Cəmiyyət sosial islahatlarla bağlı nə düşünür?

 

Dövlət büdcəsində sosial xərclərin artırılması üçün imkanlar var

 

2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 milyon manat, vergi yığımlarının 8,8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqaviləsinin imzalanması iqtisadi göstəricidir.

Ötən müddət ərzində iqtisadiyyatın düzgün tənzimlənməsi, bütün sahələrdə gəlirlərin artması hökumətə 4 milyondan çox insana dövlət qayğısının gücləndirilməsinə imkan verib. Bunu mən yox, rəsmilər deyir.

Amma, əmması ondadır ki, hazırda cəmiyyətdə iki əsas məsələ müzakirə mövzusudur. Burada əsas yeri əhalinin aztəminatlı hissəsinin elektrik enerjisi limitinin artırılması və  çoxuşaqlı ailələrə uşaq pulunun ödənilməsi tutur.

Doğrudur, elektrik enerjisi limitinin tətbiqi zamanı müəyyən mübahisələr ortaya çıxır ki, bu da həmin mexanizmin təkmilləşdirilməsi məsələsini gündəmə gətirir. Çünki burada bəzi məqamlarda diskriminasiya faktları ortaya çıxır. Məsələn, bəzi ailələrdə vətəndaşlar elektrik enerjisini daha aşağı, bəzilərində isə daha yüksək qiymətə istehlak edirlər. Bu da müəyyən narazılıqlar yaradır. Ümumiyyətlə, bu mexanizmdə güzəşt ailə üzvlərinin sayına görə deyil, bir abonentə görə nəzərdə tutulur. Bu isə böyük ailələrdə elektrik enerjisinin daha yüksək qiymətə istehlak edilməsinə gətirib çıxarır.

Bu da məlumdur ki, ailə üzvlərinin sayı daha çox olan abunəçilər, daha zəif imkanlara malik olan ailələrdir. Bəzən də elə olur ki, bir evdə bir neçə ailə yaşayır, abunəçi kimi isə bir sayğac qeydə alınıb. Bu halda sərfiyyat çox olsa da, əlavə heç bir güzəşt nəzərdə tutulmur. Belə çıxır ki, bir evdə bir neçə ailə yaşayırsa, hər biri üçün ayrıca sayğac quraşdırlımalıdır ki, onlar limitdən istifadə edə bilsinlər. Ona görə də bu mexanizmə  yanaşmanın özündə dəyişiklik edilməlidir. Çünki sabit limitin bir abunəyə verilməsi və ailə üzvlərinin sayının nəzərə alınmaması burada diskriminasiya hallarını meydana gətirir.

"Ölkədə bəzi abunəçilər yalnız elektrik enerjisindən istifadə edə bilirlər"- deyən iqtisadçı həmsöhbətim təbii qaza çıxışı olmayan abonentlərin problemlərini gündəmə gətirir: "Ölkədə 97 faiz qazlaşmanın aparıldığı deyilsə də, məndə olan məlumata görə, hətta paytaxtın bəzi yeni yaşayış məkanlarında belə, insanların qaza çıxışı yoxdur. Cənub bölgəsinin bəzi kənd və qəsəbələri, yeni salınan məhəllələri də qaz təminatından məhrumdurlar. Bu insanlar qaz limitindən istifadə edə bilmirlər, enerji təlabatını isə tam olaraq elektriklə ödəmək məcburiyyətindədirlər. Bu isə onların limiti keçərək, daha yüksək qiymətə enerji istehlakına gətirib çıxarır. Əgər limitlə bağlı məsələ müzakirə olunsa, bu məsələ də mütləq nəzərə alınmalıdır. Orta statistik ailə üçün limitlər minimum 500-600 kilovat saata çatdırılmalıdır".

Uşaq pulu ilə bağlı müzakirələrə gəldikdə isə hazırda ictimaiyyətdə yayılan məlumatlardan və rəsmilərin verdiyi reaksiyalardan aydın odur ki, 3 yaşa qədər uşaqlar üçün təkmil mexanizmin yaradılmasının və məbləğin artırılmasını nəzərdə tutan təşəbbüslər var. Rəsmilərimiz isə bu sahədə ciddi addımlar atmalıdırlar. Çünki müasir dövrdə dövlətlərin gücü insan kapitalının həcmi ilə ölçülür, resurs və vəsaitlə deyil. Bizə də insan kapitalının formalaşması üçün müvafiq şərtlər və şəraitin formalaşdırıbması vacibdir. Bu da rəqabətli iqtisadiyyatın mühüm amillərindən biridir. Sosial siyasət, demoqrafik siyasət və insan kapitalı siyasəti birləşdirilməlidir.

Bunun hər üçünün birgə kombinə edilmiş formada, əhalinin təbii artım sürəti ilə bağlı konkret siyasətin işlənib hazırlanmasının vaxtı coxdan catıb. Bəzi hallarda iddia edirlər ki, Azərbaycanda təbii artım sürəti normaldır, ancaq bu doğru deyil. Təbii artım sürəti 20 il öncə ilə müqayisədə dəfələrlə azalıb. Artıq geniş ailə modeli deyil, kiçik və standart ailə modeli, yəni,  2 valideyin, 2 uşaq modeli daha çox yayılıb. Bu, eyni zamanda illik artım faizlərinə də öz təsirini göstərir.

Uşaq pulu təkcə təbii artım sürətini deyil, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması baxımından da əhəmiyyətlidir. Biz prosesi daha çox bu kontekstdən dəyərləndirməyə üstünlük veririk. Bunun üçün Azərbaycanın kifayət qədər maliyyə imkanları da var. Uzun müddət maliyyə sistemində çalışan iqtisadcı söhbət əsasında vurğuladı ki, hazırda büdcənin 40 faizini sosial xərclər təşkil edir və bu rəqəmin bir qədər də artırılması dövlət üçün problem yaratmaz. İnkşaf etmiş sosialyönümlü iqtisadiyyata malik ölkələrdə dövlət büdcəsinin 60-70 faizi sosial xərclərə yönəldilir. Bu isə o deməkdir ki, bizim dövlət büdcəsində də sosial xərclərin artırılması imkanları var. Bu çərçivədə təkmil uşaqpulu mexanizminin hazırlanması vacibdir. Ola bilər ki, bu gün cəmiyyətdə müzakirə olunan rəqəmlər daha böyük bir büdcə yükü yaratsın. Ancaq bu mexanizmi müzakirə etmək və daha optimal bir yol tapmaqla, bu institutun yaranmasına nail olmaq mümkündür. Məncə, sözdən işə kecməyin vaxtıdır. Zamansa öz axarındadır.

 

Əlizadə Nəhmədağaoğlu

0.28489208221436