Virusun məğlubiyyəti mümkün ...

 

75 il sonra da o qələbəni xatırlamaq naminə

 Başkəndimizin adını, şərəfini uca tutmaq hamının mənəvi borcu olmalıdır. Çünki ən azından, ölkənin adı birbaşa onun paytaxtıyla ifadə olunur. Detallara varmadan konkret olaraq deyə bilərik ki, bu gün dünyada Azərbaycanı ilk olaraq neftinə görə tanıyırlar. Yerdə qalan və daha “cavan” sahələrin ölkəmizi tanıtması üçün hələ uzun zamana ehtiyac var. Lakin neçə onillik öncə, Böyük Vətən Müharibəsində Bakının Hitler Almaniyası üçün nə demək olduğunu, faşizm ölkəsinin paytaxtımızı hansı perspektivdə görməsini uzun-uzadı izah etməyə də ehtiyac yoxdur. Fəqət təkcə almanlar deyil, Azərbaycana göz dikənlərin hamısı üçün paytaxtımız iqtisadi, geosiyasi və istənilən anlamda qiymətli, böyük perspektivi olan bir məkan hesab edilib. Bir sözlə, istər müxtəlif əsrlərin inqilablar və cümhuriyyət dövründə, yaxud da II dünya müharibəsi illərində Bakının adı əsas strateji obyekt kimi hallanıb. Xatırlayanlar bilir ki, hətta Hitlerin o zamanlar Bakını alman məskəninə çevirmək planı da mövcud olub. O, Bakının timsalında bütün Qafqaz neftini ələ keçirmək niyyəti güdüb. Nəticə də o olacaqdı ki, Bakı imperiyanın əsas bir vilayətinə çevriləcəkdi...

Bu planın görünməyən tərəfləri də vardı. Belə ki, II dünya müharibəsində 60-dan çox dövlət iştirak edirdi və bu istiqamətdə əsas faktor sovetlərin müharibədəki rolu və iştirakı idi. Bəs cəbhədəki qələbələrin qazanılmasında əsas olan nə idi?! Əlbəttə ki Bakı nefti. Çoxlarına məlumdur ki, o zaman müharibədəki əsas uğurların simvolu məhz o olub - sovet hərbi təyyarələrini benzinlə 90 faiz hesabıyla təmin edən Bakı nefti.

Ümumiyyətlə, ittifaqın müharibədə sərf etdiyi neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bir sözlə, Bakı o dövrdə ittifaq iqtisadiyyatının əsas neft və yanacaq mənbəyi idi...

Xatırlatmaq yerinə düşərsə, mübaliğəsiz, konkret fakt kimi qeyd etməliyik ki, 1941-1945-ci illərdə Azərbaycan ittifaqa 75 milyon ton neft, 22 milyon ton benzin göndərməyə nail olmuşdu...

Amma təkcə neft və neft məhsullarının prestiji deyildi Bakını o illərdə diqqətdə saxlayan. Hitler üçün dünyanı fəth etmək yolunda əsas vasitə məhz Bakı idi. Çünki hələ keçən əsrin əvvəllərində alman sənayeçiləri, generalları, deputatları və bankirləri memorandum imzalayaraq Yaxın Şərq ölkələrinə, Qafqaza və Hindistana yürüş planı düşünürdülər. Qafqazı Orta Asiya, Həştərxan və İranla birləşdirən isə Xəzər su yolu idi. Hitler Bakını tutmaqla Mesopotomiya və Ərəbistana gedən ən təhlükəsiz yolları ələ keçirmək, Qafqaz dağlarından Zaqafqaziyaya, İrana çıxmaq, İran-İraq sərhədlərini ələ keçirmək niyyətindəydi. Ən sadə məntiqlə, Qafqazı ələ keçirmək, Bakı neftinə sahib olmaq başqa cəbhələrdə qələbəni labüd edirdi. Faşistlərin təbliğat “ruporu” qismində çıxış edən Göbbelsin nəzərində isə Bakı neftinə sahib olmaq, müharibədəki qələbəyə bərabər idi...

 ...İsti iyun günlərində, 75 il öncə cəbhəyə 681 min nəfər azərbaycanlı yollamış (onun 10 min nəfəri qadın idi.N.O) Bakı, onlardan 130 nəfərdən çoxunun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinin qürurunu yaşamışdı. Və dünyaya şərəf dolu tarixini təqdim edə bilmişdi.

İndi o günlərdən neçə onillik keçəndən sonra Bakıda yenə də təlatüm yaşanır. Lakin dünyanı cənginə alan təbəddülatlara bu dəfə fərqli prizmadan yanaşmaq gərəkir. Bəlli, söhbət məlum pandemiyadan və ona qarşı kütləvi mübarizədən gedir.

Bəli, 75 il öncə, isti iyun günlərində başlanan müharibədə itkilərimiz çox oldu. Lakin möhtəşəm qələbəylə həmin itkilərin baiskarı olan faşizmə ən layiqli cavab verildi. Bu dəfə də hamımızdan eyni nəticə gözlənilir. Dünyanı fəth etmək iddiasında olan faşizmdən mahiyyətcə geri qalmayan öldürücü virusun üzərində qələbə qazanmaq da, prinsipcə, mümkünsüz deyil. Böyük bir savaşdan keçən, öz neftiylə qələbənin qazanılmasına imza atan Bakı, bu gün də həmin təcrübəni təkrar edə bilər.

Virusa qarşı mübarizə tədbirləri çərçivəsində həmrəy olmaq, vəzifə, status, təbəqə fərqi bilmədən “çəkici eyni zindana vurmaq” yetər. Bir 75 il sonra bu qələbədə də payımızın olmasını xatırlamaq, dünyaya xatırlatmaq, bir sözlə, var olmaq, yaşamaq xatirinə...

 Nigar Orucova 

0.24182319641113