Qəhrəman polkovnikə xuliqanlıq damğası yaraşmır!

 

Qadir Vəlişov: "Yüz Qadir kimi oğul qurban olsun bu Vətənə!"

 Ötən həftə sonu internet portallarından xəbər tutdum ki, istefadə olan polkovnik, Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən Qadir Vəlişov xuliqanlıq maddəsi ilə həbs edilib. Xatırladım ki, Qadir Vəlişovun döyüş yolunu bəzəyən ən parlaq elementlər Lələtəpə və Talış kəndi istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətidir. Bununla yanaşı, polkovnik iki dəfə ağır yaralanıb, müalicə və reabilitasiya keçdikdən sonra yenidən hərbi xidmətə qayıdıb. Aprel döyüşlərində aldığı yaranın sağalması və bərpa müddəti səkkiz ay çəkib. Belə bir döyüş yolu keçən, Vətən yolunda canını qoyan peşəkar döyüşçünün qurama ittahamlarla, kiminsə sifarişi əsasında xuliqanlıq maddəsi ilə həbs edilməsi rüsvayçılıqdır. Mən bu sətirləri yazarkən eşitdim ki, Qadir Vəlişov prokurorluğun tələbi ilə həbsdən azad edilib. İlkin məlumatlara görə prokurorluq polkovnikə qarşı irəli sürülən ittihamın qurama olduğunu ifşa edib və bununla da o, azadlığa buraxılıb.

Lakin məsələnin mahiyyəti dəyişmir, Qadir kimi şərəfli döyüş yolu keçən zabitlər Azərbaycan xalqının dəyərləridir, şərəfidir. İstənilən vətəndaş və ya hüquq-mühafizə orqanı bu şərəfi, dəyəri daşıyan insanları ittiham edərkən, kimi ittiham etdiyinin fərqində olmalıdır. Heç bir faktla təsdiqlənməyən məlumatlara görə, Qadir Vəlişovun şərlənərək həbs edilməsi üçün doğma qardaşı, 81 saylı Beyləqan Dairə Seçki Komissiyasının sədri Zakir Vəlişov 100 min manat xərc çəkib. İndi dövlət başçısının nəzarəti ilə məsələ araşdırılmalıdır ki, Z. Vəlişov bu pulları kimə verib, hansı hüquq-mühafizə orqanları ilə cinayət əlaqəsinə girib?.

Beyləqan rayonunun Kəbirli kənd sakinlərinin verdiyi məlumata görə, 13 ha. torpaq üzərində olan heyvandarlıq ferması Vəlişov qardaşlarının şərikli mülküdür. Bu ilin yayında müəyyən səbəblər üzündən Qadir özünə aid payın ayrılıb ona verilməsi təşəbbüsündə bulunub. Lakin Z.Vəlişov qardaşı Qadirə fermadan heç bir pay düşmədiyini bildirib. Təbii ki, Qadir də bununla razılaşmayıb, düşən payın ayrılıb ona verilməsində israr edib. Vəziyyəti belə görən Zakir qardaşı Qadirə söz verib ki, nəyin bahasına olursa-olsun səni həbs etdirəcəm. Söz verib, sonra da əməl edib - sən kim olursan ol, istər lap Milli Qəhrəman ol, dəxli yoxdu, səni barmaqlıqlar arxasına atdırmaq çox sadədir. Bu, sadəcə, biabırçılıqdı, Vətən yolunda canından keçən bir döyüşçünün haqqını qardaşından alıb özünə vermək əvəzinə, hüquq-mühafizə orqanları rüşvət alıb, onun özünü həbsxana divarları arasına atıb.

Yadımdaı, məşhur "Aprel döyüşlər"ində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Qadir Vəlişov kürəyindən elə bir yara almışdı ki, biz onun həyatda qalacağına şübhə edirdik - kürək sümüyü parçalanaraq sıradan çıxmışdı. Polkovnik (o vaxt deyəsən, polkovnik rütbəsi almamışdı) hamımızın üzüldüyünü görüb dedi: "Yüz Qadir kimi oğul qurban olsun bu Vətənə!". Amma Allahın köməyi, hökumətin himayəsi ilə Qadir sağaldı və yenidən Azərbaycan Ordusunda xidmətini davam etdirdi.

Çox maraqlıdır ki, məsələ ictimailəşəndən sonra məlum olub ki, Beyləqan Rayon İcra Hakimiyyətinin sözçüləri bütün Azərbaycanın tanıdığı, dövlət başçısının qəbul edərək şəxsən mükafatlandırdığı qəhrəman zabiti tanımırlar.

Beyləqan Rayon Polis Şöbəsi isə qardaşlar arasında yarım ilə yaxındır ki, davam edən mülk mübahisəsini bir kənara qoyub, qardaşlara çobanlıq edən ailənin şikayətini araşdırır. Birincisi, Qadir informasiyada göstərilən şəxsləri öz evindən deyil, onun da şərik olduğu mülkdən çıxarıb. İkincisi, Qadir Vəlişov bu vaxta qədər ona düşən mülkün yağmalandığı barədə sözügedən quruma şikayətlər ünvanlayıb. Nədən RPŞ Qadir Vəlişovun əvvəl verdiyi şikayəti deyil, sonradan Zakir Vəlişovun sifarişi əsasında verilən şikayəti icra edib?

Bütün bunlar ölkə başçısı səviyyəsində nəzarətə götürülməli, iş ətraflı araşdırılmalı və ilk növbədə Qadir Vəlişovun haqqı bərpa edilməli - mülkdən ona düşən pay qardaşından alınıb özünə verilməlidir. Bunun ardınca isə Qadir Vəlişova tələ quran bütün vəzifəli şəxslər araşdırılaraq müəyyənləşdirilməli və Azərbaycan qanunvericiliyinə görə cəzalandırılmalıdır.

O ki qaldı Qadirin qardaşı Vəlişov Zakir Saday oğluna, o da hərbçi olub, uzun müddət Füzuli istiqamətində hərbi hissə komandiri işləyib. Qadirdən fərqli olaraq Zakir Vətən uğrunda döyüşlərdə fəal iştirak etməyib, haqqında bir neçə dəfə müxtəlif xarakterli cinayət işləri açılıb. Lakin sonradan naməlum səbəblərdən həmin cinayət işlərinə xitam verilib. Sonuncu cinayət işinə xitam verildikdən sonra isə zorən istefaya göndərilib.

Yaxın zamanlarda istefada olan polkovnik Zakir Vəlişovun keçdiyi döyüş və bu yolda baş verən tükürpədici cinayətlər barədə araşdırma yazımı diqqətinizə çatdırmağa çalışacağam. Bu şəxs barədə məlumatı olanlardan da redaksiyamıza müraciət etmələrini xahiş edirik.

 Akif Nəsirli

0.25663709640503