İcra başçılarında çınqıl Bazarda limon boldur

 

Neçə vaxtdır əlimə qələm alıb (mən indi də qələmlə yazıram, kompüterdə yazanda istədiyim kimi alınmır) bir şey yazmıram.

Bilirsiniz niyə?

Bu gün Azərbaycan mediasında yazılanlar, heç kimin qulaq asmadığı birinin monoloquna oxşayır. Yəni yazılanları yazarlardan başqa heç kim oxumur, hətta elə yazarlar da tanıyıram ki, heç öz yazdıqların belə, oxumurlar. Maraqlıdır, elə deyilmi?

Məhz bu səbəbdən də, yazmaq, hansısa bir problemin çözümünə yardım etmək içimdən gəlsə də, "boş ver",-deyib, yan keçmək istəyirəm, amma və ancaq...

Buna görə də bəzən dövlət başçımızın son islahatlarına, jurnalistləri dost hesab etməsinə güvənərək, bəzi məsələləri gündəmə gətirməyə çalışıram, yenə də amma və lakin...

Çünki Prezidentin bütün səylərinə baxmayaraq, bir çox məmurlarımız yenə də öz "nağaralarını" çalmaqdadırlar. Elə bil bütün bu islahatların, Prezidentin xəbərdarlıqlarının, tövsiyyələrinin onlara heç bir aidiyyəti yoxdur.

 Yenə də rayonda icra başçısı, Bağdadda kor xəlifə.

Keçən yazılarımın birində yollara qoyulan "prob"lar barədə az-çox məlumat vermişdim. Bilirsiniz də, xəstəyə hər hansı bir dərman iynəsi vurulmazdan əvvəl "prob" qoyurlar. Əgər orqanizm həmin dərmanı qəbul edirsə, xəstəyə həmin iynə vurulur, əks təsir olarsa, dərman iynəsi dəyişdirilir.

 Azərbaycanın bir çox möhtərəm və möhtəşəm, dahi intellek və düşüncə, "bacarıq" və "qabiliyyət" sahibi olan icra başçıları da öz fəaliyyətlərində dünyanın "mütərəqqi" üsul və metodlarından istifadə edirlər ki, öz rifahlarını, "pardon", xalqın rifahını göylərə qaldırsınlar. Xalqın sosial-iqtisadi vəziyyətini "yaxşılaşdırsınlar".

Başqa cür də ola bilməz, axı məmur xalqın xidmətçisidir. Vəzifəsi də xalqa və dövlətə xidmət etməkdir. Məhz buna görə də, evsiz-eşiksiz xalqın xidmətçisi 30-40 otaqlı villada yaşayır. Avtobus yoxluğundan işə, məktəbə ayaqla getmək məcburiyyətində olan xalqın xidmətçisi 200-300 minlik maşında gəzir.

Bu məqamda, rayonlardan birində baş verən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, kəndlərdə görüş keçirən icra başçısına kənd yollarının bərbad vəziyyətindən şikayət edənlərə, başçının cavabı belə olur: "İndicə həmin yolla gəldim və heç bir narahatlıq keçirmədim". Ancaq həmin rayonun icra hakimiyyətinin başçısı yaddan çıxarır ki, kənd əhli heç də onun kimi, yolların təmirinə dövlət tərəfindən ayrılan milyonlarla vəsaitin hesabına alınan konfortlu avtomobillərdən istifadə etmir. Dövlət vəsaitini özünün şəxsi rifahı üçün xərcləyən bu "xalqın xidmətçisi" əlbəttə ki, bundan da heç bir narahatlıq keçirmir. Burada köhnə bir sovet lətifəsi yadıma düşdü. Onu diqqətinizə çatdırım ki, bir qədər müqayisə aparasınız.

Sovet dönəmində xarici qonaqları gəzdirən avtobus (o zamanlar ona "Qostevoy"deyirdilər, yəni qonaqlar üçün,) Moskva (SSRİ-nin paytaxtı, bilməyənlər üçün qeyd etdim) şəhərində yavaş-yavaş hərəkət edir. Bayırda şıdırğı yağış yağır. Yol qırağına toplaşan insanları görən qonaqlar bələdçidən soruşur:

-Onlar kimdir, nə üçün yağışın altında durublar?

