərətlə idarə olunmasına qısqanclıqla yanaşırlar!..

Deputat Elman Nəsirov demişkən, biz qeyri-adi hərəkətlərimizlə erməni kimi rəzil düşməni elə günə salmışıq ki, hətta Ermənistanın baş naziri N. Paşinyan may ayının 21-də Şuşaya andiçmə mərasiminə qısıla-qısıla gəldi, çaldı-oynadı, yedi-içdi, Qarabağdan Ermənistana çəkilən üçüncü yolun çəkilişinə sürünə-sürünə baxdı, sonra da əyilə-əyilə gəldiyi maşına mindi və qaçıb getdi, görmədiniz?!..

Bizim məmurlarımız çox tədbirlidirlər, o qədər uzaqgörəndirlər ki, dünyanın fani olduğunu bilsələr də, vaxtı hədər yerə sərf etmirlər, hətta koronavirus gəlib boğazından yapışsa belə, yalnız qazanc barədə düşünürlər, ölüm barədə qəti düşünmürlər. Çünki yaxşı bilirlər ki, əzrayıl da bu ölkədəki pullu adamlara dəymir, bir sumka pul verirlər, uzun ömürlülük qəbzi alırlar və kef içində yaşayırlar, qoy, kasıbın canı çıxsın, ölsün!.. Onsuz da bu ölkədə kasıb çörək tapa bilmirsə, qaz, işıq, bazar-dükan hamısı od tutub yanırsa, kasıbın yaşamağa imkanı yoxdursa, “kasıb niyə yaşamalıdır ki?”- deyir məmurlar!..

Bizdə belədir, məmurlar səhərdən axşama qədər qazanc axtarıb tapırlar və kef içində yaşayırlar, kasıblar isə tənbəlliklərinin ucbatından acından ölürlər, çünki qazanmağı bacarmırlar, qağa, gərək qazanmağı bacarasan, bildin?!...

 Səkinə Mehtiyeva

0.19235491752625