Bəzi məmurlar  müxalifətə işləyir...

 

Mahir Abbaszadə

 Onlar hətta ermənilərlə
belə, saziş bağlamağa
hazırdırlar

 

Azərbaycan inkişaf etdikcə daxili və xarici düşmənlər əndişəyə düşürlər. Ölkənin inkişafına kölgə salmaq məqsədilə hər cür yalana, böhtana, gündəlik fəaliyyətində hətta təhqirə, söyüşə belə, gen-bol yer verirlər. Xüsusən, formaca müxalifət, məzmunca düşməndən zərrəcə fərqi olmayan bu düşmən qüvvələri ağaca bənzətsək, bunlar kökü ölkə daxilində, budaqları isə xaricdə olan zəqqum ağacına bənzəyir. Nə yazıq ki, belə bir uğursuz və şüursuz müxalifətimiz var. Belə müxalifəti olan ölkəyə isə başqa düşmən lazım deyil. Bu müxalifət, hərəkətindən göründüyü kimi, ölkəyə qarşı o qədər qəddar və rəzil hərəkətdədir ki, hakimiyyəti ələ keçirmək üçün hər cür qüvvə ilə, hətta düşmən ermənilərlə belə, saziş bağlamağa hazırdır.

Radikal müxalifəti hazırda bərk körükləyən daxili və xarici düşmən qüvvələr ölkədaxili sabitliyi pozmaq üçün işğal altında olan Qarabağın və digər torpaqların azad olunmamasını bəhanə kimi ortaya atsalar da, məqsəd hakimiyyəti devirməkdir. Radikal müxalifətin hazırda iki qüvvədən maliyyə və digər yardımlar aldığı heç kimə sirr deyil. Bunlardan biri xarici düşmən - Soros və erməni lobbisi, digəri isə vaxtı ilə hakimiyyətdə olan, sonra hakimiyyətdən uzaqlaşdırılan, lakin hələ də hakimiyyətdə özlərinə yaxın məmurların köməyilə müxalifətə gizli dəstək verən anti-iqtidar qüvvələrdir.

Əgər ölkədə məmurların əli ilə baş verən mənfi proseslərin xarakterinə diqqət yetirsək, xüsusən - rüşvətxorluğun, korrupsiyanın, məmur özbaşınalığının, cinayətkar ünsürlərin cəzasız qalma hallarının, vətəndaşların, əlillərin, şəhid ailələrinin məmurlar tərəfindən incidilməsinin, bəzi hüquq-mühafizə orqanlarının, hakimlərin, prokurorluq əməkdaşlarının qanunsuz hərəkətlərini izlədikcə, adamda bu tip məmurların müxalifətə işləməsi təsəvvürü yaranır. Cənab Prezidentin xalqa yönəlik iş prinsipini həyata keçirməli olan bir çox məmurların ölkə başçısının iş qrafikinin gərginliyindən istifadə edərək, xalqı dövlətdən və ölkə rəhbərindən narazı salma hallarının çoxalması da, dediyimiz məqsədə qulluq edən danılmaz faktdır. Tutduğu vəzifədə xalqa xidmət göstərmək əvəzinə, özünün çirkin məqsədlərinə nail olmaq üçün xalqı incidən məmurların hər biri düşmən dəyirmanına su tökməklə, radikal müxalifətə xidmət edir və çirkin əməllərinin üstü açılmasın deyə, ölkədə mövcud sabitliyin pozulmasına cəhd edirlər.

Ona görə də ölkədə vətəndaş - hakimiyyət münasibətlərinin soyumasında, xalqın iqtidardan narazılığının getdikcə artmasında fəal rol oynayan yeganə qüvvə, hansı yolla olur-olsun, yalnız öz qazancını artırmaq barədə çalışan məmurlardır. Ölkədə sabitliyin yeganə qarantı kimi, xalqın rahat və firavan həyat tərzinin təmin edilməsindən asılı olduğunu yaxşı dərk edən hakimiyyət düşmənlə, radikal müxalifətlə mübarizədə qalib gəlmək üçün, ilk növbədə, dağıdıcı məmurların, ölkəni hərraca qoyan ailə sülalələrinin, mafiyaların xalqa qarşı xəyanətlərinə son qoymalıdır.

Hər kəs yaxşı bilir ki, düşmənin gücü xalqı aldadıb oyuncaq müxalifətin arxasınca aparmasındadır. Buna görə də, bu yolda xalqa milyardlarla pul xərcləməkdən çəkinməyən düşməni qabaqlamaq ən yaxşı profilaktika kimi önə çəkilməli və xalqın maraqları tam təmin olunmalıdır. Xalqın təminatı dövlətin və hakimiyyətin xilası, düşmənlərin isə məhv edilməsinin ən yaxşı variantı hesab olunur.

Gəlin, xalqı düşmənlərin və radikal müxalifətin təsirindən xilas edək, cənablar!..

0.13857293128967