"Uşaqpulu" olacaq?!

 

Akif Nəsirli

ÜSY-nin hədəfi uşaqlar deyil, bütöv ailədir

Artıq bir neçə aydır ki, cəmiyyətdə dövlət tərəfindən ödənilən "uşaqpulu" yardımının bərpa olunması aktual müzakirə mövzularından birinə çevrilib. Düzü, cəmiyyətdə bir sosial sifariş var ki, hökumət "uşaqpulu"nu bərpa etsin, amma dövlət məmurları və deputatların əksəriyyəti əsaslandırmağa çalışır ki, hazırda bu adda müavinətin verilməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, Azərbaycanda 2006-cı ilə qədər hər bir uşaq üçün o zamankı pulla ayda doqquz min manat (indiki pulla 1,8 manat) uşaqpulu verilirdi. Həmin dövrdə bu məbləğin utancgətirəcək dərəcədə az olması barədə cəmiyyətdə ekspertlər səviyyəsində ciddi narazılıqlar var idi. Hökumət çıxış yolu kimi "uşaqpulu"nu ləğv edərək dövlət ünvanlı sosial yardım layihəsinə start verdi. Lakin həmin dövrdə də "uşaqpulu" adlanan müavinətin ləğv edilməsinə qarşı çıxan kifayət qədər mütəxəssislər oldu. Onların fikri bundan ibarət idi ki, müavinəti ləğv etmək yox, ölkənin gələcəyi sayılan uşaqlara layiqli "uşaqpulu" vermək lazımdır.

Fikrimizcə, "uşaqpulu" ləğv edilən dövrdəki sonuncu qənaət bütün dövrlər üçün məqbul sayılmalıdır. Bəzi deputatlar, o cümlədən də Musa Quliyev o fikirdədir ki, imkansız ailələrin uşaqlarına müavinət vermək olar, amma varlılara lazım deyil. Bu, kökündən yanlış yanaşmadır. Çünki hökumətin gələcək vətəndaşın qayğısına qalması, onun "uşaqpulu" şəklində ifadə edilməsi birinci növbədə mənəvi məsələdir. Qanunla 18 yaşına çatan, vətəndaş hüququ qazanan hər bir soydaşımızın çiynində müxtəlif vətəndaşlıq mükəlləfiyyətləri, borcları yaranır. 18 yaşlı vətəndaş həqiqətən məntiqi şəkildə hiss etməlidir ki, onun bu Vətənə borcu var. Bunun üçün digər qayğılarla yanaşı (səhiyyə və təhsil), maddi ifadədə qayğı - "uşaq pulu" da ortada olmalıdır. Verilən müavinatın baza hissəsi ailə vəziyyətindən asılı olmayaraq hər bir uşağa təyin edilməli, həm də Azərbaycan dövlətinin adına layiq məbləğdə olmalıdır. Bunun ardınca isə biz ailələrin vəziyyətini müzakirə edib, kasıb ailədən olan uşaqların müavinətinin üstünə müəy-yən məbləğlər əlavə edə bilərik. Baza hissəsi isə hər bir uşağa təyin edilməlidir.

Bir sıra başbilən isə düşünür ki, "uşaqpulu" təyinatı olarsa, ailələrin gəlirləri artacaq və onlara verilən dövlət ünvanlı sosial yardım (ÜSY) avtomatik olaraq kəsiləcək. Bunun da çox sadə yolları var - ya uşaqlara hesablanan müavinat ÜSY təyinatında hesablanan gəlirlərə daxil edilmir, ya da ÜSY-nın ehtiyac meyarını artırmaqla problemi həll etmək olar.

O ki qaldı ÜSY-nin "uşaq pulu"nu əvəzləməsi barədəki fikirlərə, birincisi, ÜSY-nin hədəfi uşaqlar deyil, bütöv ailədir. Bu layihənin hədəfi ölkədə kasıb sayılan 5 faizlik (beş yüz min) əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdır. 01 yanvar 2019-cu ilin göstəricilərinə görə layihə çərçivəsində 50 min ailəyə ÜSY verilir. Çünki ölkə Prezidentinin fərmanı ilə ötən ilin sonunda hər bir ÜSY verilən ailəyə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 100 manat "bayram pulu" vermək üçün beş milyon manat ayırmışdı. Bu yaxınlarda isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi açıqlama verdi ki, ölkədə 70 min ailə ÜSY alır. Yəni bu layihə hədəflədiyi 5 faizlik əhalini belə, əhatə etmir, cəmi 280 min əhalinin sosial vəziyyətinə təsir edə bilər. Hələ biz onu nəzərə almırıq ki, bu yardım bir çox hallarda ünvanına çatmır. Orta statistik azərbaycanlı ailəsində uşaqların sayının iki olduğunu nəzərə alsaq, bu layihə 140 min uşağı əhatə edir. Bu isə o deməkdir ki, sözügedən layihədən ölkədəki uşaqların yalnız 4,7 faizə qədəri  yararlana bilir. Məlumat üçün bildirək ki, Azərbaycanda 0-18 yaş arası uşaqların sayı artıq 3 milyona çatıb.

Bəzi mütəxəssislər xarici ölkələrlə müqayisə etməklə Azərbaycanda "uşaq pulu"nun verilməsini əsaslandırmağa və ya əksini sübut etməyə çalışır. Bu müqayisənin özü heç vaxt ədalətli nəticəyə gətirib çıxarmayacaq. Çünki hər bir ölkə iqtisadiyyatının xüsusi özəllikləri var. Məsələn, Avropanın bir sıra ölkələrində "uşaqpulu" vergi güzəştləri şəklində təzahür edir. Hər uşaq üçün 200-600 avro arasında vergi güzəşti nəzərdə tutulur. Bu ölkələrdə demək olar ki, hər bir ailə bu və ya digər şəkildə vergi ödəyicisidir. Bizdə isə bu sistemin tətbiqi, ümumiyyətlə mümkün deyil. O üzdən də hesab edirik ki, Azərbaycanda uşaqların layiqli müavinətlə təmin edilməsi həm iqtisadi baxımdan, həm mənəvi baxımdan əsaslıdır, həm də bu, bir sosial sifarişdir.

0.20258903503418