"Made in Azerbaijan" brenddirmi?

 

İnhisarçılığın güclü olduğu, rəqabət mühitini olmadığı yerdə brend yarana bilməz

Son zamanlar Azərbaycan iqtisadiyyatında brend məhsulların yaranması barədə geniş müzakirələr açılır. Çox maraqlıdır ki, hazırda hökumət nümayəndələri də brend yaratmaq barədə öz fikirlərini bölüşürlər. Əslində isə hökumətin və onun məmurlarının brend yaratmaq barədə düşünməsi bazar iqtisadiyyatı şəraitində kifayət qədər anlaşılmaz görünür. Hökumət, yalnız brendin yaradılmasına münbit şərait formalaşdırmaq, onun yaranmasına mane olan səbəbləri aradan qaldırmaq barədə düşünməlidir. Bu yerdə "brend nədir" sualını cavablamağa ehtiyac duyulur, çünki bəziləri elə bilir ki, hazırda hamımızın tanıdığımız dünya brendlərini hansısa inkişaf etmiş ölkələrin hökumətləri yaradıb.

"Brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alovlandırmaq, dağlamaq" kimi tərcümə olunur. İngilis dilinə də bu söz, məhz həmin dildən keçib. Qədimdə damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. Müasir dönəmdə isə "brend" iki səviyyədə başa düşülür. Birincisi, "brend" marketinq termini olub, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiyanı özündə ehtiva edən ad, loqa, şəkil, səs və s. ibarət olan bir tanıtma vasitəsidir. Bu cür adi tanıtım nişanları - brendlər Azərbaycanda da kifayət qədərdir. Lakin müasir dönəmdə hər məhsulu brend adlandırmırlar, brend dedikdə kifayət qədər alıcı kütləsinə, beynəlxalq bazarda xüsusi çəkiyə malik, özünəməxsus imici olan məhsul və ya xidmət anlaşılır. Yəni brend məhsul öz həmcinslərini geridə qoyaraq liderliyi ələ almış bir məhsul və ya xidmətdir.

Brendlər də müxtəlif formaya malikdir. Məsələn, dünyada müxtəlif bölgə və regionların öz təbii brendləri də var ki, bu bir Allah bəxşişidir. Məsələn, qara kürü, zəfəran, nar və s. Azərbaycanın təbii brendləridir, onların dünya bazarında xüsusi imici və alıcı potensialı var. Bizə qalır bu potensialı reallaşdırmaq, ona nə qədər nail ola bildiyimizi aydınlaşdırmaq. Yalnız bu, müzakirə mövzusu ola bilər.

O ki qaldı digər Azərbaycan məhsullarının brendə çevrilməsinə, bu sahədə ciddi problemlər yaşanır. Əvvəla Azərbaycanı bu sahədə gənc bir ölkə saymaq olar, çünki bu ölkədə bazar iqtisadiyyatı modelinə keçidin 25 ili yenicə tamam olub. Hər hansı bir brendin yaradılması üçün isə bu, o qədər də uzun zaman deyil. Həmin vaxta qədər ölkəmizin mənsub olduğu sistemdə isə brendin yaradılması mümkün deyildi.

Digər tərəfdən, bazar iqtisadiyyatının tətbiq edildiyi dövürdən Azərbaycan iqtisadiyyatı oliqarxlar tərəfindən tam olaraq inhisara alınması səbəbindən bu məsələ daha da çətinləşib. Başqa sözlə desək, biz bazar iqtisadiyyatına keçdiyimizi elan etsək də, bu 25 il ərzində iqtisadiyyatda rəqabət mühitini formalaşdıra bilməmişik. Məhsul və xidmətin beynəlxalq brendə çevrilməsi üçün isə ölkə iqtisadiyyatında rəqabət, yarış mühiti olmalıdır. Bəli, bu gün Azərbaycan hökuməti ölkənin brendlərinin yaradılması barədə düşünürsə, ilk növbədə iqtisadiyyatda rəqabət mühitinin formalaşdırılmasının mümkün variantlarını axtarıb tapmalıdır. Nə qədər ki, ölkə iqtisadiyyatında inhisarlaşma əsas xüsusi çəkiyə malikdir, rəqabət mühiti yoxdur, o vaxta qədər ölkədə brend məhsulun yaradılması mümkün olmayacaq.

Bəzi müzakirələrdə ortaya atılır ki, "Made in Azerbaijan" (Azərbaycanda istehsad edilib) ifadəsinin özü artıq brenddir. Bu da kökündən yanlış yanaşmadır, daha doğrusu, olmayan nəyisə şişirtməkdir. "Made in Azerbaijan" loqasının brendə çevrilməsi üçün bu ölkədən minlərlə beynəlxalq brendin çıxması gərəkir. Yəqin ki, "alman maşını", "kitayski", "yapon texnologiyası" və s. bu kimi ifadələri hamınız tez-tez eşidirsiniz. Bunlardan bir çoxu biz xoş, bəziləri isə neqativ - bəd reksiya yaradır. Alış-veriş zamanı keyfiyyətli mal axtaranda yüksək imic qazanan ölkələrin adlarını, ucuz mal axtaranda isə Çin markalarına rast gəlirsiniz. Ölkənin yaratdığı brend, daha doğrusu, imic məhz budur. Bu gün biz Azərbaycanda brendin necə yaradılması barədə düşünürüksə, "Made in Azerbaijan"nın beynəlxalq arenada necə pozitiv brend və ya imic yarada biləcəyi barədə düşünməliyik. Ona görə də, gəlin özümüzü aldatmağa çalışmayaq. İlk növbədə Azərbaycan iqtisadiyyatında brend yetişməsi üçün mühit formalaşdıraq, bir yarış arealı açaq, bundan sonra brendlərimizi saymağa başlayaq.

Hazırda ölkəmizin Tanrı bəxşişi olan təbii brendlərinin belə, potensiallarının reallaşdırılmasında ciddi problemlər var. İlk növbədə, məhz bu problemləri aradan qaldırmalıyıq, çünki bu çox asandı - inzibati qərarlarla da reallaşdırıla bilər. Amma beynəlxalq brend yaratmaq, əsgərin generala çevrilməsi qədər, mümkün, lakin keçiləsi uzun yola ehtiyacı olan prosesdir.

Akif Nəsirli

0.20847916603088