Zirvə toplantısı Bakını iflic etdi

 

Akif Nəsirli

Bu, vətəndaşın hərəkət hüququnun pozulması faktıdır

 

Bu gün haqqında söhbət açmaq istədiyim problem, onun yaranmasına səbəb olan məsələnin yanında kimlər üçünsə çox cılız görünə bilər. Məsələn, "vətən fədailəri" olan dövlət məmurları, deputatlar və s. bu qəbildən olan şəxslər deyə bilər ki, biz Bakıya türkdilli dövlətlərin başçılarını toplayıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısını keçiririk. Bütün türk dünyasını narahat edən problemlərin çözülməsi üçün müzakirələr aparırıq, bakılılar isə bir neçə gün işdən evə gedə bilmədiklərinə görə narazılıq edirlər. Bu məqamda qeyd etməyi vacib bilirəm ki, istənilən dövlətin, fərq etməz, ucqar kənddə, qəsəbədə, istərsə də paytaxtda əsas vəzifəsi, vətəndaşların rahatlığını və məmnunluğunu təmin etməkdir. Amma geridə qoyduğumuz iki gündə - 14 və 15 oktyabr tarixlərində günün müxtəlif vaxtlarında Bakı şəhərinin mərkəzində nəqliyyat xaosu yarandı. Türkdilli Dövlətlərin Əməkdaşlıq ŞurasınınToplantısında iştirak etmək məqsədi ilə Bakıya gələn türkdilli dövlətlərin rəhbərlərini müşayiət edən avtomobil korteji hansı küçə ilə hərəkət edirsə, həmin küçə və ona birləşən digər mərkəzi küçələrdə nəqliyyatın hərəkəti tam dayandırıldı. Sammitin keçirildiyi binaların ətrafından keçən bütün küçələrdə həyat donduruldu. Əlqərəz, Bakı şəhərinin işə gedən və işdən qayıdan bütün sakinləri həm saatlarla dayanacaqlarda durub əsəb keçirdi, həm də 30 qəpiklik yolu taksi ilə bir neçə manata qət etməli oldu.

Məsələnin daha acınacaqlı tərəfi isə ondan ibarətdir ki, şəhərdə nəinki nəqliyyatın hərəkəti üçün alternativ yol təklif edilmədi, heç yolların bağlanacağı barədə elan belə, verilmədi. Məsələn, sərnişin 20-ci sahəyə getmək üçün N.Nərimanov metro stansiyasının yanından hökumətin öz şirkəti olan "Bakubus" MMC-yə məxsus "5" saylı marşrut xətti üzrə hərəkət edən avtobusa əyləşir, yolun yarısında sürücü elan edir ki, "qarşıda yol bağlıdır, ona görə də xahiş edirəm, avtobusu tərk edin". Bu elandan sonra hamı deyinə-deyinə evə getmək üçün taksi axtarışına çıxmaq məcburiyyətində qalır. Əslində, vətəndaş hüquqlarının əsaslı şəkildə qorunduğu ölkələrdə belə halların baş verməsi böyük səs-küyə, media araşdırmasına və hətta, məhkəmə çəkişməsinə səbəb ola bilər. Bu sətirlərin müəllifi, yalnız bir xətt üzrə hərəkət edən avtobusda bu halı müşahidə edibsə, bu günlərdə digər xətlər üzrə yüzlərlə avtobuslarda bu kimi halların yaşandığı barədə redaksiyaya çoxsaylı müraciətlər olub. Bu müraciətlərdə 88, 125, 53, 6 və s. onlarla digər marşrut xətləri üzrə hərəkət edən avtobusların hərəkətinin iflic vəziyyətə düşdüyü bildirilir. Bu, konkret olaraq vətəndaşın sərbəst hərəkət hüququnun pozulması faktıdır. Hansı ki, bu vəziyyətin səbəbi də çox maraqlıdır. Bu hadisəyə səbəb, başqa bir ölkə vətəndaşını idarə etmək məsuliyyətini üzərinə götürən, vətəndaş hüquqlarının qorunmasına cavabdeh olan rəsmi şəxslərin Bakıya səfəridir. Kəskin, təzadlı bir mənzərənin şahidi oluruq - başqa ölkənin vətəndaş hüquqlarının qarantı olan şəxslərin hərəkəti Bakıda yerli əhalinin hüquqlarının pozulmasına səbəb olur.

Bu təzadı yaradan əsas səbəb bizə keçmiş SSRİ-dən miras qalan təhlükəsizlik sistemidir. İndiki Rusiya və digər postsovet məkanına daxil olan ölkələrin böyük əksəriyyəti təhlükəsizliyin təminatında bloklama modelindən istifadə edir ki, bu da ərazidə yaşayan əhalinin hərəkəti üçün ciddi problemlər yaradır. Məsələn, Avropa məkanında mobil təhlükəsizlik modelindən istifadə olunur. Bu modeldən istifadə zamanı rəsmi şəxsləri daşıyan kortejlərin hərəkəti zamanı digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmağa ehtiyac qalmır. Bir neçə ay əvvəl azərbaycanlı mühacirlər Azərbaycan Respublikası Prezidentinin Strasburqa səfərini yaxından izləyərək çəkib, internet resurslarına yükləmişdilər. Həmin kadrlardan görünür ki, ölkə prezidentləri burada hətta, xüsusi mühafizəçilərə belə, ehtiyac duymur. Çünki onlar əmindir ki, onların təhlükəsizliyi "görünməz əl" vasitəsi ilə təmin edilib, ikinci xüsusi təhlükəsizliyə ehtiyac yoxdur. Yüksək vəzifəli rəsmi şəxslərin təhlükəsizliyinin təmin edilməsində Avropa modelinin tətbiq edilməsi, bu gün bütün postsovet məkanı ölkələrinin tələbatına çevrilib. Çünki bu ölkələrin əksəriyyətinin paytaxt küçələri dar olduğundan, təhlükəsizliyin bloklama üsulunun tətbiq edilməsi şəhərin iflic olması ilə nəticələnir.

Sonda onu da diqqətinizə çatdıraq ki, Azərbaycanda da yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin təmin edilməsində Avropa modelindən istifadəyə keçilməsinin vaxtı çoxdan çatıb və buna ciddi ehtiyac var.

0.16997098922729