ŞƏHİDLİK

 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

 

İslam dininin varlıq qayəsi insanın aşağıdakı təməl haqq və azadlıqlarını qorumasından ibarətdir:

  1. a) yaşamaq haqqı olan canını;
  2. b) yaşamasını təmin edən malını;
  3. c) haqq ilə batili ayırd etmək üçün söz və düşüncə azadlığını;
  4. q) dinini;
  5. d) soy və tarixini yaşadan nəslini.

Lakin bu ilahi postulatın fərd və toplumlardan ibarət bütöv bir xalq, ümmət üçün icrası-qorunması bundan da vacib və qüdsi məsələdir. Bu isə dövlət və hakimiyyətin xalqın fitratdan gətirdiyi dəyərləri necə qorumasından asılıdır. Qeyd edək ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyini - xalqı qorunmaqla, dövlət və hakimiyyət həm də özünü yaşatmış olur. Deməli, geniş mənada İslamın varlıq qayəsi hakimiyyətin mənsub olduğu xalqın:

  1. a) yaşamaq haqqı olan əmin-amanlığını;
  2. b) yaşamasını təmin edən yeraltı-yerüstü sərvətlərini;
  3. c) söz və düşüncə azadlıqlarını;
  4. q) etiqad etdiyi dinini;
  5. d) soy və tarixini davam etdirən nəslini qorumasından ibarətdir.

Əslində, bu dəyərlərin hamısı Allahın bizə verdiyi əmanətlərdir. Çünki "Allah öz mülkünün sahibidir və O, hər şeyə qadirdir". Bu Quran ayəsinə görə, insan da daxil olmaqla, kainatdakı hər şeyin yaradıcısı və hər şeyin sahibi Odur. İnsana yaradılışdan, fitratdan verilən təməl haqların qorunması həm də hüquqi dünyəvi sistemdə öz əksini tapıb. Belə ki, həmin dəyərlər sivil dünya ölkələrinin konstitusiyaları və BMT-nin müvafiq sənədlərində əsas və toxunulmaz ali keyfiyyətlər kimi təsbit olunub. Lakin Rəbbin doğuluşdan insana verdiyi həmin dəyərlər o vaxt səmərə və arzuolunan nəticəni verə bilər ki, fərd və cəmiyyət bu sərvətlərdən həm Allah yolunda istifadə edə bilsin, həm də onları bir əmanət kimi Allah rizası üçün qoruya bilsin. Başqa sözlə, Rəbbin yerdəki xəlifəsi olan insan, bu haqlardan bəhrələnmək üçün, lazım gələrsə, hətta onları canı bahasına belə qorumağa məhkumdur. Əks halda, o, həm özgə millət süvarisinin üzəngisindən öpməyə vadar edilər, həm də fitrata asi olduğu üçün ibadəti qüsurlu olar. Şəhidlik, məhz bu amallar uğrunda bütün vasitələr səmərə vermədiyi halda, son vasitə kimi canı Allah yolunda qurban vermək deməkdir. "Onlar (şəhidlər) Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinirlər..." (Ali-İmran, 170) və "Allah yolunda öldürülənlərə ölülər deməyin, onlar diridirlər. Lakin siz onu dərk etməzsiniz" (Bəqara, 154), "Şəhidliyin ilahi nemət və şəhidlərin peyğəmbərlərlə bir yerdə olması" barədə ayələr də bunu təsdiq edir.

 

Mənası

 

Şəhidliyin İslamda peyğəmbərlikdən sonra ən uca məqamlardan olması Quranla təsbit olunub. Şəhid, Allahın Əsməi Husnədəki 99 isimlərindən birinin adıdır. Bu ismi-sifət, yaratdığı bütün məxluqatının açıq və gizli işlərini bilən Allahın qiyamət günündə onların lehi və əleyhinə olan əməllərinə şahidlik etməsi mənasına uyğundur. Allah yolunda canını fəda verib, şəhidlik şərbətini içən şəxs, qanlı paltarı və şəhid bədənini xalqa göstərməklə Allahın Şəhid isminin təcəllisinə şəhadətlik edər. Və bundan zövq alar. Peyğəmbər (ə) buyurub: "Cənnətə girən şəxs, bütün dünya nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər"; "Şəhid ailə və qohumlarından 70 nəfərə şəfaət dilər və şəfaəti qəbul olunar"; "Qiyamət günündə üç cür şəfaət qəbul olunar: peyğəmbərlərin, şəhidlərin və alimlərin"; "Şəhidin üzərində qul haqqından başqa, bütün günahları bağışlanır".

