Hazırkı məmurlarla islahat aparmaq çətindir

 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Ölkədə islahatı normal aparan kadrlar azdır

 Ölkə Prezidenti dövlətin bütün strukturlarında dərin islahatlar aparır. Bu, olduqca vacib və təxirəsalınmaz prosesdir. Bununla belə, eyni zamanda, dövlətin bütün strukturlarında, yəni həm icra hakimiyyəti, həm qanunvericilik, həm də məhkəmə və hüquq-mühafizə orqanlarında islahat aparmaq heç də asan iş deyil. Bu islahatların əsas məqsədi ölkədə uzun müddətdir mövcud olan köhnə sistemi dəyişməkdən ibarətdir. Dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsindən bəllidir ki, köhnə sistemi yeni, daha müasir sistemlə əvəz etmək üçün, ilk növbədə siyasi iradə lazımdır və bu iradə ortadadır. İslahatın cəmiyyət tərəfindən qəbul olunması da mühüm şərtlərdəndir və müşahidələr təsdiq edir ki, cəmiyyət ölkə Prezidentinin həyata keçirdiyi radikal islahatları birmənalı olaraq dəstəkləyir.

İslahatların həyata keçirilməsində qarşıya qoyulan məqsədə daha tez nail olmaq üçün ən vacib şərt yeni qurulan sistemin yükünü çəkməyə qadir olan kadrların yetişdirilməsi və işə cəlb olunmasıdır. İslahat zamanı əvvəl qeyd etdiyim iki əsas şərtin - islahatların uğurla həyata keçirilməsi üçün siyasi iradənin olması və islahatların cəmiyyət tərəfindən müsbət qarşılanması - təmin olunduğu halda, islahatların qarşıya qoyulan məqsədə çatmasında prosesə cəlb olunan yeni nəsil kadrların rolu və fəaliyyəti, əslində, həlledicidir.

Burada SSRİ kimi "şər imperiyasını" quran və onu qələbəyə aparan İ. V. Stalinin "kadrlar hər şeyi həll edir" ifadəsini xatırlamaq yerinə düşür. Doğrudur, bu ifadə o dövr üçün tam başqa anlamda işlədilib, lakin nəzərə alaq ki, bu kəlam bu gün də aktuallığını itirməyib.

Ölkədə aparılan islahat nəticəsində son iki ildə nazir, komitə, xidmət rəisi, icra başçısı, prokuror, polis rəisi və digər vəzifələrə təyin olunan kadrların fəaliyyətinin monitorinqi nəticəsində məlum olur ki, yeni təyin olunmuş kadrların əksəriyyətinin fəaliyyətində rüşvət və korrupsiya halları əvvəlki kimi, yenə də davam edir və bəzi kadrlar, hətta özündən əvvəlki rüşvətxor məmurun ölüsünə rəhmət oxudur. Məsələn, əmək və əhalinin sosial müdafiəsi nazirinin, təhsil nazirinin, kənd təsərrüfatı nazirinin və bir sıra yeni təyin olunmuş kadrların fəaliyyətində olan ciddi qanun pozuntusu, rüşvət və korrupsiya hallarının xalqın kütləvi narazılığı ilə nəticələnməsi ortadadır.  Yeni təyin olunmuş məmurların idarəetmədə ciddi nöqsanlar törətməsi islahatları müdafiə edən xalqda haqlı təşviş və qorxu hissini gücləndirdiyi də bu səbəbdən müşahidə olunur. Bu hal islahatların müsbət nəticə verəcəyinə xalqın bəslədiyi ümidlərə aşkar sarsıdıcı zərbə vurur.

İslahatların iki ildir başladığını nəzərə alsaq, prosesin heç də asan getmədiyini aydın müşahidə edirik. İslahatların çətin getməsinin bir neçə obyektiv və subyektiv səbəbi var. İslahat prosesinin harada, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, asan iş olmadığı və bir sıra qüvvələr tərəfindən müqavimətlə qarşılandığı daim müşahidə olunur. İslahatların keçirilməsinə müqavimət göstərən, təxribatlara əl atan qüvvələrdən ən güclüsü islahat nəticəsində vəzifəsini itirmək təhlükəsilə üzləşən yüksək çinli məmurlardır. İslahatlara ikinci müqavimət göstərən qüvvə hakimiyyəti məqsədindən yayındırmağa çalışan radikal müxalifətdir. Ölkə Prezidentinin islahatlara başladığı andan radikal müxalifətin fəallaşması və icazəli - icazəsiz aksiyaları ardıcıl keçirməklə, ölkədə sabitliyi pozmağa cəhd etməsi və islahatların gedişinə maneə olması hər kəsin gözü qarşısında baş verdiyinə görə, əlavə şərhə ehtiyac duymuram.

Azərbaycanda xeyli mənfi halların hökm sürdüyünü, rüşvətxorluğun və korrupsiyanın ölkə üçün əsl bəlaya çevrildiyini ölkə Prezidenti hər məqamda xüsusi vurğulayır və hətta vəzifəyə təyin etdiyi kadrlara bu bəlaya son qoyulması üçün ciddi tapşırıq verir. Görülən tədbirlərə və ciddi tapşırıqlara baxmayaraq, rüşvətxorluq və korrupsiya hallarının dövlət strukturlarında azalmadığı, bu cür eybəcər halların ölkədə dövlət - xalq münasibətlərinin gərginləşməsinə və hakimiyyətə qarşı xalqın etimadının zəifləməsinə xidmət edir.

Rüşvətxor və korrupsioner məmurların fəaliyyətinin nəticəsində xalqın hakimiyyətə inamını sarsıtdığını güman edən daxili və xarici düşmənlər isə internet vasitəsilə yayımlanan televiziya kanalları vasitəsilə ölkə hakimiyyətinə qarşı çirkin, məkrli əks - təbliğat kampaniyasını hər gün gücləndirirlər. Düşmənlərin bu cür eybəcər, çirkin və məkrli kampaniyasının qarşını almağın ən yaxşı üsulu, ilk növbədə, ölkədə hakimiyyət - xalq münasibətlərinə ciddi zərbə vuran rüşvətxorluğun, korrupsiyanın və digər mənfi halların qarşısını almaqdır! Ölkəmizdə rüşvətxorluğun və korrupsiyanın qarşısı dövlət səviyyəsində alınmadıqca, həyata keçirilən islahatlardan müsbət nəticə gözləmək absurddur!

Beynəlxalq təcrübə təsdiq edib ki, rüşvətin, korrupsiyanın qarşısını dövlət səviyyəsində almaq üçün sağlam mühitdə yetişmiş yeni nəsil kadr lazımdır. O da məlumdur ki, çirkli cəmiyyətdə, rüşvətin, korrupsiyanın tüğyan etdiyi mühitdə çirkin təcrübə qazanmış kadrların hansı yaşda olmasından asılı olmayaraq, sağlam kadr kimi yetişməsi mümkün deyil. Ölkəmizdə mövcud pis durumun bu cür mühitdə böyümüş kadrlarla yaxşılaşacağına ümid bəsləmək isə çox çətindir. Amma yenə də ümid edək ki, yeni təyin olunan kadrlar bu məsələdə Prezdentin etimadını doğrultmağa çalışacaqlar.

0.19647407531738