Ölkənin xidmət sektoru hansı vəziyyətdədir?

 

Pozitiv məsələlərdən yazmaq üçün gərək onun mahiyyətinə uyğun məqamlar olsun. Bu mənada, bütövlükdə müsbət tendensiyalardan ağızdolusu danışmaq üçün deyəsən, xeyli müddət gözləməli olacağıq. Doğrudur, deyirlər, “ümid sonda ölür”. Amma nədən arzulara vaxtında çatmaq üçün bir ömür boyu gözləmə mövqeyində qalmaq, bütöv bir həyatı ümidlə keçirmək, ümidlə “səhər yeməyi”, günorta nahar, axşam şam yeməyi etmək lazımdır?

Bir ömrü məncə, ümidlə deyil, səbrlə yaşamaq daha vacibdir. Səbrin sonunun nə ilə bitəcəyi, onun mükafatı bizdən asılı deyil. Özümüzdən asılı olan və olmayan səbəblərə görə isə hər birimiz ümid edirik nəticənin mütləq yaxşı olacağına. Ona görə də hər məsələnin mütləq müsbət sonluğunu görürük, lazım oldu-olmadı, ümid edirik, o vaxta qədər ki, son yaxınlaşır və müsbət gözləntilərin gözlənilməyən vaxtda mənfiyə dəyişimi ümidin axırına çıxır.

Bizim də hələlik ölkənin bir çox qurumlarının öz işinin peşəkarı olmasına gözləntimiz var. Və çoxları da onun mütləq müsbət sonluğuna ümid edir. Fəqət ümid edənlərin içində səbr edənlərin də olması məlum məsələdir. Boşuna ümidlə gözləməkdənsə, hansısa bir işin qulpundan yapışıb səbrlə onun mütləq bir nəticə verəcəyini düşünməkdə və gözləməkdədirlər...

Elə cəmiyyət üzvləri də gözləməkdədir. Birbaşa gündəlik həyat tərzinə, yaşam şərtlərinə daxil olan məqamlara səbr, təmkin nümayiş etdirərək, sonun necə olacağına tamaşa edirlər. Fəqət bu tamaşaçılıq birbaşa həyat səhnəsində olduğundan, onlar da hansısa mənada, oyunçulardan biridirlər. Bu mənada, baş verənlərdə təkcə seyrçi deyil, iştirakçı missiyası da daşıyırlar.

Gələk, yazımızın məqsədinə. Deməli, ölkənin xidmət sektoruun hansı vəziyyətdə olmasından danışırıqsa, deməli, orda vəziyyət bütövlükdə müsbət deyil. İstənilən sektorda çatışmazlıqlar mövcuddur, bunu heç kim dana bilməz. Lakin ölkənin xidmət sektorunda vəziyyət daha acınacaqlıdır. Sadəcə bir misal, hansısa bir supermarketdə alıcıya məhsulu paketlənmədən təqdim edirlərsə, necə deyərlər, pendiri suyu dama-dama, toyuğun paketindən görünən qanadından tutub, yağ parçasını öz kağızında, yəni bu məhsulun heç birini əlavə sellofon torbaya qoymadan soyuducu-vitrinin o üzündən alıcıya “təqdim” edirlərsə, bizdə hələlik xidmət mədəniyyətinin olmadığını deməyə məcburuq. Belə hallara mütəmadi rast gələn şəxs kimi, satıcıların marketdə niyə tez-tez dəyişdirilməsinin səbəbini anlamaq olur. Maraqldır ki, insanların bəzisi belə hallara etirazını bildirib satıcılardan elmentar xidmət mədəniyyəti tələb etsə də, bəzisi heç nə olmamış kimi, soyuducu-vitrindən onlara təqdim edilən, paketlənməmiş məhsulları alıb marketin arabalarına atır, kassaya yaxınlaşır, yaş məhsuldan sızan suyu, yapışqan mayeni növbədə dayananların məhsullarına batırmaqdan da xəcalət çəkmirlər. Kassirlərin narazı baxışları da onlara təsir etmir, gözlərinin qarşısında satıcı-kassirlərin kassa stolunun üstünü təmizləməsinə, adamların qınayıcı atmacalarına da dözüm nümayiş etdirirlər. Nə bilmək olar, bəlkə elə bu tip alıcıya da xidmət mədəniyyətindən xəbəri olmayan satıcı yaraşır?!

Supermarketlərdə digər çatışmazlıqdan biri də alıcı çoxluğuna rəğmən, satıcı qıtlığıdır. Hazırda əksər iri marketlərdə özünəxidmət forması mövcud olsa da, elə məqamlar yaranır ki, mütləq satıcının müdaxiləsi gərəkir. Bu yaxında, supermarketlərdən birində çox yaşlı bir qadın hay-küy salaraq evə alıb apardığı şokoladın köhnə olduğundan şikayətlənirdi. Şirniyyat və qənnadı şöbəsində satıcı tapılmadığından, administrator işə qarışdı və qadının şikayətini yerindəcə həll etdilər. Yəni onun aldığı köhnə məhsulu geri alıb əvəzində istehsal tarixi təzə olan şokolad verdilər. Lakin bütün bunların hamısı satıcısız baş verdi, çünki satıcı hara getmişdisə, onu tapa bilmədilər və məhsulu alıcıya “yeni” adıyla məsləhət görən işçi bu yolla məsuliyyətdən yaxasını qurtara bildi. Maraqlıdır, marketlərdə xidmət personalı çatışmırsa, azsaylı satıcılar lazım olanda yoxa çıxırsa, yaxud, xidməti elementar səviyyədə yerinə yetirə bilmirsə, onun bazar rəqabətinə davam gətirəcəyinə ümid etmək olarmı?

... Ölkənin xidmət sektorundakı vəziyyəti ən sadə bir variantda, gündəlik həyatımızda müraciət etdiyimiz supermarketin timsalında təqdim etdik. Lakin bu misal yeganə deyil, istənilən sektora müraciət etsək, mütləq onun xidmət səviyyəsinin standartlardan çox kənarda olduğunu görə bilərik.

Biz istəyirik ki, istənilən sahəni dünyada tanıdaq, lakin onun üçün öncə xidmət sektorundan başlamaq lazımdır. Necə deyərlər, təqdimatı necə görəcəklərsə, bizi də eləcə tanıyacaqlar. Hələlik, elə sahələr var ki, onlar yenicə təşəkkül tapır, yəni həmin sahələrin inkişafı, tərəqqisi, daha sonra gəlir gətirməsi üçün zaman və səbr lazımdır. Lakin elə sahələr də var ki, onların vəziyyətinin ürəkaçan olacağına gözlənilən ümid sonda ölmədi, çünki heç əvvəldən də yaranmamışdı...

Ölkənin xidmət sektorunun bərbad vəziyyətindən sözsüz ki, yazacağıq, haqqında bəhs etdiyimiz sadə misal hələ başlanğıcdır. Necə deyərlər, “bu, hələlik jurnaldır”, əsl kino isə qarşıdadır. Ekspertlər ölkənin xidmət sektorundan nə deyəcəklər, onu necə təqdim edəcəklər, səbr etmək gərək.

 Nigar Orucova 

0.15533399581909