Arzuları şəhid olan oğul,
yaxud, donmuş təbəssüm...

 

Vətən sərhəddən başlayır, deyirlər. Belə bir fikir də var ki, vətəni oğul qoruyar. Necə ki, 2016-cı ilin Aprel döyüşlərində baş leytenant Elvin Namazov da ana dediyi vətəni qorudu və ana Vətən uğrunda böyük şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı...

Şair-publisist Fəridə Ləmanın bugünlərdə işıq üzü görmüş “Donmuş təbəssüm” adlı kitabı Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açan baş leytenant Elvin Namazovun keçdiyi şərəfli ömür yolundan bəhs edir. Kitabın redaktoru və ön sözün müəllifi şair-publisist Xatirə Əzizdir.

Qeyd edim ki, Fəridə xanımın yaradıcılığının əsas hissəsini demək olar ki, vətənpərvərlik mövzusu tutur. Elə bu əsərdə də Vətən uğrunda canını qurban edən baş leytenant Elvin Namazovun timsalında Vətənin igid oğullarının ona olan sevgisini görürük.

Kitabda baş leytenant şəhid Elvin Namazova həsr edilən digər yazarların da şeirləri yer alıb. Əsərdə həmçinin Vətənin şəhid oğlu Elvin Namazovun nakam sevgisi, həyatındakı ağrı-acılar müəllif tərəfindən oxucuların diqqətinə çox aydın şəkildə çatdırılıb.

“Ecoprint” nəşriyyatının mətbəəsində işıq üzü görmüş ”Donmuş təbəssüm» əsəri bu misralarla başlayır.

Sən cansan-
Azərbaycansan!
Ruhum, cismim,
Ölkələr içində
Qürurum, ismim,
Hər zaman
Öyündüyüm zirvəmsən!

 

Fəridə Ləman vətənpərvərlik mövzusunda qələmə aldığı bu əsərdə Elvin Namazovun mübarizliyini, vətənsevərliyini poetik çalarla oxuculara göstərə bilib. Çünki Fəridə xanım “Donmuş təbəssüm” əsərini sözün əsl mənasında vətəndaş sevgisiylə yazıb. Əsəri oxuduqca bu fikirlərin şahidi oluruq bir daha.

Müəllifin “Donmuş təbəssüm” əsərində əsərin qəhrəmanı Elvinin uşaqlıq illərindən üzübəri üzləşdyi çətinlikləri, keçdiyi şərəfli ömür yolunu da görə bilirik. Fəridə xanım şəhid Elvinin Vətənə olan sevgisini bu misralarla bir daha oxucunun nəzərinə çatdırmağı bacarıb.

... Elvinin gündəliyi,
Vətəndaş ürəyiydi.
Vətəni azad görmək,
Ən ümdə diləyiydi...

Yaxud, poemanın digər bir bəndində isə müəllif şəhid Elvinin dilindən belə yazıb:

Şimşək çaxıb nur saçanda,
Bənövşə gülü açanda,
Quşlar yuvadan uçanda,
Gələcəm, Anam, gələcəm!

Əsərin müəllifi Fəridə Ləmanın da Vətənə olan sevgisini araya-ərsəyə gətirdiyi bir çox misralarda görürük:

... Arzusu Vətəndi, diləyi Vətən,
Vətənlə döyünən ürəyi Vətən!
Mənim qəhrəmanım elin balası,
Söykəyi Vətəndi, kürəyi Vətən!

“Donmuş təbəssüm” əsərində şəhid Elvin Namazovun anasının ağrı-acılarını da müəllif ürək yanğısı ilə qələmə alıb. Kitabda yer alan  bayatıda şəhid anasının oğul həsrəti ilə dilə gətirdiyi ah-naləni görə bilirik:

Araz balam, Kür balam,
İşıq balam, nur balam.
İnsaf elə anana,
Aç gözünü, dur, balam.

Fəridə Ləmanın vətənpərvərlik mövzusunda qələmə aldığı “Donmuş təbəssüm” əsəri bu misralarla sona yetir:

 

Dəyməsin havama,
Bir yad nəfəsi.
Düşmən, yerin olsun,
Ölüm qəfəsi.

***

Vətənin sinəsi
Yaradı, qandı.
Varsa bir Vətənsiz,
Bil, o yaddandı.

 

Qarabağ torpağında Ana Vətən uğrunda şəhidliyə qovuşan Şəhidlərimizin Vətən həsrətli, yurd nisgilli ruhu Vətənin Göylərində dolaşır. Şəhidlərin adı ürəyimizə yazılıb. Vətənin uğrunda həyatını fəda edən şəhidlərimizin adı həmişə bu millətin, bu xalqın qəlbində yaşayacaq. Çünki şəhidlər haç vaxt, heç zaman unudulmur.

Şair-publisist Fəridə Ləmanın vətənpərvərlik mövzusunda yazıb araya-ərsəyə gətirdiyi “Donmuş təbəssüm” əsəri Azərbaycanın hər bir vətəndaşının evində ən layiqli yerdə özünə yer tutacaq və oxunacaq.

Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan şair-publisist Fəridə Ləmana yaradıcılıq uğurları arzulayırıq...

 

XATİRƏ ƏZİZ (Rəhimli) Şair-publisist, jurnalist

0.3377959728241