Radikal müxalifət
kimə xidmət edir?

 

Azərbaycanda siyasi gərginlik düşmənə lazımdı

 

Ölkəmiz müstəqillik əldə etsə də, hələ də bir sıra daxili və xarici problemləri həll etməyib. Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması ən böyük problem olsa da, ancaq problemlər bununla da bitmir. Böyük problemlərdən bəhs edərkən, ölkə daxili barışın, vətəndaş sülhünün təmin olunması sahəsində də xeyli iş görülməsinə ehtiyac olduğu qeyd olunmalıdır. Ona görə də hakimiyyət cəmiyyəti təşkil edən bütün təbəqələrlə əməkdaşlıq etməyi bacarmalıdır və bu istiqamətdə müsbət nəticələr nəzərə çarpır.

Lakin hakimiyyətin bütün siyasi qüvvələrlə əlaqəli işləmək təşəbbüsünə radikal müxalifət normal münasibət bəsləmir. Müxalifətdə olan hər bir siyasi qüvvə ölkə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmayan bir sıra problemləri cinayət kimi qələmə verib, yersiz hay-küy samalı deyil. Nöqsan və çatışmazlıqları tənqid edib, həll edilməsi hakimiyyətdən tələb olunmalıdır. Müxalifət olanda nə olar ki, qara yaxmaq, böhtan deməklə iş həll olunmaz, hər bir məsələnin həllində ədalət prinsipi hər bir siyasi qüvvə üçün prioritet olmalıdır, o cümlədən müxalifət də buna riayət etməlidir.

Təəssüflə qeyd edim ki, ölkəmizdə radikallığı ilə dövlətin problemləri üzərinə əlavə problem gətirməyə cəhd edən AXCP sədri Əli Kərimli hakimiyyəti xalqa və beynəlxalq aləmə yırtıcı, dağıdıcı, qəddar və cinayətkar obrazda təqdim etməyə çalışır. Məsuliyyətsizcəsinə Azərbaycan dövlətinin cəngəllik qaydaları ilə idarə olunduğunu iddia edir. Bu isə, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən, dövlətdən və millətdən çox düşmənlərimizə, xüsusən torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistana və onu himayə edən beynəlxalq siyasi mürtəce qüvvələrə daha çox fayda verir. Ermənilər özümüzdən olan radikalların vətən və millət sevgisini çoxdan ayaq altına ataraq, düşmən dəyirmanına su tökməsindən sevinc və fərəhlə istifadə edir və yeri düşəndə, rəğbətləndirməyi də unutmur.

Əli Kərimli yalan, böhtan, qərəz dolu çıxışları ilə hakimiyyəti beynəlxalq aləmə cinayətkar simada göstərməyə cəhd edərkən,  bu hərəkətin hakimiyyətdən daha çox millətə və dövlətə zərbə vurduğunu dərk etməmiş deyil. Əli Kərimlidən başqa, öz millətinə və dövlətinə bilə-bilə, düşünülmüş şəkildə zərbə vuran, düşmənin xeyrinə hərəkət edən ikinci bir siyasətçi, partiya sədri hələ də tanımıram.

Radikallığın dünyada normal qəbul olunmayan xüsusiyyət olduğunu və heç kimə uğurlu bir şey verməyəcəyini yaxşı dərk edən AXCP sədri son zamanlar fəaliyyətini, əsasən, özünün facebook səhifəsində genişləndirib. O, hakimiyyət haqqında hər gün yazdığı yalan və böhtanla heç kimi yox, yalnız xarici himayəçilərini aldatmaqla məşğuldur. Sabiq dövlət katibi yaxşı bilir ki, onun son 26 ildə müxalifətdə göstərdiyi fəaliyyəti xalq dəstəkləmir. Amma bununla belə, Əli Kərimli öz yalanları, böhtanları, iftiraları ilə dövlətimizə qarşı çarpaz atəş açan xarici düşmənlərə yardım etdiyini sanki dərk etmir.

Müxalifət hər bir demokratik dünyəvi dövlətin aparıcı siyasi qüvvəsidir və müxalifətsiz dövlət demokratik sayılmır. Lakin dünyanın elə bir demokratik dövləti yoxdur ki, oradakı müxalifət dövlətin yox, həmin dövlətin düşmənlərinin xeyrinə fəaliyyət göstərsin. Təəssüf ki, Azərbaycanda özünü müxalifət adlandıran Milli Şura, AXCP və bunlara yandaşlıq edən digər radikallar, məhz bu cür düşmən mövqeyinə xidmət etdiklərinə görə, onları sağlam müxalifət saymaq, əsla doğru deyil.

Hakimiyyətin qüsur və nöqsanlarını istənilən qədər tənqid etmək heç kimə yasaq olunmayıb. Yazar kimi, hər məqamda hakimiyyət nümayəndələrinin nöqsanlarından - rüşvət, korrupsiya, məmur özbaşınalığı və digər mövcud mənfi hallardan tənqidi yazılar yazıram. Bu, xalqa və dövlətə xidmətin nümunəsidir. Real tənqidə heç kim etiraz etmir, əksinə, hətta ölkə prezidenti bu cür reallığı əks etdirən tənqidi yazıları təqdir etdiyini dəfələrlə qeyd edib.

Bunu nəzərə alaraq, radikal müxalifəti dövlətə münasibətdə əndazəni aşmaqdan, dövlətlə hakimiyyəti birlikdə hədəfə alıb dövlətə xəyanət etməkdən çəkinməyə dəvət edirəm.

Bu yazımla hakimiyyətin günahsız, qüsursuz, nöqsansız olmasını, xalqı çox məftun etməsini qətiyyən iddia etmirəm. Xalqın hakimiyyətdən, daha dogrusu, korrupsioner məmurlardan razı olmadığını hər kəs bilir. Lakin hər şey həddində gözəldir, tənqid də həmçinin...

Onu da əlavə edim ki, nə qədər gec deyil, körpülər hələ tam yanmamış, mövcud imkanlar tükənməmiş AXCP-nin radikallıqdan imtina edərək, həqiqi müxalifət mövqeyinə qayıtmaq, millətin və dövlətin xeyrinə fəaliyyət göstərmək şansı var.

 

 Mahir Abbaszadə

0.19032311439514