Biomüxtəlifliyi pozan obyektiv və subyektiv səbəblər

 

Ekoloji tarazlığı təhdid edən amillər aradan qaldırılmalıdır

Yer kürəsində bəşəriyyətin məskunlaşması əsasən, qalaktikanın bu planetində yaşayış üçün münbit şəraitin formalaşması ilə bağlı olub. Bu prosesin özünü də iqlim dəyişikliyi kimi qiymətləndirmək olar. Həmin iqlim dəyişikliyi nəticəsində Yer üzündə çox müxtəlif flora və fauna növləri yarandı. İndi bizim müşahidə etdiyimiz iqlim dəyişiklikləri isə həmin növləri tədricən məhv edir. Bu da biomüxtəlifliyin azalması, ətraf mühitdə tarazlığın pozulması ilə nəticələnir.

Hazırda bütün dünyada müxtəlif səbəblər üzündən gedən iqlim dəyişikliyi təbiətin biomüxtəlifliyinə ciddi zərbələr vurur, bir sıra əhəmiyyətli bitki və heyvan növlərinin sıradan çıxmasına səbəb olur. Dünyada gedən iqlim dəyişikliyinin səbəbləri də müxtəlifdir - ən ümumi təsnifat isə obyektiv və subyektiv səbəblərdən ibarətdir. Təbii fəlakətlər, səbəbləri dəqiq bəlli olmayan təbiət hadisələri nəticəsində ortaya çıxan iqlim dəyişiklikləri obyektiv amillərə bağlı olduğundan bəşəriyyət onun qarşısında acizdir. Məsələn, hazırda zəlzələ və vulkan püskürmələri kimi bəşəriyyət üçün təhlükəli olan təbii hadisələrin nəinki qarşısını almaq, onların dəqiq proqnozlaşdırılması belə, hələlik bəşəriyyət üçün arzu olaraq qalır. Lakin antropogen (insan fəaliyyəti) təsirləri müəyyənləşdirərək onun biomüxtəlifliyə təsirlərini azaltmaq, bəzi hallarda isə aradan qaldırmaq mümkündür.

Müasir dünyada iqlim dəyişiklikləri nəticəsində yox olan və ya bu təhdidlərlə üzləşən endemik - nadir flora və fauna növləri, artıq bir indikator kimi izlənilir. Yəni hədəf, əslində endemik növlərin qorunması deyil, iqlim dəyişikliklərinin biomüxtəlifliyə təsirinin mənbəyini və miqyasını müəyyən etməkdir. Bunun ən sadə yolu isə endemik növlərin tədqiq edilməsi, onların sıradan çıxma səbəblərinin öyrənilməsidir.

Müasir dönəmdə bütün dünyada olduğu kimi, Azərbaycanda da biomüxtəlifliyin pozulmasında insan faktorunun rolu böyükdür. Lakin bu müdaxilə sovetlər dönəmində daha böyük miqyas almışdı. O zaman Azərbaycanda vüsət alan ekstensiv (aşağı məhsuldarlıqla geniş sahələrdən plana uyğun məhsul götürmək) kənd təsərrüfatının inkişaf etdirilməsi bu prosesin daha da şiddətlənməsinə səbəb oldu. Ölkənin aran rayonlarında süni salınan meşələr belə, qırılaraq yerində texniki bitkilər əkilirdi. İndi isə kənd təsərrüfatının zəif inkişaf göstəricilərinə malik olması səbəbindən biomüxtəlifliyə müdaxilə təzyiqləri bir qədər azalıb.

Biomüxtəlifliyin qorunması
istiqamətində həyata
keçirilən tədbirlər

Ətraf mühitin mühafizə edilməsi, təbii ehtiyatların səmərəli istifadəsi, unikal - endemik növlərin qorunması milli və bəşəri məsələlərdir. Ölkəmiz 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Sənədin prinsiplərinə uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 9 yüz hektara yaxın olan xüsusi mühafizə edilən təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.

Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıb. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Dünyada çinarın 7 növü var. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı kitabı"na salınıb. Bütün görülən işlərə baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını zəruri edir. Məhz buna görə də Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Endemik növlərin taleyi

Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanda biomüxtəlifliyin pozulması nəticəsində daha çox zərər çəkən bitki növləridir. Çünki ölkə ərazisində daha çox meşə ortüyünün qırılmasına, səhralaşmaya, erroziyaya və şoranlaşmaya rast gəlinir ki, bu proseslər nəticəsində bitki örtüyü sıradan çıxır. Ona görə də respublika ərazisində nadir bitkilərin tamamilə sıradan çıxmaması üçün müəyyən tədbirlər həyata keçirilir. Həmin proflaktik tədbirlər nəticəsində nadir növlərin azalmasının qarşısı alınır və onlar süni şəkildə çoxaldılır.

