Əli Kərimli ilə Arif Haclı niyə dalaşır?

 

Azərbaycanda islahat çox sürətlə gedir. Ölkə başdan ayağa qədər dəyişir və yenilənir. Cənab  prezidentin şəxsi iradəsilə keçirilən dərin islahat dövlətin bütün strukturlarını əhatə edir. Bu prosesdən ölkə parlamenti də kənarda qalmadı və beşinci çağırışda formalaşmış Milli Məclis buraxıldı, ölkədə növbədənkənar parlament seçkisi təyin olundu.

Seçkilər hər bir siyasi təşkilat üçün siyasi meydanın ən böyük hadisəsidir. Çünki, bütün siyasilər, bu seçkilərdə iştirak edib, xalqdan səs alıb, parlamentdə xalqı təmsil etməyə çalışır, tribuna, mandat qazanmaq üçün yarışa qoşulur və cəmiyyət aktivləşir. Siyasət meydanı qızışır. Müxalifətlə iqtidar arasında gedən mübarizə aktiv xarakter alır.

İndi Azərbaycanda bütün siyasi dairələr, nüfuzlu ictimai xadimlər seçki prosesinə qatılmağa hazırlaşır. Siyasi qüvvələrin seçkidən kənarda qalması o qədər də uğurlu gediş deyil və əksəriyyət tərəfindən qəbul olunmur. Bu, həm praktiki, həm də nəzəri baxımdan belədir. Əksəriyyət hazırkı seçki prosesində bu cür davranmağa üstünlük verir. Uzun illər saxta seçki keçirmək və yanlış idarəetmə nəticəsində zəifləmiş, Arif Hacılının başqanlığı dövründə isə tam “hörmətdən düşmüş”,  başqanın hikkəsi və ambisiyası nəticəsində zəifləmiş Müsavat Partiyası belə, iqtidardan çəkinməyərək, növbədənkənar seçkilərdə iştirak etmək barədə qərar verib. Mühacir alverində çempionluq qazandığına görə ciddi tənqidlərə hədəf olmasına baxmayaraq, həm siyasi baxımdan və həm də cəmiyyətlə vidalaşmamaq baxımın danpartiyanın seçkidə iştirak qərarı doğru qərardır. Müsavat Partiyası bu seçkilərdə nəticə etibarı ilə parlamentdə 1 mandat belə qazanarsa, onun indiki halında böyük uğuru sayıla bilər. Hətta mandat əldə edə bilməsələr də, prosesdə iştirak etmələri, xalqla müəyyən dərəcədə təmas qurmaları da siyasi baxımdan xal qazanmalarına, partiya üzvlərinin fəallaşmasına səbəb olacaq. Ən azı seçki prosesində təmasda, ünsiyyətdə olduqları insanlar hələ Müsavat Partiyasının yaşadığından xəbər tutacaq...

AXCP sədri Əli Kərimli və tərəfdarlarının deməyinə görə, növbədəkənar parlament seçkilərində iştirak etmək, “hakimiyyətə işləməkdir”. İndi müsavatçılarla cəbhəçilər arasında qırğın gedir, özü də nə qırğın, tərəflər ən ciddi mübarizə metodu sayılan təhqirdən istifadə etməkdən belə, çəkinmirlər. Hətta bir qədər əvvəl bir yerə toplaşıb birgə hərəkət etmək barədə qəbul etdikləri qərarı da nəzərə almadan döyüşürlər. Bu adamlar cəmi bir həftə əvvələdək deyirdilər ki, birgə mübarizə aparaq, vahid konsepsiya qəbul edək, əhd edib, peyman bağlamaq üçün Müsavat Partiyasının qərargahında iki dəfə dəyirmi masa keçirdilər. Ancaq seçki elan edilən kimi, qeyri-səmimilikləri göründü. Artıq sosial şəbəkələrdə davaları başlayıb, tozanaq qopub, bir-birini təhqir edir, söyürlər. Virtual məkanda xalq da tamaşaya yığışıb. Arif Hacılının dəstəsi deyir ki, biz seçkiyə gedirik, doğru yol budur. Əli Kərimli, sabiq hökumət məddahı, indiki alovlu müxalifətçi, sabah mandat versələr yenə hökumət adamı olacağı şübhə doğurmayan Gültəkin Hacıbəyli də az qala “seçkiləri boykot edirik” tipində açıqlama verir. Maraqlıdır ki, Müsavatla AXCP arasında başlayan davanı bu dəfə 9 il bundan əvvəl Müsavatın AXCP-ni təhqir etdiyi kimi, Gültəkin Hacıbəyli başlayıb. O, hətta iddia edir ki, Müsavat rəhbərliyi 197 nəfər mühacirə ölkədən getmək üçün saxta sənəd verdiyi üçün cinayət işi başlayacağından qorxaraq, seçkiyə gedir.

Çoxdan AXCP sədri Əli Kərimlini hər kəs siyasətçi kimi yox, siyasətbaz kimi tanıyır. Əgər çoxluq seçkilərə getməsəydi, Əli Kərimli mütləq sekiyə gedəcəkdi və deyəcəkdi ki, siz “hakimiyyətə şərait yaradırsınız”, amma mən isə seçkiyə gedirəm. Maraqlıdır ki, müsavatçılar, Arif Hacılı yenə öz köhnə şakərindən əl çəkmir. Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri ilə qırğına çıxmağa çox həvəslidir. Davanın tempindən hiss olunur ki, bu “müharibə” hələ çox uzun çəkəcək. Xalq seçkiyə gedir, özlərini ata, ana müxalifət adlandıran Müsavatla AXCP isə rinqə çıxıblar. Sonra da hər iki tərəf deyəcək ki, hakimiyyət bizi seçkidə iştirak etməyə qoymadı və biz parlamentdən kənarda mübarizə aparmağa üstünlük verəcəyik.

 Tahir Abbaslı

0.2033839225769