 

Şəhidlik statusu

 

Peyğəmbər (ə)-yə görə hərb və sülh şəraitindən asılı olmayaraq: din, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və əhalisinin mühafizəsi, həm də öz canı, malı, söz azadlığı, namus, şərəf və nəslini müdafiədə ölənlər şəhiddirlər. Soyğunçu, terrorçu və dövlətçiliyə zərbə vuranlarla mücadilədə həlak olanlar şəhiddirlər. Ruzi dalınca qürbətə gedib, orada ölən saleh bəndələr, elm uğrunda və ailəsi üçün halal çörək qazanarkən işdəki qəzadan ölənlər, təbii fəlakətdən həlak olan mömin bəndələr, vəba və digər ağır xəstəliklərdən ölən möminlər, İslamın beş varlıq qayəsi uğrunda məcburən mühacirətdə olub orada vəfat edənlər, Allah rizası üçün çalışarkən suda boğulan və yanğından həlak olanlar, ictimai yerlərdə haqqın tərəfini müdafiə edərkən öldürülənlər və b. şəhiddirlər. Bir sözlə, Allah rizası üçün və Onun yolunda canını qurban verənlər şəhiddirlər.

 

Şəhidlik dərəcələri

 

Şəhidlik üç növdür:

  1. Dünya və axirət etibarı ilə şəhid (şəhidi Kamil).

Bunlar islamın beş təməl əsası uğrunda münaqişə və müharibələrdə həlak olanlar; quldur, oğru, terrorçu, anarxist, bandit və digər dəyyuslar tərəfindən ya xidməti işdə, ya da qeyri-işdə öldürülən şəxslərdir. Kamil şəhidlik üçün 6 şərt vacibdir: O, müsəlman və ağlı başında olmalı; həddi-buluğa çatmalı; heyz, nifas və cünub olmamalı; vurulduqdan sonra dərhal ölməli; qəsdən (bilərəkdən) öldürülməlidir. Kamil şəhidlər yuyulmadan, qanlı paltarları ilə dəfn edilirlər. Yeri gəlmişkən, həzrət Ömər və həzrət Əlidə bu şərtlərdən biri olmadığından, yəni onlar vurulan anda ölmədikləri üçün onları yudular. Həzrət Osman isə vurulan anda öldüyü üçün yuyulmadan dəfn edildi. Bəşərin ilk şəhidi Adəm (ə)-nin oğlu Habildir. Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə həzrət Hüseynə məxsusdur.

  1. Axirət baxımından şəhid (şəhidi Uxrəvi).

Onlar kamil şəhidliyin tələb etdiyi şərtlərdən birinin olmaması səbəbi ilə yuyulub kəfənlənəndən sonra dəfn edilirlər. Aşağıdakı mömin şəxslər də uxrəvi şəhiddirlər: suda boğulanlar, yanğın və uçurumdan ölənlər, elm uğrunda və işdəki qəzadan ölənlər, qürbətdə vəfat edənlər, cümə günləri ölənlər, vəbadan ölənlər və s.

  1. Dunyəvi şəhidlər.

Bunlar mömin sifəti görüntüsü yaradan münafiqlərdir. Onların qəlblərindəki nifaq və ikiüzlülüyü yalnız Allah bildiyi üçün dunyəvi şəhidlərdir. Başqa sözlə, onlar xarici görünüşdən müsəlman, qəlbən kafirdirlər. Axirətdə onların nəsibi cəhənnəm odudur.

Dünyəvi-yalançı şəhidlər axirətini unudub fani dünyası üçün vuruşarkən öldürülən bədbəxtlərdir. Onlar varlanmaq, tanınmaq, vəzifə tutmaq, təriflənmək üçün mücadilə və müharibədə iştirak edənlərdir. Xalq onların əsl niyyətini bilməsə də, Xaliq belələrini yaxşı tanıyır.

Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurmanın-müharibənin mahiyyətinə nəzər salsaq görərik ki, bu, bir tərəfin İslamın beş varlıq qayəsi uğrunda, digərinin isə Azərbaycana məxsus haqqı dövlət səviyyəsində işğal edərək varlanmaq üçün apardığı vuruşdur. Bu savaşda hər iki tərəfdən insanlar öldürülsə də, fəqət şərəfli şəhidlik zirvəsi birinciyə məxsusdur. İkinci, Rəbb dərgahında şəhid sayılmır. Çünki Azərbaycan öz haqqı, Ermənistan isə özgə haqqını qapmaq uğrunda döyüşür.

