Xəbərin var, xəbərdən!

 

Bələdiyyə saxtakarlıqlarına start verildi

 

Bu günlərdə bir-iki dostumla oturmuşam kasıb bir çayxanada, ucuz bir çay sifariş edib çox məhdud olan vaxtımızı keçiririk. Birdən, dostlarımdan bir qayıtdı ki;

- Deyirlər, Mozanbikdə bir kasıbın inəyini timsah yeyib.

-Ə qardaş, timsah kimdir ki, varlının bostanını daş atsın. Elə həmin gün tutub dərisindən ayaqqabı tikərlər, heç "ata-babası" da xəbər tutmaz. Buna görə də düşüb kasıb-kusubun mal-qarasının canına, burada nə var ki...

-Əəəə, vallah sizin işiniz-gücünüz yoxdur deyəsən. Atam-qardaşım, sənin nəyinə lazımdır Mozanbikdə kim-kimin inəyini yeyib? Hüquq müdafiəçisisən, yoxsa heyvanların hüquqların qoruyursan? Əvvəlcə bir öz hüquqlarını qorumağı öyrən, sonra keçərsən, Mozanbikdəki kasıbların inəklərinə.

Xəbərin var, xəbərdən!

Deyirlər, gələn ayın sonunda, yəni dekabr ayının 23-də məmləkətimizdə Bələdiyyə saxtakarlıqları, (pardon seçkiləri) baş tutacaq.

Bilirsiniz də, bizdə seçki sözündən heç kimin xoşu gəlmir. Ən yaxşısı təyinatdır.

Hətta  bəzi deputatlar belə, vaxtaşırı etiraf edirlər ki, Azərbaycan xalqı nəmənədir ki, onu deputat seçsin. Onu bu "vəzifəyə" təyin ediblər və xalq qarşısında heç bir öhtəliyi də yoxdur. Əhsən, sənə Cəbiş müəllim!

Bütün bunlar öz yerində.

Bu yaxınlarda ölkəmizdə bələdiyyə, deputat, prezident (yox, yox, onların prezident təyinatına gücləri çatmaz) təyinatlarını rəsmiləşdirən MSK (Mərkəzi Saxtakarlıq Komissiyası) təmsilçisi böyük ruh yüksəkliyi ilə bəyan etdi ki, ölkəmizdə bələdiyyə üzvlüyünə seçilmək istəyən 41 min 841 nəfər "dairə saxtakarlıq komissiyalarına" müraciət edib.

Bəxtəvər başlarına, bizim isə bundan heç xəbərimiz belə, olmayıb. Olsaydı, bəlkə biz də bəxtimizi sınayardıq.

Bilirsiniz də, bizim kəndimiz məmləkətimizin ən ucraq ərazisində (Abşeron rayonunun Masazır kəndi) yerləşdiyndən belə xəbərlər buralara çox gec çatır.

Məsələn, bu günə kimi də deputatımızın, bələdiyyə sədrimizin, hətta üzvlərinin belə, kimliyindən kənd əhlinin xəbəri yoxdur. Biz əsl durğunluq dövrünü yaşayırıq. Məhz bu səbəbdən də, nəinki seçkilərdən, heç ölkəmizdə baş verən digər önəmli işlərdən belə, xəbər tuta bilmirik.

Məsələn, bu yaxınlarda Dövlət başçımızın sərəncamı ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat, Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına isə 5,0 (beş) milyon manat vəsait ayrılıb. Abşeron rayonu "ucqar və dağlıq" ərazidə yerləşdiyindən orada yaşayan insanların şikayətləri deyəsən, elə yolda itib-batır və aidiyyəti qurumlara çatmır.                Qayıdaq seçki məsələsinə.

Qeyd etdiyim kimi, artıq namizədlərin qeydiyyata alınması proseduru sona çatıb. Kənd əhli isə bundan hələ də xəbərsizdir ki, ölkədə yerli özünüidarəetmə orqanlarına "seçkilər" keçirilir. Bu bir yana, bu günə kimi də kənd əhli bilmir ki, bələdiyyələrin fəaliyyəti nədən ibarətdir. Sözün bütün mənalarında, torpaq alverindən başqa heç bir fəaliyyəti olmayan bu qurumların hansı səbəbdən yaradıldığı da, adi vətəndaşlar üçün qaranlıq məsələdir.

O günlər bir "ağıllı" YAP-çı dostum deyir ki, "bilirsən bələdiyyə nə deməkdir?".

Deyirəm ki, qoca kişiyəm, bizim oxuduğumuz zamanlarda "belə ağıllı" şeylər yox idi. Kənddə söz sahibi kənd soveti və kolxoz sədrləri idi ki, onları da heç kim seçmirdi. İndiki deputatlar və bələdiyyələr kimi, yuxarıdan gəlib təyin edirdilər, vəssalam!

