Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

 

Qocaların döyüş həvəsi var, gücü yoxdur

 Son zamanlar müxalifət düşərgəsi çox fəallaşıb. Fəallığın əsas səbəbi tam məlum olmasa da, təsadüfi də deyil. Amma bir şey məlumdur ki, müxalifətin fəallaşmasının əsas səbəblərindən biri ölkədə başlanan fundamental kadr islahatlarıdır. Müxalifətin xarici havadarları və hakimiyyət daxilindəki uzantısı fəallaşmaq barədə komanda verdiyi aydın hiss olunur. Adətən müxalifətin seçkidən- seçkiyə yuxudan ayılmasına vərdiş etmişik. Amma bu dəfə ölkədə başlayan islahatlar, deyəsən müxalifətin qəzəbinə səbəb olub. Maraqlıdır, ölkə müxalifətinin xaricdə yerləşən, mübarizəni, əsasən sosial şəbəkələr və internet üzərindən quran kəsimi daha kəskin təhqir, söyüş, yalan, böhtan kampaniyasına başladığı halda, radikal müxalifət kütləvi aksiyalara üstünlük verir. Məqsəd isə, həmişə olduğu kimi, Azərbaycanda sabitliyi pozmaq və ölkədə vətəndaş qarşıdurması yaratmaq, ölkəmizə qarşı xarici təzyiqləri gücləndirməkdir.

Müxalifətin fəallaşmasının səbəblərini yuxarıda qeyd edərkən, ölkə daxilində dərin islahatların aparılmasına təsadüfən toxunmadım. Ölkə Prezidentinin təşəbbüsü ilə başlayan kadr islahatlarına qarşı rüşvətxor-korrupsioner məmurların müqavimət göstərməsi, prosesə mane olmaq cəhdləri aydın hiss olunur. Cənab Prezident hər dəfə çıxışında bu cür mənfi hallardan ətraflı bəhs edərək, hətta bəzi məmurların mətbuatın və müxalifətin prosesə təsir imkanlarından və digər vasitələrdən istifadə edərək, öz kürsülərini müdafiə etməyə cəhd etdiklərini ifşa edir.

Son zamanlar müxalif liderlərinin Müsavat Partiyasının ofisində toplaşması, Qarabağın işğaldan azad olunması adı altında yaradılan komitənin fəaliyyətə başlaması, xaricdən idarə olunan internet televiziyalarının hakimiyyətə qarşı təhqir, söyüş və böhtan kampaniyasını gücləndirməsi, hər şeydən əvvəl, haqqında söz açdığımız, ölkəmizdə  gedən kadr islahatlarına mane olmaq və bu prosesə müqavimət göstərmək cəhdidir.

Ölkədə ciddi dəyişikliklər gedir, hakimiyyət öz sıralarını cavan kadrlar hesabına yeniləyir, gücləndirir. Ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizənin yeni, daha güclü təməli qoyulur. Ölkənin bütün sferalarında yeni çağırışlara start verilir, hər şey təzələnir və yenilənir. Müasir tələbləri təmin etməyən hər şey yenisi ilə əvəz olunur.

Bu cür inqilabi dəyişikliyi qəbul etməyən qoca, özünü və fəaliyyətini yeni çağırışlara uyğun qurmağı bacarmayan müxalifət isə köhnə üsul və metodlarla, yorulub əldən düşmüş, xalqın etimadını itirmiş liderlərlə ölkəni geriyə, köhnə bataqlıqlara çəkməyə uğursuz cəhdlər edir. Hər dəfə də uğursuzluğa düçar olur. Müxalifət düşərgəsi son 30 ildə özündə heç bir dəyişiklik edə bilmədiyinə, hələ də 90-cı illərin abıhavası ilə nəfəs aldığına, xalqın etimadını tam itirdiyinə görə, xalq tərəfindən müdafiə olunmur. Bu səbəbdən də, müxalifətin aksiyalarında iştirak edənlərin sayı 3-5 min nəfərdən çox olmur. Ölkənin güc strukturları müxalifətin icazəsiz keçirməyə cəhd etdiyi bütün aksiyaların qarşısını çətinlik çəkmədən alır.

Hakimiyyətlə müxalifət arasında gedən son mübarizənin nəticələri hakimiyyətin müxalifətdən bir neçə dəfə güclü olduğunu, hakimiyyətin isə xalq tərəfindən müdafiə olunduğunu təsdiq edir. Müxalifətin özünü dəyişərək, xalqın dəstəyini qazanmaq, güclənmək və hakimiyyəti yaxın gələcəkdə özü ilə hesablaşmağa məcbur  etmək şansları isə heç də yaxında deyil.

 Tahir Abbaslı

0.13664197921753