Qiymətlər ensə, bolluq olacaq

 

Göydən düşən üç almanın əvəzinə...

 

 

Bu yay bahalıqla yadda qaldı desək, yanılmarıq. Necə deyərlər, bayırda hava, bazarda qiymətlər alışıb-yandı. Yayın əvvəlində kənd təsərrüfatı məhsullarının qiymətinin sonrakı aylarda enəcəyi barədəki proqnozlar da özünü doğrultmadı. Yeri gəlmişkən, bizdə deyəsən, elə bircə sinoptiklərin proqnozu doğru-dürüst çıxır. Qalan məsələlərdə deyilənlər, “öncəgörmələr”, bəyanatlar heç zaman həqiqətə çevrilmir. Kənd təsərrüfatı məhsullarının qiyməti də həmçinin.

Artıq rəsmi qurumların nümayəndələri də ticarət, satış şəbəkələrindəki qiymətləri etiraf etmək məcburiyyətindədir. Bugünlərdə kənd təsərrüfatı naziri İnam Kərimovla baş nazirin müavini Əli Əhmədovun bir neçə ticarət mərkəzinə  baxaraq baxış keçirməsində də məqsəd deyilənə görə, süni qiymət artımına yol verilməməsi olub. Sitat: “Məqsəd süni qiymət artımına yol verilməsi faktlarının aşkarlanmasından ibarət olub. Ə.Əhmədov hökumətin süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxladığını, bu məqsədlə lazımi tədbirlər görüldüyünü deyib”...

Belə. Məumatda o da bildirilib ki, rəsmi şəxslər reyd zamanı üç müxtəlif ticarət mərkəzində olub. Bazarla yarmarkada satılan məhsulların qiyməti arasında çox böyük fərq olduğu da deyilib. Ə.Əhmədov qeyd edib ki, qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almaq olar. Və kimsə də qiyməti süni şəkildə artırmağa çalışarsa, hökümət iqtisadi tədbirlər görməlidir. Yəni ən təsirli tədbirlərdən biri satış mərkəzləri və vasitəçi mərkəzlərin sayının artırılması ola bilər.

Hökumət rəsmisinin dediklərindən belə aydınlaşıb ki, insanlara xidmət göstərən satış mərkəzləri və fermerlərdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər. Bundan başqa, “Yaşıl bazar”da qiymətlərlə tanış olan Ə.Əhmədov deyib ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən fermer də, istehlakçı da məmnun qalmalıdır. Yəni fermerlər ailə büdcəsini formalaşdırmaq üçün məhsulu müvafiq qiymətə sata bilməlidir. Eləcə də, istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır. Ən maraqlısı da odur ki, əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyi, yüksək qiymətli məhsulların da olduğu rəsmən təsdiq edilib.

Ümumiyyətlə, paytaxtın bütün satış mərkəzlərində ərzaq, meyvə-tərəvəz məhsullarının qiyməti heç vaxt eyni olmur. İstehlakçıya mərkəzdə bir, mərkəzdən kənarda isə tamam başqa qiymətlər diqtə edilir. Elə bil, əhali şəhərin prestijli və ona tam əksinə hissələrində məskunlaşmaqla iki qütbə bölünüb. Bəlkə də bu qütb yoxsul, orta və varlı təbəqə adlanaraq üç hissədən ibarət olmalıydı. Biz kəsə dedik. Əlqərəz, paytaxt əhalisinin yaşam tərzinə, yaşadığı əraziyə və az qala tutduğu mövqeyə görə qiymətlər dəyişir. Misal üçün, bir məhsulun qiyməti bazarla marketdə heç vaxt eyni ola bilməz. Bazarda ucuz olan marketdə baha satılar. Halbuki, hər iki ticarət, alış-veriş məkanında icarə məsələsi mövcuddur.

Müxtəlif məqamları, ilin quraqlıq keçməsini, yaxud yağıntılı olmasını, benzinin qiymətini, işçi qüvvəsini, daşınma xərclərini və s. əsas gətirən şəxslər məhsulu alıcıya istədikləri qiymətə satırlar hazırda, mağazada, bazarda. Elə bu yay da elə oldu, yuxarıda qeyd etdiyim kimi, isti hava, ondan da betər, qiymətlər insanları yandırıb-yaxdı...

İndi daha yay fəsli uzandıqca qiymətlərin düşəcəyi arqumentinin də əsası yoxdur, yay bitir, ən azından. Payızlıq meyvələrin, ümumiyyətlə isə tərəvəzlərin qiymətinin necə olacağı barədə də proqnoz vermək çətindir. “Göz gördüyündən qorxar” axı.

Pessimist danışmaq istəməzdik, lakin “tarladan-süfrəyə” gələnəcən neçə qiymət fərqindən, əldən-ələ keçən məhsulun qiymətinin necə olacağını bilmək elə də çətin deyil. Satıcılar illərdir bu situasiyaya vərdiş edib. Əhali də şəraitə öyrəncəlidir, bahalıq olanda az alır, ucuzluq vaxtı çox. Bahalıqdan ara-sıra dodaqaltı şikayətlənən qocaları da məzəmmət edənlər tapılır aramızda. Beləliklə, hamı bir-birini yaxşı tanıyır, problem pik nöqtəyə çatanda danışırlar, savaşırlar, sonra da barışırlar.Bilirlər ki, arzuların tam həqiqətə çevrilməsi yalnız nağıllarda olur. Amma o da var ki, nağılları yaradan da elə min ilin insanıdır. Ki, o da “biri vardı, biri yox” deməklə nağıla başlar. Axırda da göydən düşən nədənsə, başqa şey deyil, meyvə olar. Bütün əsrlərdə, illərdə, fəsillərdə tapılan, hətta rəmzi mənası olan almanı deyirik...

Yazının sonunda göydən üç yox, heç bir alma da düşmədi ki, deyə bilək: “Biri mənim, biri özümün, biri də nağıl deyənin”...

Çünki söylənilənlər nağıl deyil, tam həqiqət idi - yayda isti havanı, qışda isə sazağı hiss etmək kimi. Elə qiymətlər də hiss edilmədən düşsə, bolluq olar - təbəqəsinə rəğmən, hamının evində.

 

Nigar Vaqifqızı

0.22123908996582