Bu gün Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş və sabit ölkədir

 

Azərbaycan və Türkiyə Həmkarlar İttifaqları

konfederasiyalarının iclası keçirilib

 

 

İstanbulda Azərbaycan və Türkiyə Həmkarlar İttifaqları konfederasiyalarının birgə iclası keçirilib.

Tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalayın rəhbərliyi ilə baş tutub.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov, Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digərləri daxildir.

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay çıxışında Azərbaycan və Türkiyə arasında reallaşan nəhəng layihələrdən danışıb, son illərdə dünyada güc sahibinə çevrilmiş iki qardaş ölkənin daha da güclənməsi üçün bütün qurumlar və təşkilatlar arasında sıx əməkdaşlığın zəruriliyinə diqqət çəkib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Türkiyə ilə Azərbaycan arasında tarixi keçmişə dayanan dostluq və qardaşlıq əlaqələrinə toxunub.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətin regionlarımızın inkişafına da güclü təsir etdiyini qeyd edən sədr Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın bu bölgənin iqtisadiyyatının inkişafına təkan verdiyini deyib.

Bildirilib ki, burada Türkiyə hökumətinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində olan məhsulları idxal rüsumundan azad etməsi, qarşılıqlı investisiyalar qoyuluşu qeyd edilməlidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir. Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə 14,5 milyard dollar həcmində olan investisiyalarının 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə, öz növbəsində, Azərbaycana 11,8 milyard dollar yatırıb ki, bunun 9,1 milyard dolları neft sektoruna, 2,7 milyard dolları isə Azərbaycanın qeyri-neft sektoruna yerləşdirib və bu sahədə liderdir. Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət uğurla fəaliyyət göstərir.

Bu gün Azərbaycanın Cənubi Qafqazda ən inkişaf etmiş və sabit ölkə olduğunu deyən Səttar Möhbalıyev ölkədə iqtisadiyyatın sürətlə inkişaf etdiyini qeyd edib.  Bildirilib ki, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial durumunun daha da yaxşılaşdırılmasına yönəldilir. Cari ilin əvvəlindən başlayaraq ölkə başçısı iki böyük sosial islahat paketi təsdiqləyib. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldilməsini nəzərdə tutmaqla tam icra olundu. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də artıq tamamlanıb.

Sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata qaldırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin isə oktyabrın 1-dən artırılması nəzərdə tutulub. Bu islahatlar paketi 5,2 milyard manat sərf olunmaqla 4,2 milyon əhalini əhatə edəcək.

Tahir Abbaslı

0.15690493583679