Bu baxımdan, həm dini, həm də dünyəvi qanunlara görə, bu gün bəzi müsəlman ölkələrində gedən vətəndaş qarşıdurmasında kənar muzdluların iştirakının mahiyyəti də birmənalıdır. Döyüşdə öldürülən muzdlular həm bunun müqabilində pul aldıqlarına, həm də beynəlxalq qanunlara zidd getdiklərinə görə, şəhid sayılmazlar. Ümumiyyətlə, istər ölkədaxili qarşıdurmada, istərsə də bir ölkənin ərazisinin digər dövlət tərəfindən işğalı zamanı cəlb edilən muzdlular döyüş meydanında öldürülərsə, onlara şəhid demək olmaz. Burada qeyd ediləsi vacib olan başqa bir məqam da var. Əgər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə digər ölkə tərəfindən qəsd edilərsə və bu zaman beynəlxalq aləm həmin təcavüzə göz yumarsa, başqa dövlətin göndərdiyi könüllülərin (muzdluların yox, Allah rizasını qazanmaq istəyənlərin) haqqı tapdalanan tərəfində vuruşması tamamilə qəbul ediləndir. Bu zaman Allah rizası uğrunda vuruşan könüllülər öldürülərsə şəhidlik, sağ qalarsa qazilik statusunu qazanarlar.

 

Nəzəri şəhidlik

 

Məlumdur ki, iman qaynağı olan Allah vədinə görə, əməlisaleh bəndənin Cənnətdə olması İlahi təminat altındadır. Bu isə, Rəbbin verdiyi can, mal, söz, vicdan azadlıqları və soyun qorunması kimi əmanətlərin Allah rizası üçün istifadə edilməsindən asılıdır. "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin can və mallarını Tövratda, İncildə və Quranda, haqq olaraq, vəd edilmiş Cənnət müqabilində satın alıb... Bu, ən böyük qurtuluş və uğurdur" (Tövbə, 111).

Ayədən göründüyü kimi, Rəbb müqəddəs amallar uğrunda öldürülən salehlərlə yanaşı, "vuruşub öldürən" möminləri də Cənnətlə müjdələyir. Peyğəmbər (ə) isə buyurub: "Gələn təhlükəni görüb qapanmayan gözün sahibi Allah yolunda və Allah uğrunda bu təhlükəni aradan götürürsə, o bəndə, dünya və dünya içindəkilərindən daha xeyirli bir iş görmüş olur".

Bu baxımdan, İslamın varlıq qayəsi uğrunda hər hansı bədbəxtliyi aradan qaldıran bəndə hətta Kəbədən də xeyirli bir iş gördüyünə and içsə, o, yalan deməz. Zira Kəbə də, "dünya içindəkilərdən" biri olduğu üçün təbir caizdir. "Şəhadətə yetişməyi Allahdan sidq ürəklə istəyən şəxsləri də Allah şəhidlər mərtəbəsinə çatdırar. Hətta onlar öz yataqlarında vəfat etsələr də". Bu Peyğəmbər (ə) kəlamına görə, əgər bəndənin niyyəti həqiqətən sidq ürəkdən İslamı ucaltmaq, vətəni qorumaq və onu hüquqi, azad, demokratik, müstəqil etməkdirsə, Allah onu da "Şəhidlik mərtəbəsinə çatdırar". Zira əməllər niyyətə bağlıdır. Deməli, Allah rizasına uyğun saf niyyətlə qeyrət göstərib, xidməti borcunu yerinə yetirən hər bir şəxsi - din xadimini də, hərbi hissə komandirini də, naziri də, icra başçısını da, hakim və hüquq-mühafizə işçisini də və b. ölüm yataqlarında belə haqlasa, Rəbb onları şəhidlər mərtəbəsinə layiq görə bilər. "Diri şəhidlər" olan belələrinə, Allah 1918-1920 və 1990-cı illərin şəhidlərinin, Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri olan Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mir Cəfərovun (1855-1938) 83 yaşında güllənənərkən tökdüyü şəhid qanının, dünyaya: "Azərbaycan tarixşünaslığında fikir var" hayqıran Ziya Bünyadovun və ağ qar üzərində al qanları ilə "Allahu-Əkbər" yazan Xocalı şəhidlərinin savabı qədər savab qazandıra bilər. Təki bəndə, niyyətini Allah rizasına yönəltsin, şeytan və Tağuta yox. Şeytan və Tağuta qulluq edən hər kəsin ruhu zülmət, düşüncəsi qillət (ağılsız), bədən üzvləri illət (xəstə), nəfzi zillət (rəzil, alçaq) olduğu üçün, Allah onları Cəhənnəm odu ilə "müjdələyib". Müjdələyib ki, bu fani və keçici dünyada verdiyi möhlətdən sonra mütləq Ədalətini bərqərar etsin.

Peyğəmbərlər süfrəsinin daimi sakinləri olan şəhidlərimizə Allah rəhmət eləsin. Amin!

Bəşərin can fəda etməyə məcbur olmayacağı həqiqi dünya sülhünün gerçəkləşməsi arzusu ilə.

0.15196299552917