“Züymedia”,  yoxsa  “zurnalistika”

 

Yusif Seyid

Mətbuat xalqa və dövlətə xidmət etməlidir

Son zamanlar Azərbaycan media cameəsinə qarşı məmurların təzyiq forması bir qədər də sərtləşib. Bu da ondan qaynaqlanır ki, Prezident İlham Əliyev ölkədə ciddi kadr islahatlarının keçirilməsinə start verib. Oturuşmuş köhnə, heç bir yeniliyi qəbul etməyə  kadrlar isə təşvişlə növbənin nə vaxt onlara çatacağını gözləyirlər. Belə bir məqamda onlardan hər hansı birinin naqis əməlləri ictimailəşərsə, heç şübhəsiz ki, vəzifə karyerası da sona çata bilər. Bu tip məmurlar öz fəaliyyətlərini təhlil edərək, günün tələblərinə və Prezidentin göstərişlərinə uyğun şəkildə dəyişmək əvəzinə, özlərini mediadan qorumaq üçün sədd yaratmağa çalışırlar. Çünki bu tip məmurların çapıb-talamaqdan başqa əllərindən heç bir iş gəlmir və heç şübhəsiz ki, Prezidentin gerçəkləşdirdiyi kadr islahatlarının dalğası bir gün onlara da çatacaq. 

 

Bu mənim subyektiv fikrimdir və bütün həyatım boyu bu prinsiplə çalışmışam ki, mətbuat xalqa və dövlətə xidmət etməlidir.

Lakin təəssüflər olsun ki, dövlət müstəqilliyimizin əldə olunmasından bir müddət sonra mətbuatda bir sıra neqativ təzahürlər özünü göstərməyə başladı. Totalitar sövet rejimindən qurtulan Azərbaycan mediası, sanki bir burulğana düşdü və çox pis bir istiqamətdə inkişaf etməyə başladı. Burada Ümummilli lider Heydər Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olması üçün yaratdığı münbit şərait də, az rol oynamadı. Ulu Öndərin yaratdığı imkanlardan yararlanan bir qrup media "xadimləri" demək olar ki, bütün gücü ilə ölkədə mətbuatın məhvi üçün səlib yürüşünə çıxdılar. Xalqını, dövlətini sevən, onun inkişafı üçün çalışan mətbuat işçiləri isə sanki bir küncə sıxışdırıldı. Mətbuat meydanı "züymedia"nın və "zurnalist"lərin oylağına çevrildi. Mətbuatdan, qəzetçilikdən, jurnalistikadan bixəbər bu kütlə ölkə mətbuatında az bir zamanda çox pis bir tendensiyanın əsasını qoydu. Bununla da mətbu sözünə, jurnalistikaya münasibət tamamilə dəyişdi.

Hələ o dövrdə bir qrup jurnalistlər, bu tendensiyanın qarşısını almaq, onları bu əməllərindən çəkindirmək, ictimai qınaq yolu ilə ifşa və islah etmək məqsədilə müəyyən tədbirlər görməyə cəhd etdilər və açıq etiraf edim ki, buna gücləri çatmadı. Artıq "züymedia" və onu idarə edən "zurnalistlər" ölkənin media məkanının tam yarısını ələ keçirmişdilər. Bu ərəfədə bir çox özünə və sözünə qiymət qoyan jurnalistlər bu məkanı tərk etmək məcburiyyətində qaldılar.  

Proses bir müddət beləcə davam etdi. Dövləti çapıb-talayan, var-dövlət, sərvət sahibi olan məmurların müdafiəçilərinə çevrilən həmin "zurnalist"lər də talançılardan aldıqları "pay"la öz güzəranlarını düzüb-qoşdular və bu məmurların hesabına "züymedia"nın inkişafı üçün maliyyə mənbəyi qazandılar. Açıq etiraf edim ki, bununla da Azərbaycan mediasını və jurnalistikanı hörmətdən salmağı bacardılar. Korrupsioner, rüşvətxor məmurlara da, elə bu lazım idi. Çünki, az-çox müstəqil olan, öz mövqeyini qorumağa çalışan qəzetləri və jurnalistləri şantaj etmək üçün məmurlar məhz həmin "zurnalist"lərdən istifadə edirdilər.

Vəziyyət bu formada davam edə bilməzdi. Məhz buna görə də jurnalistlər, öz mövqelərini və hüquqlarını qorumaq məqsədi ilə bir təşkilat yaratmaq qərarına gəldilər və 15 may 2003-cü ildə Mətbuat Şurası yaradıldı. Şuranın əsas məqsədlərindən biri də, məmur-mətbuat məsələlərini tənzimləmək idi. Bu dövrdə "züymedia"nın fəaliyyəti o qədər genişlənmişdi ki, artıq reket fəaliyyətinə keçmişdilər və buna qarşı ciddi tədbirlərin görülməsinə ehtiyac yaranmışdı.

