Ömrünə balta çalan...

 

“İnsan hətta yuxusunda belə, təbiətdə olandan gözəl nəsə görə bilməz”

(Lamart)

 Təbiəti qorumaqla bağlı ta uşaqlıqdan müxtəlif şeirlər, hekayələr, bu olmayanda da şifahi nəsihətlər eşitmişik. Eşitmişik ki, təbiəti sevmək, onun qayğısına qalmaq, ağaclar çiçəkləyəndə onları yoluşdurmaq, yarpaqlarını qoparmaq, budaqlarını qırmaq olmaz. Meyvələri kal olanda onun barına toxunmamaq, yetişənədək gözləmək lazımdır. Bar verməyən ağacları belə, kəsmək, onu incitmək yaramaz. Sadəcə olaraq kəsici bir alətlə onu qorxutmaq, bar verməsinə bir yol açmaq gərəkdir. Təbiətin bir parçası olan quşları qanunsuz ovlamaq olmaz, “Qırmızı kitab”a düşənləri ümumiyyətlə, göz bəbəyi kimi qorumaq lazımdır, təsadüfən dəstədən geri qalaraq həyət-bacaya düşənləri, yaralananları da insan kimi qayğısına qalaraq sağaltmaq, daha sonra isə təbiətə buraxmaq qulağımızdan sırğa kimi asılardı.

O “sırğa”ları indi nə qədər istəsək də, kütləvi şəkildə kiminsə “qulağında” görə bilmirik. İnsanlar sanki təbiətə qənim kəsilmək üçün yarışa girib, harda meşəlik tipində ağaclıq görsə, oranı kəsib-doğramamış, boş sahəyə çevirməmiş sakitləşməz... Yada salaq, meşələrdə bir müddət əvvələ qədər yaşıl ağacların kəsilməsi, istənilən məqsəd üçün kəsilib doğranması, haralarasa, hansı təyinat üçünsə aparılması günün adi hadisəsinə çevrilmişdi. Deyilənə görə, hazırda meşələrə kameralar quraşdırılıb, ağacların qorunmasının hansı vəziyyətdə olmasına nəzarət var. Maraqlıdır, o kameraların yaddaşından görəsən, indi kimlər “boylanır” - quşlar, meşələrin qanuni sakini olan ağaclar, kollar, cürbəcür bitkilər, yoxsa, onlara qənim kəsilənlər? O barədə hansısa bilgidən, xəbərdən məlumatsızıq deyə, keçək bildiyimiz məsələyə.

Bugünlərdə təsadüfən bir reklam çarxının son cümləsinə gözüm sataşdı. Orda deyilirdi: “Təbiəti dəyişmə, özünü dəyiş!”.

Görünür, təbiətə qənim kəsilənlərlə, onun yaşıl, qanuni simasını dəyişərək səhra rənginə çevirənlərlə başqa cür danışmaq lazım gəlir. Təbiətin öz övladlarına ana statusunu deyəsən, hamıya aid etmək düzgün deyil. Görünür, çoxları bu böyüklüyə layiq olmadı...

Təbiətin bir parçası olaraq sudan, havadan, ağaclardan, meyvələrdən, dərman bitkilərindən, otlardan və sayı sonsuz nemətlərdən istifadə ediriksə, onlarsız ötüşə bilmiriksə, təbii sərvətlərsiz yaşamaq mümkün deyilsə, nədən ona qənim kəsilmişik?

İnsanlar oxuduqları kitabların, yazdıqları qələmin, təbii materialdan olan geyimlərinin, ən nəhayət, tədavül vasitəsi olan, bütün ömürləri boyu daim ehtiyac hiss etdikləri, problemlərini qarşıladıqları pulun da təbiətin bir parçasından hazırlandığının fərqinə varmırlar.

Təbiətin ən münbit atributu - torpaq olmadan yaşaması mümkünsüz insan övladı görəsən, niyə təbiətin, onun nemətlərinin qəsdinə dayanıb?

Təbiətin onun varlığına, yaşamasına əsas olmasını nədən görməzdən gəlir?

Zənnimcə, sıradan olan xəbərlərlə, ayaqüstü söhbətlərlə, ara-sıra yazılarla deyil, ardıcıl olaraq onun keşiyində dayanmalıyıq. Ağacların qəsdən qurudularaq sıradan çıxarılması, kəsilərək yerində tikintilərin aparılması, meşəliklərin, oksigenin azalması, təbiətin tar-mar olması heç bir müsbət sonluğa aparmır. Ona görə də ana dediyimiz təbiətin övladları, sayı onu qırıb-çatanlarla müqayisədə az qalanlar hərəkətsiz qalmamalıdır. O həddə qədər addımlar atılmalıdır ki, ən azından təbiətə çıxanda səhrakimilərlə deyil, təbii meşəliklərlə, ağaclıqlarla, şəhərlərdə parklarla, yaşıllıqlarla rastlaşaq. Qırılanları, kəsilənləri, məhv edilənləri bütövlükdə yerinə qaytarmaq mümkün olmasa da, onların yerində yenisini yaradaq.

...Köhnə “Sovetski”də bir həyətdə gördüyüm mənzərə yəqin ki, oraların daimi sakinlərinin də əbədi yaddaşına köçüb. Deməli, ümumi həyətin bir başında bitən tut ağacı ağır gövdəsi əyilmiş, konkret desək, torpağın üzəriylə düz giriş qapısınadək uzanmış vəziyyətdə neçə il yaşadı. Çünki sakinlər onu kəsməyə ürək eləmədilər, öz otaqlarını tikib-artırarkən ağacın gövdəsinə də öz evlərində yer elədilər. Ona görə də neçəillik o ağac tək ümumi həyətin deyil, hər evin, ailənin bir üzvü sayılırdı. O evlərdə böyüyən uşaqlar da təbiətin qocaman bir atributuna olan böyük hörmətlə, qayğıyla böyüyürdülər..

Bu yaxınlarda şəhər ətrafında, yolun kənarında yeni çəkilən hasarda gördüyüm mənzərə hələ bütün ümidlərin itmədiyindən, təbiətə qarşı hörmətin qaldığından xəbər verirdi. Həmin ərazi boyu diqqəti çəkən ibrətamiz məqam bir ağacın rahat yaşaması, kəsilməməsi üçün onun əsas hissəsinə, gövdəsinə hasarda xüsusi oyuğun açılması, çıxışın yaradılması idi.

Deməli, təbiətə olan hörmət, məhəbbət hələ ölməyib, yaşayır...

Deməli, hər qaranlıqdan, səhralıqdan bir çıxış yolu var...

Təbiəti ölümə aparan yolu qapatmaq da öz əlimizdədir və doğrudan da, bizə ana olanı nədən qəddarcasına dəyişək?

Onu dəyişməkdənsə, özümü-zü dəyişək bəlkə?

O təbiəti ki, onsuz nə nəfəs ala, nə susuz, havasız qala, nə qidalana, nə də ki, bütövlükdə yaşaya, var ola bilərik.

Təbiətə qənim kəsilənlər, eşidin, baltanı ona deyil, öz ömrünüzə çalırsınız, əmin olun!

 Nigar Orucova 

0.18525099754333