Ağıllı adam başladı bizə demokratiya dərsi keçməyə:

-Ayə, bələdiyyə, yəni yerli özünü idarəetmə sistemi, sən bələdiyyə üzvlərini də, sədri də özün seçirsən. Bəyənmədin, sən dediyini eləmədi, etimadını doğrultmadı, ona etimadlsızlıq göstərirsən, gedir işinin dalınca.

Məsələn, kənd camaatı yığılır, kəndin sözü keçən, ağlı başında, iş qabiliyyəti yüksək olan bir neçə nəfəri bələdiyyəyə üzv seçir. Seçkilər başa çatandan sonra isə həmin şəxslər də öz aralarından sədr seçirlər. Digər döstum YAP-çı dostumun sözünü kəsərək:

-Ayə, nə başlamısan bizə seçki dərsi keçməyə, haradadır o sən dediyin seçki? Mən sənə adam balası kimi deyirəm ki, Abşeron rayonunda yaşayan əhalinin seçkilərdən əsla xəbəri belə olmur. Yalandan, gözdən pərdə asmaq üçün bir neçə yerə plakatdan, şəkildən bir şey asırlar, guya təbliğar-təşviqat işləri gedir. İnsanlar da baxır bu seçki tamaşasına gülür. Şəxsən mən, 10 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Bu, artıq ikinci bələdiyyə seçkiləridir ki, "keçirilir". Amma nə bələdiyyə sədrinin, nə də üzvlərinin kim olduqların bilmirəm.

Yaxşı, onları kənd camaatı tanımırsa, necə olur ki, yerli idarəetmə orqanı olan bələdiyyəyə seçilə bilirlər?

-Çox sadə. Burada bütün seçkilər "gizli səsvermə" formasında həyata keçirilir. Əsas məsələ odur ki, rayon əhalisinin seçkilərdən xəbəri olmasın. Rayon rəhbərliyinin xüsusi təyinatlı qrupları var ki, seçki prosesini əvvəldən axıra kimi onlar idarə edir. Onlar istənilən bir seçki zamanı rayon rəhbərliyinin tələb etdiyi şəxsin "uğurlu qələbəsini" təmin edə bilirlər. Əldə olunan  nəticələr də təqdim olunur saxtakarlıq komissiyalarına, vəssalam. Bunun müqabilində hələ "yuxarıdan" bir "molodes"də qazanırlar. Yəni Abşeron rayonunda bələdiyyə və yaxud deputat seçkilərinin "yüksək fəallıq" səviyyəsini və "tam şəffaf" keçirilməsini təmin etdikləri üçün mükafatlandırılırlar.              Bütün məlumtlar ötürülür "Mərkəzi Saxtakarlıq Komissiyası"na və orada rəsmiləşdirilir.

Bunun başqa bir yolu da yoxdur zatən. Çünki Abşeron rayonunun Xardalan şəhərində və kəndlərində düz-əməlli bir ünvan tapmaq mümkün deyil. Belə olduğu halda, rayon rəhbərliyi seçkiləri başqa yolla necə gerçəkləşdirsin?

Bax, əsil maraqlı məlumat budur. Yoxsa ki, "Mozanbikdə bir kasıbın inəyini timsah yeyib". Hə, nə olsun? Orada ki, bələdiyyələr yoxdur. Əsas məsələ odur ki, bələdiyyə saxtakarlıqları vaxtında və operativ şəkildə həyat keçirilsin. Əks tədbirdə, Avropa Şurası bu rəqəmləri qəbul etməz və bu işləri həyata keçirməkdə məsul olan şəxslər düşərlər Mozanbikdə timsahın dişləri arsına düşən inəyin gününə.

Əlqərəz millət, artıq bələdiyyə saxtakarlıqlarının namizədlərinin qeydiyyatı prosesi də sona çatıb. Artıq istəsən belə, nə seçilə bilərsən, nə də kiminsə namizədliyini irəli sürmək şansın var.

Elə bilirsiniz bütün bu saxtakarlıqlarda ancaq rayon rəhbərliyi günahkardır, yox. Ən böyük günah sahibləri bələdiyyə seçkilərinə biganə yanaşmaqla, onların saxtalaşdırılmasına imkan yaradan məmləkət əhlidir. Bunu bilin və qulağınızda sırğa edin ki, ağıllı YAP-çı dostlarınız da sizə seçki nağılları danışmasınlar.

Artıq 30 ilə yaxındır ki, müstəqillik əldə etmişik, ancaq hələ də nə öz haqq və hüququmuzu tələb edə bilirik, nə də qoruya. Adına "torpaq alverçiləri" dediyimiz bələdiyyələr isə meydanda at çapır.

Necə deyərlər, "Nə yoğurdum, nə yapdım hazırca kökə tapdım".  

Yusif Seyid

0.2531099319458