Mətbuat Şurasının tərkibində "reket jurnalistlərə qarşı mübarizə komissiyası" yaradıldı. Az bir müddətdə bu komissiyanın hazırladığı siyahıya bir çoxlarının adı salındı. İpə-sapa yatmayaraq öz əməllərini davam etdirənlərə qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində bir çox "zurnalist"lər və "züymedia" təmsilçiləri ifşa olundu, hətta həbs edilənlər də oldu. Lakin çox təəssüf ki, bu media təmsilçiləri ilə əməkdaşlıq edən, onları dəstəkləyən məmurlar cəzadan kənarda qaldılar və məhz bu səbəbdən də reket-zurnalistlərin fəaliyyətinin kökünü kəsmək mümkün olmadı.

Bu da onu deməyə əsas verir ki, ölkədə reket jurnalistikanın inkişafına təkan verən əsas səbəbdən biri də məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiyadır. Ən əsası da odur ki, öz əməllərini ictimaiyyətdən gizlətməyə çalışan bəzi məmurlarla "zurnalist"lərin mövqeləri üst-üstə düşür. Məhz bu səbəbdən də, Mətbuat Şurasında yaradılan komissiyanın bütün cəhdlərinə baxmayaraq, onların fəaliyyətlərinin də qarşısının alınması, demək olar ki, mümkün olmadı.

Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində dövlətimizin gördüyü işlərdən daha səmərəli yararlananlar da, məhz reket mətbuatı oldu desək, yanılmarıq. Qəzetə olan nəzarəti, qəzet nəşrinin çətinliyini görən reketlər az bir zaman kəsiyində elektron mediaya transfer olundular. Bu gün ölkəmizdə barmaqla sayılacaq sayda reket qəzetlər qalıb və onları da artıq hamı tanıyır. Sosial şəbəkələrdə yer alan elektron media isə öz "çiçəklənmə" dövrünü yaşayır. Və demək olar ki, bu gün bu sahəyə heç bir nəzarət mexanizmi yoxdur. 

Görün son zamanlar bu sahədə vəziyyət hansı həddə çatıb ki, dövlətimizin başçısı, Prezident İlham Əliyev də oktyabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə sərt reaksiya vermək məcburiyyətində qalıb.

Bu gün dövlətimiz, xüsusən də Prezident İlham Əliyev Azərbaycan mediasının müstəqilliyi və inkişafı üçün çox böyük işlər görür. Bütün bunlara baxmayaraq, bəzi mətbu orqanları məmurların əlində oponentlərinə qarşı mübarizə vasitəsinə çevrilib. Dövlətdən və xalqdan taladığı vəsaitlər hesabına öz harın, meşşan həyatlarını yaşayan həmin məmur çetesi, əlatılarına çevirdikləri "zurnalist"lər vasitəsi ilə ölkəmizdə görülən qlobal işlərə kölgə salmağa çalışırlar.

Çıxışında bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev deyib:" Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu istahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Əgər kimsə hesab edirsə ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatların alternativi yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyirsə, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz".

Prezident həmçinin ictimai nəzarət məsələsinə toxunaraq deyib:"Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədlərə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz bütün xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq -mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən də ölkə vətəndaşları. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər yerdə, hər bir bölgədə, Bakının hər bir yerində, əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyati orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol verənləri məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da ictimai nəzarət baxımından daha fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".

Bax belə! Bu gün kölgə mətbuatı təmsilçiləri vasitəsilə özlərini qorumağa çalışan-haqq sözü deyən, nöqsanları aşkarlayaraq ictimailəşdirən jurnalistləri şər-böhtan atmaqda ittiham edən- bəzi məmurlar üçün Prezidentin bu çıxışı bir xəbərdarlıq olmalıdır. Məmurlar unutmamalıdır ki, haqq söz gec-tez öz hədəfini tapır və bundan qaçmaq mümkün deyil. Bu gün ətrafına topladığı zurnalist-reketçilər vasitəsi ilə müdafiə olunmağa çalışan məmurlar yaddan çıxarmamalıdırlar ki, Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə sonunda qələbə çalacaq.

Azərbaycanda haqq sözün sahibi olan, xalqına və dövlətinə sadiq jurnalistlər də  bu işdə Prezidentə dəstək olacaqlar və günün birində harın, qudurğan, rüşvətxor, korrupsioner məmurların at oynatdığı dövran bitdiyi kimi, reket medianın da sonu çatacaq. Prezidentin son müşavirədə ictimai nəzarətin gücləndirilməsinə xüsusi diqqət çəkməsi də boşuna deyil. Çünki məmur özbaşınalığının, rüşvətxorluğun, korrupsiyanın əsas mənbəyi, məhz ictimai nəzarətin olmamasıdır.

Hesab edirəm ki, mediaya dəyər verən hər bir jurnalist də, ictimai nəzarətçi funksiyasını yerinə yetirir. Məhz buna görə də, həyatımızın bütün sahələrində baş verən çatışmazlıqları, nöqsanları qorxmadan, çəkinmədən ictimailəşdirmək lazımdır. Jurnalist əmin olmalıdır ki, bu yol dövlətçilik yoludur, haqq yoludur. Jurnalistləri özünün dostu hesab edən Prezident jurnalistlərə güvəndiyi kimi, jurnalistlər də Prezidentə güvənməlidir. 

0.24872303009033