Müəyyən bir əraziyə (areala) xas olan, digər sahələrdə rast gəlinməyən bitki və heyvan növü endemik növlər (E.N.) adlanır. Məsələn, dəmirağac, Eldar şamı və digər bitki növləri yalnız Azərbaycanda bitdiyi üçün E.N.-dir. Müasir dövrdə bitki və heyvanat aləmi həm təbii hadisələr, həm də insan fəaliyyəti nəticəsində çox ciddi mənfi təsirlərə məruz qalır. Daşqınlar, erroziya prosesləri, torpaq sürüşmələri, qar uçqunları, zəlzələlər, vulkanlar və s. kimi təbii fəakətlər və ətraf mühitdə baş verən digər proseslər bir sıra flora və fauna növlərinin sıradan çıxmasına səbəb olur. Bununla yanaşı, yeni yaşayış məntəqələrinin salınması, enerji mənbələrinin yaradılması və nəqli, müəyyən ərazilərin kənd təsərrüfatı və otlaq sahələri üçün istifadə edilməsi, meşələrin qırılması, su anbarlarının tikintisi, torpaqların deqradasiyası və s. səbəblərdən də bitki və heyvanların təbii  yaşayış mühitləri dağılaraq sıradan çıxır. Ən yaxşı halda onların arealları getdikcə daralır, uzun illər ərzində müəyyən ərazilərdə formalaşan bioloji əlaqələr pozulur. Azərbaycanın florasının təxminən 15-20%-ni, faunasının isə 10%-ni endemik orqanizmlər təşkil edir. Hirkan Biosfer rezervatının endemizm və relikt canlılar göstəricisi isə çox yüksəkdir.

Bu baxımdan, beynəlxalq və regional miqyasda, o cümlədən

ölkəmizdə bu sahədə görülən işlərin qısa xülasəsinin verilməsini zəruri hesab edirik.

Azərbaycanda 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu da ümumi floranın 6%-nə qədərini təşkil edir. Buna misal olaraq Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair dövlət başçısının Sərəncamı ilə qəbul edilən Milli Strategiya və Fəaliyyət Planını (mart, 2006) göstərmək olar.

2004-cü ildə Azərbaycanda Bioloji Müxtəlifliyə dair I Milli Məruzə, 2006-cı ildə Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının vəziyyətini əks etdirən II Milli Hesabat hazırlanıb. Beynəlxalq əhəmiyyətli bu mühüm sənədlərdə biomüxtəlifliyin və onun genetik ehtiyatlarının həqiqi vəziyyəti, gözlənilən təhlükələr və bu təhlükələrin təsirinin yumşaldılması üzrə görülməsi vacib olan tədbirlər, prioritet və tələbatlar geniş şərh olunub. Son illər Prezident İlham Əliyevin sərəncamları ilə mühafizə edilən ərazilərin sayının artırılması, onların sahələrinin genişləndirilməsi, eləcə də statusunun qaldırılması, yeni milli parkların, qoruq və yasaqlıqların yaradılması Bioloji Konvensiyanın konseptual müddəalarına əsaslanaraq biomüxtəlifliyin bərpası və qorunmasının strateji və taktiki məsələlərinin həlli istiqamətində Azərbaycanda atılan çox mühüm addımlardır.

Biomüxtəlifliyin qorunması üzrə müasir çağrışlar və Azərbaycan

Biomüxtəlifliyin qorunması prosesini miqyasına görə təsnifləşdirsək, onu qlobal, yerli iqtisadi və lokal tədbirlər kimi qruplaşdırmaq olar. Birinci növbədə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan bu istiqamətdə qlobal və lokal tədbirlərin görülməsində xüsusi aktivlik göstərir. Ekoloq Telman Zeynalovun fikrincə, hökumət ölkə ərazisində yerləşən endemik növlərin qorunması və artırılması sahəsində xeyli səmərəli işlər görüb: "Milli parklarda, qoruqlarda və yasaqlıqlarda, yalnız Azərbaycan təbiətinə məxsus olan xeyli miqdarda flora və fauna növləri qorunur və artırılır".

Müasir dünyada biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq konvensiyalar mövcuddur ki, Azərbaycan Respublikası bu konvensiyaların hamısına qoşularaq prosesə qlobal şəkildə öz töhfəsini verməkdədir. Mütəxəssislərin rəyinə əsasən, ölkəmizdə lokal tədbirlər də diqqət mərkəzindədir. Bununla belə, respublikamızda milli iqtisadiyyatın inkişafında biomüxtəlifliyin qorunması məsələsi ciddi problemlərlə üz-üzədir.

Belə ki, inkişaf etmiş dünyada istənilən iqtisadi fəaliyyət planı - zavod, fabrik və s. bu kimi layihələr gerçəkləşdirilərkən ətraf mühitə dəyəcək təsirlər öyrənilir və onun aradan qaldırılması üçün önləyici tədbirlər görülür. Azərbaycanda həyata keçirilən bütün layihələrdə "ətraf mühit" bölməsi mövcud olsa da, o əsasən formal xarakter daşıyır. Ölkə boyu fəaliyyət göstərən sənaye müəssisələrinin əksəriyyətində atmosferə atılan tullantılar ümumiyyətlə zərərsizləşdirilmir, çox az qismində isə bu iş qismən həyata keçirilir. Məsələn, dövlət şirkətinin nəzarəti altında olan istilik elektrik stansiyalarının (İES) heç birində ətraf mühitə atılan tullantılar zərərsizləşdirilmir. Hətta, İES-lərdə səslə çirklənmənin qarşısını alan qurğular layihədə nəzərdə tutulsa da, ümumiyyətlə, quraşdırılmayıb.

Fikrimizcə, gələcəkdə müvafiq qurumlar bu məqamı nəzərə alacaq, özəl və dövlət müəssisələrində ətraf mühitə atılan tullantıların zərərsizləşdirilməsi məsələsi həllini tapacaq. Bu problemlər aradan qaldırılsa, Azərbaycan biomüxtəlifliyin qorunması sahəsində nümunəvi ölkələrdən birinə çevrilə bilər.

Akif Nəsirli

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur.

0.19698596000671