İdxalın stimullaşdırılmasına son qoyulmalıdır

 

İnhisarçılıq bazar iqtisadiyyatı modelini sıradan çıxarıb

 Son zamanlar ölkənin daxili bazarında qiymətləri ucuzlaşdırmaq məqsədi ilə idxal mallarına tətbiq edilən vergi və rüsumların azaldılması bir tendensiya xarakteri almaqdadır. Bu, bəlkə də sadə alıcı - sıravi vətəndaş, ümumiyyətlə cəmiyyət tərəfindən, dövlətin qayğısı kimi rəğbətlə qarşılana bilər. Çünki hökumət faktiki olaraq bu addımla ixdal edilən məhsulların maya dəyərini aşağı salır ki, bu da əhali arasında daxili bazarda həmin məhsulun qiymətinin ucuzlaşması gözləntiləri formalaşdırır. Tutaq ki, son 10 ildə Azərbaycana idxal edilən ərzaq buğdası və quş yemi 18 faizlik əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Nəticədə nələr baş verib? Son on ildə ölkədə ərzaq buğdasının bir kiloqramının qiyməti 15-20 qəpikdən 40-50 qəpiyə qədər bahalaşıb. Bu hələ yerli buğdanın qiymətidir, idxal buğdasının qiyməti keyfiyyətə uyğun olaraq daha baha qiymətə təklif edilir. Düzdür, bu qiymət artımına 2015-ci il devalvasiyasının da təsiri olub, xüsusilə də idxal edilən mallara. Çünki idxal malları xarici valyutaya alınır, xarici valyuta  bahalaşanda isə onun qiymətinin qalxması məntiqlidir. Lakin hər halda, bizim sözügedən məhsulun ucuzlaşmasına yönəlik yürütdüyümüz siyasət (ƏDV-dən azad etmə) uğursuzluğa düçar oldu. Məhsul ucuzlaşmaq əvəzinə bahalaşdı. Bunun bir səbəbini yuxarıda qeyd etdik, digər əsas səbəb isə daxili bazarda və idxalda inhisarçılığın olmasıdır. Zəlzələdənmi-vəlvələdənmi, bu siyasətin özünü doğrultmadığı aşgar göründüyü halda, hökumət ƏDV-dən azad edilən malların siyahısını genişləndirmək barədə düşünür. Bu tamamilə yanlış iqtisadi siyasət kursudur.

Belə ki, hökumət gələn ilin yanvar ayından ölkəyə idxal edilən iri və xırda buynuzlu heyvan və toyuq ətini ƏDV-dən azad etmək istəyir. Bununla yanaşı, hökumət kənd təsərrüfatı sahəsində çalışan, heyvan və quş əti istehsalçılarının biznesini genişləndirmək məqsədi ilə onlara müəyyən güzəştlərin və dəstəyin verilməsi barədə düşünür. Bu günlərdə parlamentin İqtisadi Siyasət Komitəsinin iclasında müzakirə edilən yuxarıda qeyd etdiyimiz bu iki məsələ iqtisadi baxımdan bir-biri ilə ziddiyyət təşkil edir. Tutaq ki, biz mal və quş ətini ƏDV-dən azad edərək bazarda qiymətini ucuzlaşdırmağa (hərçənd ki, bu mümkün deyil) nail olduq, bu halda yerli istehsalçılar həmin məhsulların ucuz satıldığı bazara mal çıxartmaqda maraqlı olmayacaqlar, ona görə ki, ət ucuzlaşacaqsa onun istehsalına maraq azalacaq, idxalına isə maraq artacaq. Nəticədə fermerlərə verilən dəstək və güzəştlər hədər gedəcək, digər tərəfdən isə daxili bazar daha çox idxaldan asılı vəziyyətə düşəcək.

Fikrimizcə, hazırkı dövrdə hökumət ölkəyə idxal olunan bu məhsullara tətbiq edilən ƏDV-ni aradan qaldırmadan fermerlərə daha çox dəstək və güzəştlər etməlidir. Bir tərəfdən idxal stimullaşdırılmadığına görə qiymətlər sabit qalacaq, digər tərəfdən isə fermerlərə edilən güzəşt və verilən dəstək hesabına onların istehsal etdiyi məhsulun maya dəyəri aşağı düşəcək ki, bu da sonda fermerin mənfəətinin artmasına - istehsalı genişləndirməsinə maraq yaradacaq. Sadəcə olaraq, bir məsələyə diqqət yetirmək lazımdır ki, bu iqtisadi siyasət dərinləşdikdə kənd təsərrüfatının da inhisarlaşmasına imkan verilməsin. Hal-hazırda aqrar sahədə ciddi inhisarçı mövcud olmasa da, bu istiqamətdə inkişaf meyilləri sürətlənməkdədir. Əgər bu sahədə də irəliləyişlə, inkişafla bərabər inhisarçılıq da güclənəcəksə, müəyyən mərhələdə durğunluğun başlayacağı qaçılmazdır.

Bazar iqtisadiyyatı elə bir iqtisadi modeldir ki, inhisarların olduğu, rəqabətin sıradan çıxarıldığı mühitdə yaşaya bilmir, sadəcə olaraq "ölür". Hazırda Azərbaycan iqtisadiyyatının heç bir sektorunda nəzəri baxımdan bazar iqtisadiyyatı modeli tamlıqla mövcud deyil. Qanunvericilik bazası qüsurlu da olsa formalaşdırılıb, amma inhisarçılığın aşırı dərəcədə inkişafı nəticəsində rəqabət mühitinin darmadağın olunması, bazar iqtisadiyyatı modelini sıradan çıxarıb. Aqrar sahə isə geri qaldığından o hələ ki inhisarçıların maraq dairəsindən kənarda qalıb. Bu səbəbdən də kənd təsərrüfatına dəstək və güzəştlərlə əhatə olunmaqla rəqabətli inkişafına nail olmaq müm-kündür.

Sonda nəticə olaraq onu xüsusi vurğulamaq istərdik ki, hökumət ölkə daxilində istehsal potensialları yüksək olan məhsulların idxalını stimullaşdırmaqdan vaz keçməli, əvəzində isə daxili potensialın reallaşdırılması üçün fermerlərə ciddi dəstək göstərilməlidir. Konkret olaraq, Azərbaycanda ət istehsalını yerli tələbatı ödəyəcək, hətta, ixrac edilə biləcək səviyyəyə qaldırmaq mümkündür.

 Akif Nəsirli

0.23859286308289