Bələdçi cavab verir:

-Eto sovetskiy narod. Yəni bu sovet xalqıdır.

Bu an onların yanından sürətlə keçən qara rəngdə QAZ-31 markalı avtomobil yoldakı parçıqlı suyu insanlara çırpır. Qonaqlar yenə də maraqla soruşur:

-Bəs bu kimdir, niyə elə edir?

-Eto sluqa naroda. Yəni bu həmin xalqın nökəridir.

Bu gün görünür bizdə də, heç nə dəyişməyib. Xalqın qulluqçusu, xalqın özündən qat-qat yüksək səviyyədə təminata malikdir. Məhz bu səbəbdən də, Azərbaycan xalqı ilə bu xalqa xidmət etməli olan dövlət qulluqçuları-məmurların yaşam tərzi arasındakı uçurum günü-gündən böyüyür. Sonda həmin uçuruma kimin düşəcəyi də, artıq göz önündədir. Baxmayaraq ki, artıq bir çoxları həmin uçurumdadırlar, digərləri bundan heç bir nəticə çıxarmaq istəmirlər.

Əlqərəz, keçirəm əsas məsələyə. Bu gün Bakı bazarlarında ən ucuz və ən bol məhsul limondur. Sovet dönəmində 4-5 manata satılan limon, bu gün 5-i, hətta 7-si bir manata satılır. Bax, əsil tərəqqi, inkişaf da buna deyərlər. limon gözəllikdir, limon sağlamlıqdır.

Biz isə bu tərəqqini və inkişafı görməyən asi təbəqəyik, bununla belə, bəzi şeyləri görürük. Görürük ki, icra başçılarının yollara qoyduğu "prob"lar artıq öz nəticəsini verməkdədir. 

Sən demə, icra başçıları bu "prob"ları qoymaqla heç də səhv etməyiblər və belə qərara gəliblər ki, dövlət vəsaitlərini yolları asfatlamaq kimi "səmərəsiz" işlərə xarcləmək olmaz. Asfalt həm də insanların sağlamlığına, maddi durumuna mənfi təsir göstərə bilər. Məsələn, isti havada asfalt qızır, ayaqqabıya yapışır, onu heç qoparmaq da olmur. İnsanlar da asfaltın iyindən boğulur, nəfəsləri çatmır. Çınqıl, palçıq isə belədir ki, yuyursan, olur tər-təmiz, həm də nə iyi var, nə də tüstüsü. Buna görə də yolları çınqıllamaq daha yaxşı vasitədir, həm ucuz, həm də təbii.

Son zamanlar bələdiyyə seçkilərinin yaxınlaşması ilə bağlı Bakıətrafı kəndlərdə də çınqıllama əməliyyatı geniş vüsət alıb. Hara "prob" qoymuşdularsa, çınqıllayırlar. Sən demə, Bakıətrafı kənd və qəsəbələrdə yollar "çınqılizm" xəstəliyinə yoluxubmuş.

Deyirəm, nə yaxşı ölkəmizin ərazisində suyu azalan çaylar və həmin çaylarda məmurların çınqılqıran texnikaları var. Yoxsa, icra başçıları bizim yollarımızı "çınqılizm" xəstəliyindən necə xilas edərdilər? Necə deyərlər, çınqıl bol olarsa, basılmaz məmurlarımız.

Ansaq açığını geyim ki, bu çınqılda da heç “həya-abır” yoxdur ey, üstündən 3 dəfə maşın keçən kimi, çəkilir qeybə. Çala-çuxur da necə var, qalır yerində. 

Allah xalqımıza səbr versin!

 P.S. Yazıda hansı rayonlardan söhbət getdiyini yəqin ki, anladınız. Ona görə ad çəkmədim ki, həmin rayonların icra hakimiyyətlərinə söykənən "həmkarlarım" məndən inciməsinlər. Qoy hər kəs bu yazıda özünü görüb payını alsın. Qərəzsiz və şərhsiz.

 Yusif Seyid

0.15459609031677