Xalqa kim yaxındır deputatlar, yoxsa mətbuat?

 

Xalq deputatlardan daha çox narazıdır

 Ölkəmizdə bü-tün hakimiy-yət qolları, qurumlar xalqa xidmət edir. Zatən bu qurumların hər birinin görəvi xalqa və dövlətə xidmət etməkdən ibarətdir. Dövlət və onun bütün strukturlarının bütövlükdə xalqa xidmət məqsədilə fəaliyyət göstərdiyini nəzərə alsaq, əslində xalq hər kəsdən, hətta məmurlardan da yüksək səviyyədə yaşamalıdır.

Lakin real həyatda xalq, demək olar ki, məmurlardan çox aşağı səviyyədə yaşayır.

Məmur dedikdə ölkədə onminlər nəzərdə tutulur. Bunların sırasına Milli Məclisdə 125 kürsü zəbt edən deputatlar da daxildir. Əslinə qalsa, deputatlar xalqın nümayəndələri sayılır. Guya onları xalq özünə vəkil seçib. Lakin ölkəmizdə əksər strukturlar kimi, deputatlar da xalqın adına yazılıb, hakimiyyətin qulluğunda duran zümrələr sırasına aiddir.

Elə olduğu kimi açıq etiraf etsək, deputatları da hakimiyyət seçir. Axı hakimiyyətin özü də xalqa xidmət etdiyini dilə gətirir və hər bir təşkilatın, dövlət qurumunun sadə xalqın xidmətində olmasını tələb edir.

Xalqa göstərdikləri xidmətlə bağlı əhali arasında deputatlarla media barəsində sorğu apardım. Son nəticədə məlum oldu ki, rəyi soruşulan insanlardan bir nəfər də olsun, deputatların fəaliyyətindən, xalqa münasibətindən razı deyil.  Xalqın rəyini öyrənərkən, insanlar deputatlara nisbətən mətbuatın onlara daha yaxın olduğunu etiraf etdilər. İnsanlar arasında mətbuatın fəaliyyətindən də narazı olduqlarını bildirənlərə, "reket" və şantajçı jurnalistlərin fəaliyyətini tənqid edənlərə də rast gəldim. Lakin deputatlarla müqayisədə mətbuatın xalqa daha yaxın olduğunu rəyi soruşulanların əksəriyyəti dilə gətirdi.

Müqayisəli təhlil edərkən, hər bir jurnalistin sosial problemlər içərisində qaldığını, az əmək haqqı ilə çətin şəraitdə yaşadığını, lakin hər gün xalqın və dövlətin problemlərini qələmə alaraq, yaradıcılıqla məşğul olduğunu, hətta vaxt çatışmazlığından əziyyət çəkdiyini müşahidə etdiyimiz halda, deputatların həftə ərzində iki iclasda 4-5 saat ərzində boşuna vaxt keçirdiyini, dövlətdən ən yüksək əməkhaqqı aldığını, heç bir ictimai faydalı işlə məşğul olmadığını, hətta seçicilərlə görüşməkdən yayınaraq, ancaq şəxsi biznesləri ilə məşğul olduqlarını mühaşidə edirik. Bir çox rayon və yaşayış məntəqələrində keçirdiyimiz sorğu zamanı əhalinin əksəriyyətinin həmin ərazidən deputat seçilən şəxsin kim olduğunu bilmədikləri üzə çıxdı. Bu insanlar, ümumiyyətlə həmin ərazidən kimin deputat seçildiyini bilmirlər.

Bu rüsvayçı vəziyyətdən guya xəbərsiz olan Fəzail Ağamalı, Araz Əlizadə və digər təyinatlı deputatlar heç utanmadan mətbuatın fəaliyyətindən gileylənir, qəzetlərə dövlət yardımının verilməsinin əleyhinə çıxır, jurnalistlərə dövlət tərəfindən mənzillərin verilməsini tənqid atəşinə tuturlar. Həmin deputatlardan soruşuram: - Hər ay dövlətdən külli miqdarda pul alırsınız, deputat statusu daşıdığınıza görə, əlavə imtiyazlara maliksiniz, sizlərə də ev verilir, ilin 9 ayını iclasda oturub düymə basmaqdan başqa bir iş görmədiyiniz halda, ilin 3 ayını da yüksək maaşla xaricdə istirahətdə keçirir, şəxsi biznesinizlə məşğul olur, kef edirsiniz. Deyin görək, sizin xalqa və dövlətə faydanız nədir, cənab deputatlar?! «Əlbəttə, heç nə!!!

Ona görə də dilinizi farağat qoyun və gedin, parlamentdə necə yatırsınızsa, eləcə də yatın! Heç kimin haqqında, xüsusən səhərdən axşama kimi xəbər dalınca qaçıb sonra da kompüter arxasında əyləşib, çalışan, axşam isə evə utana-utana gedən kasıb jurnalistlərin və qəzetlərin haqqında hədyan danışmayın!..

 Mahir Abbaszadə

0.15809893608093