Əhməd Əhmədzadənin
Beyləqandakı korrupsiya
şəbəkəsi

 

Azərbaycanda korrupsiya bataqlığında boğulan qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC - dir. Dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsi illərdir dövlətin hüquq - mühafizə və müvafiq orqanlarının gözü qarşısında Əhmədzadənin rəhbərliyi ilə mənimsənilir. Bu barədə poçtumuzda kifayət qədər material var.

Uzun illərdir ki, bu faktlar ortada olsa da, Əhməd Əhmədzadəyə və onun dağıdıcı komandasına «gözün üstə qaşın var" deyən yoxdur. Sonuncu dəfə qurumdakı böyük korrupsiya və mənimsəmə hallarını, ASC rəhbərinin ölkədə və xaricdə olan böyük biznes şəbəkəsini media aşkar və ifşa etdi. Lakin tədbir görən də yoxdur. Bu, ölkə üçün çox ciddi təhlükədən xəbər verir.

Bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəssisə müdirlərinin milyonçu olduqları da heç kimə sirr deyil. Dövlət büdcəsindən oğurladıqları pullar hesabına Beyləqanda kiçik oliqarxlara çevrilən üç idarə müdiri - Asim Kərimovun, Nadir Əliyevin və Möhübbət Rüstəmovun törətdikləri korrupsiya cinayətləri mediada müntəzəm işıqlandırılır və bu barədə rayon əhalisi arasında rəvayətlər danışılır.

Bu haqda redaksiyamıza məlumat verən mənbələr bildirir ki, hər üç idarə rəhbəri çalışdığı su idarəsini uzun müddətdir yuxarıdan verilən təlimat əsasında korrupsiya mərkəzinə çevirib. Hər üç idarədə qurulmuş korrupsiya şəbəkəsində eyni oxşar əməliyyatlar gedir.

İşçilərin sayı süni şişirdilir, xeyli işçinin əmək haqqı kartları müdiriyyətin seyfində saxlanır, idarənin yardımçı təsərrüfatında olan heyvanlar, torpaq sahələri dağıdılır, idarəyə ayrılan yanacaq və digər materiallar müdirlər tərəfindən mənimsənilir, əhalidən yığılan su pulu müdirin razılığı əsasında mənimsənilir.

Asim Kərimovun, Möhübbət Rüstəmovun və Nadir Əliyevin rəhbərlik etdikləri su idarələrində yaratdıqları korrupsiya şəbəkələrində əldə olunan pulun böyük hissəsinin ASC sədri Əhməd Əhmədzadəyə, digər bir qisminin isə rayon rəhbərliyinə çatdığı da verilən məlumatda qeyd olunur.

Eyni zamanda, daxil olan məlumatda adıçəkilən idarə müdirlərinin ASC-də yüksək vəzifə tutan şəxslərə, o cümlədən rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə aylıq hesab ödədikləri iddia olunur.

Əlbəttə, gözgörəsi törədilən korrupsiyadan pay almadan hüquq-mühafizə orqanları rəhbərlərinin bu qanunsuzluqlara seyrçi qalması sadəcə, mümkün deyil.

Dövlət büdcəsinin pullarını oğurlayan hər üç idarə müdirinin əməlinin Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin xəbəri olmadan baş verməsi də ağlabatan deyil, əksinə, hətta işdə onlara havadarlıq edənlər mövcuddur.

Redaksiyamıza daxil olan məlumata görə, qurumda hər üç idarə müdirinin korrupsiya işinə havadarlığı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbərinin həyata keçirdiyi bildirilir.

Mənbənin bildirdiyinə görə, ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas koordinatordur.

Qeyd edək ki, Cahan Məmmədov qurumda əsasən, Qərb rayonlarından olan idarə müdirlərini, o cümlədən Beyləqandakı hər üç idarənin korrupsiya şəbəkəsinə nəzarət edir. Mənbə qeyd edir ki, Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionuna "xaç ata"lığı etməklə, həm də geniş əlaqələrə malikdir. Cahan Məmmədovun şefi Əhməd Əhmədzadə kimi, ölkədə və xaricdə geniş biznes şəbəkəsinə malik olduğu xüsusi vurğulanır.

Redaksiyaya daxil olan məlumatlar əsasında hazırladığımız qeyddən aydın görünür ki, Melorasiya və Su Təsərrüfatı ASC - nin toxunulmazlıq hüququna malik olduğu çox aydın hiss olunan sədri Əhmədzadə ölkədə qurduğu geniş miqyasa malik korrupsiya şəbəkəsi vasitəsilə dövləti talamaqla məşğuldur.

Əhməd Əhmədzadənin ASC vasitəsilə Beyləqanda və ölkənin digər bölgələrində fəaliyyət göstərən idarələrdə qurulan korrupsiya toruna dövlət səviyyəsində "icazə verilməsi" haqqında ölkə əhalisi və mediada gəzən söhbət heç də təsadüfi deyil.

Meliorasiya və Su Təsərrüfatı ASC-də yazıda təsvir olunan korrupsiya torunun sökülməsinin, cinayətkar şəbəkənin durdurulması üçün məsələyə cavabdeh yüksək vəzifəli şəxslərin və ölkə prezidentinin müdaxiləsinə ciddi ehtiyacın olduğu hiss edilməkdədir.

Tahir Abbaslı

0.17312693595886