Şiddətdən deyil, şəfqətdən güc almaq...

 

İşgəncə və şiddət sivil cəmiyyətlərdə yaxşı qarşılanmayan hərəkət hesab edilir, hamımız bilirik. Həmçinin, bu sözlərin mənası müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşlarına çox yaxşı tanışdır. Bilirik, erməni vandalizmi çeynənmiş bir ifadədir - zatən, ona başqa ad vermək də mümkün deyil -, lakin onun qurbanı olan, soyqırıma məruz qalan azərbaycanlılar üçün işğəncə və qətliamların hansı anlam daşıdığının da geniş izaha ehtiyacı yoxdur. Hər şeyin bir sonu olur, əlbət, soydaşlarımıza qarşı o işgəncələri həyata keçirənlər, soyqırım törədənlər də ən azından tarix və insanlıq qarşısında cavab verəcəklər. Yaradan və vicdan qarşısında cavabdehliyin nə demək olduğunu isə adına şüurlu varlıq deyilənin hamısı anlamalıdır.

Fəqət işğalın gətirdiyi fəlakətlər, ondan doğan müdhiş nəticə hələ də yaddaşlardan silinməyib. Amansız şiddətin, qandonduran soyqırımın, faciələrin insanların ürəyinə çəkdiyi dağın yeri heç vaxt sağalmayacaq da. Bütün bunlar azmış kimi, bugünümüzdə davam edən şiddət səhnələrini müharibədən çıxan bir ölkənin vətəndaşlarına, öz millətimizə, xalqımıza, soydaşlarımıza heç bir vəchlə yaraşdıra bilmərik. Lakin etiraf edək ki, bu mənfi halı, daha doğrusu, belə vəziyyətləri öz məmləkətimizin insanlarına, özü də “zəif cins” adlandırdığımız qadınlara, ən köməksiz varlıq olan uşaqlara da rəva görürük.

Tarixən Azərbaycan qadınının ailədən başlayaraq, cəmiyyətədək böyük və sarsılmaz mövqeyi, yüksək dəyəri olub. Nədənsə, bu mənada qadına ötənlərdə daha böyük hörmət nümayiş etdirilib. Elə keçmiş zamanlarda qadına qarşı şiddətin kütləvi xarakterdə olması faktları da az olub. Yəni olsa da, şiddətin sonu qətlədək, ölüb-öldürməyədək gedib çıxmayıb.

Hazırda isə ailədaxili münaqişələrin qadını şikəst etməyə, öldürməyə qədər gedib çıxan acı nəticələri bu problemin artıq pik nöqtəyə çatdığını göstərir. Bu problem bir ailənin çərçivəsindən kənara çıxaraq ümummilli faciə xarakteri daşıyır. Ona görə də sözügedən problemin müzakirəsi, həll yolunun tapılması günümüzün əsas prioritetlərindən biridir.

Bu problem təcili həll olunmasa, şiddətin qurbanı olan qadınlardan hər mənada sağlam cəmiyyət gözləmək absurddur. Bundan başqa, məişət zorakılığı, ailədaxili şiddət içində yaşayan, belə münasibətlərdən müsbət nələrsə görüb-götürməyən uşaqlar heç vaxt hərtərəfli, yetkin insan, sonunda vətəndaş kimi yetişə bilməz.

Şiddət deyərkən, bu mənfi ifadəyə təkcə fiziki deyil, mənəvi məqamları da aid etmək lazımdır. Misal üçün, dünyagörüş mənasında o qədər də uzaqgörən olmayan ailələrdə bu gün qız uşaqlarının təhsil almasına ciddi fikir verilmir. Belə ailələrdə dünyaya gələn, böyüyən qız uşaqlarına gələcəyin evdar qadını, uzaqbaşı, öz evi-ailəsi, övladları olan, məhdud çərçivəli bir varlıq kimi ögey münasibət sərgilənir. Lakin yaddan çıxarılır ki, belə ailələr cəmiyyətin inkişafı üçün yaxşı heç nə vəd etmir, onsuz da istənilən qadın öz ailəsi, bu, olmasa da, ən azından özü üçün ən yaxşı evdarlıq missiyasını həyata keçirmək iqtidarındadır. Ona uşaqlıqdan başlayaraq şəxsiyyət kimi münasibət göstərmək, gələcəyin təhsilli, geniş dünyagörüşlü bir insanı olaraq yetişdirməyə layiq olmaq bəlkə də, dünyanın ən böyük, şərəfli bir vəzifəsidir.

Bu vəzifənin sahibi olmayan ailələrdə isə qız uşaqları aşağılanmış, yaxud da, anaları şiddətə məruz qalmış bir vəziyyətdə böyüməkdədir. Əlbəttə, ona hərfi mənada böyümək deyilərsə. Ailədaxili münaqişələr içində yaşayan, fiziki mənada boy atsa da, mənəvi-psixoloji baxımdan cılız, sısqa qalan bu uşaqlardan gələcəyin dolğun cəmiyyət xülyasının özü öncədən qeyb olmuş həddədir.

Biz ona şiddət deyirik, lakin bəzi ailələrdə bu münasibət göstərənlər “döymürük, söymürük” deyə, özlərini mənasızcasına sığortalamaq istəyirlər. Hansısa bir qızın oxumaq, təhsil almaq arzusunun qarşısının alınması, onu korazehin, məhdud çərçivədə saxlamaq elə şiddətin ən ağır formalarından biridir. Çünki, döyüldün, söyüldün, qətlə yetirildin, ya da, təhsil almadın, dünyagörüşün, bununla bahəm hüquqlarından xəbərin olmadı, bu minvalla özünü və səndən yaranacaq bir cəmiyyəti kor, kar qoydun, hamısı eynidir. Deməli, fiziki şiddətlə mənəvi-psixoloji zorakılığı ayıran sərhəd çoxdan darmadağın olub. Onların vəhdətindən əziyyət çəkənlər də bugünümüzün ailədaxili münaqişə qurbanları timsalında hər gün qaynar xəbərlərin əvvəlində, ortasında, sonunda, ümumilikdə, gündəmin mərkəzindədir. Normal ailələrdən yaranan sivil cəmiyyət qurmaq, özümüzü belə bir prestijə layiq görmək istəyiriksə, bunu şiddətsiz-filansız da gerçəkləşdirmək olar. Yetər ki, ona istək və böyük ürək olsun. Hər halda, insan adlanırıqsa, şiddətdən deyil, insanlıqdan, ona şəfqətdən güc almalıyıq.

 Nigar Vaqifqızı

0.17669200897217