Azərbaycanı  qorumaq hər birimizin borcudur

 

Bəzi oğrubaşı məmurlara «dur», deyək

Ölkəmizin dünyanın əlverişli coğrafi məkanda yerləşməsi, təbii sərvətlərlə zənginliyi daim dünyanın super güclərinin diqqətini cəlb edib və bu gün də belədir. Buna görə də ölkəni idarə etmək heç də sadə məsələ deyil. Mürəkkəbdəndə mürəkkəb, çətin işdir. Əgər ölkəmizin tarixinə nəzər yetirsək, tarix boyu neçə qanlı müharibələrə, amansız işğallara məruz qaldığımızın şahidi olarıq.

Azərbaycan son əsrlərdə qanlı-qadalı illərdən keçərək, nəhayət torpağının bir hissəsində müstəqillik əldə edib. Müstəqilliyin qazanılmasını hər kəs bir cür izah edir. Kimin necə izah etməsindən asılı olmayaraq, əsas olan müstəqil dövlətin vətəndaşı olmaqdır və biz bu səadətə qovuşmuşuq.

Lakin ölkədə, regionda və dünyada gedən proseslər qazandığımız müstəqilliyi qoruyub saxlamağın çox çətin olduğunu göstərir. Müstəqilliyimizin düşmənləri hədsiz sayda çoxdur. Düşmənçiliklə məşğul olan təkcə ermənilər olsaydı, nə var idi ki, onlarla hesablaşmaq Azərbaycan kimi, düşməndən qat-qat güclü dövlət üçün o qədər də çətin iş deyil. Üstümüzə gələnlərin sayı-hesabı yoxdur.

Bütün bunlarla yanaşı, qeyd edim ki, kənarda nə qədər düşmən olmasına baxmayaraq, xarici təhlükədən çox ,düşmənin ən təhlükəlisi və qorxulusu ölkəmizin daxilində olanlardır. Ölkə daxilində olan düşmənlər də eyni xarakterə malik deyil. Bunlardan ən təhlükəlisi dövlət strukturlarında kürsü ələ keçirib, dövləti daxildən sarsıdan, cəmiyyətdə süni narazılıq yaradan rüşvətxor məmurlardır. Əllərində hər cür imkan var və ölkədə yaranmış mühitdən istifadə edib, təxribat törətmək bu ünsürlər üçün o qədər də çətin iş deyil. Ölkə və dünya mediasında rüşvətxor və korrupsioner məmurlarımızın dövləti talayıb xaricdə böyük şirkətlərə sahiblənmələri haqqında hər gün mətbuatda dərc olunan silsilə yazılar buna əyani sübutdur. Xalq məmur özbaşınalığından cana doyub. Ölkədə xalqın maddi durumunu ağırlaşdıranların  əksəriyyəti bizneslə məşğul olan məmurlar olduğuna görə, xalqın narazılığı getdikcə yüksəlir.

Dövlətimizin daha təhlükəli düşmənlərindən biri  müxalifət qiyafəsində açıq fəaliyyət göstərən bəzi siyasi partiyalar, birliklərdir. Xaricdən maliyyələşdirildiyi şübhə doğurmayan bu qüvvələr daim ölkə daxilində təxribat törətməklə sabitliyi pozmağa, xalqla hakimiyyət arasında dərin düşmənçilik quyusu qazmağa cəhd edirlər. Ən təhlükəli hal odur ki, bu siyasi qüvvələr arasında İrana, Rusiyaya və Qərbə işləyən qüvvələrlə yanaşı, hətta qatı düşmənimiz Ermənistana da işləyən murdar və şərəfsiz qüvvələrin də olduğu ehtimal olunur.

Qeyddən göründüyü kimi, ölkəmizi həm xaricdən, həm də daxildən təhdid etməyə çalışan düşmən qüvvələr pusquda durub. Əgər dövlət idarəetməsində bir balaca boşluğa yol verilsə, müstəqilliyimiz ciddi təhlükə ilə üzləşə bilər.

Ona görə də ölkəmizin müstəqilliyini düşmənlərdən qorumaq üçün təkcə hakimiyyətdə təmsil olunan məmurlar deyil, bütün ölkə vətəndaşları fəal olmalıdır.

Ölkəmizi ac qurd kimi dörd tərəfdən mühasirəyə alıb hücum etmək üçün məqam gözləyən düşmənlərə imkan vermək qəti yolverilməzdir. Biz ölkəmizi məmur özbaşınalığına, rüşvətxorluğa qurban verə bilmərik. Qeyd etdiyimiz mənfi hallar zamanla ortadan qaldırılacaq məsələdir. Əsas dövlətimizin, müstəqilliyimizin göz bəbəyi kimi qorunmasıdır. Hər kəs bu həqiqəti dərk etməyə borcludur.

Tahir Abbaslı

0.28326010704041