"Mediasiya" Yoxsa "ağsaqqallıq" institutu?

 

Bu ilin mart ayında "Mediasiya haqqında" qanun qəbul edilib. Qanun qəbul edilən zaman çoxları sual verirdi ki, bu nə olan şeydi. Ziyalılarımız da cavabında deyirdi ki, bu bizdə yeni dəyərdi, Avropadan, Amerikadan götürmüşük. Əslində isə belə deyil, bəlkə də bu dəyər Azərbaycan cəmiyyətində sözügedən ölkələrdən daha əvvəl formalaşıb. Son zamanlar cəmiyyətdə başlıca maraq doğuran mediasiya bir çox xalqların sivilizasiyasında özünə yer tapıb, sadəcə başqa adla...

Qanunun priambulasını oxuduqda bəzi məsələlər aydın olur: "Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir".

Belə ki, mediator xidməti ta qədim zamanlarda Azərbaycanda və bir çox digər xalqların mədəniyyətlərində müxtəlif adlar qazanmış bir dəyərdir. Azərbaycanda bu dəyər ağsaqqallar institutu kimi tanınır. Son zamanlar cəmiyyətimizdə birmənalı olaraq bütün səmərəli dəyərlərin Amerika və Avropadan qaynaqlandığını iddia etmək dəbdədir.

Düzdür, son iki yüz il ərzində cəmiyyət üçün ən vacib olan dəyərlər insan haqları və demokratiya, məhz sözügedən məkandan dünyaya yayılır - Amerika və Avropa bu dəyərlərin beşiyi sayılır. Lakin bu heç də o demək deyil ki, sivlizasiyalar üçün məqbul sayılan bütün dəyərlər, məhz bu xalqların məhsuludur. Mediasiya xidməti barədə məlumatlarla bir neçə il əvvəl tanış olmuşam. Xarici QHT-lərdən birinin keçirdiyi treninqdə bu sözləri ötəri eşitdim. Treninq zamanı təlimçidən bu sözü izah etməyi xahiş elədim. Açıqlama zamanı mən deyəndə ki, bu institut bizdə mövcuddur, təlimçi təəccübləndi, çünki onda olan məlumata görə bizdə belə bir institut yoxdur. Bəli, biz o zaman hələ bu barədə qanun qəbul etməmişdik, bu institut mənəvi-əxlaqi əsaslarla fəaliyyət göstərirdi.

Sadəcə olaraq mediasiya inkişaf etmiş ölkələrdə təzahür edərək ixtisaslaşdırılıb və  qanunla tənzimlənən ictimai quruma çevrilib. Hazırda Avropada və Amerikada Mediasiyanın bir neçə üsulu mövcuddur. Məsələn, asanlaşdırıcı mediasiya (facilitative mediation) adlanan üsula görə mediator heç bir təklif vermir, qərar qəbul etmir, tərəflərin öz təkliflərini verməsini və ortaq qərar qəbul etmələrinə çalışır.

Dəyərləndirici mediasiyaya (evaluative mediation) görə isə mediator mübahisənin həlli üçün uyğun bilinən üsulu tərəflərə məsləhət görür. Həlledici mediasiya üsulunda mediator mübahisə edən tərəflərin görmədiyi halları görərək barışıq təklif edir.

Azərbaycanda isə təklif edilən mediasiya hələ ixtisaslaşmadığından və inkişafının ilkin mərhələsində olduğundan hazırda hansı qaydada fəaliyyət göstərəcəyi tam aydın deyil. Lakin mediasiyanın başlıca prinsiplərindən sayılan bərabərhüquqluluq prinsipini rəhbər tutmaqla hər iki tərəf üçün sərfəli olacaq təklif üzrə barışığın əldə olunmasını hədəfləyən bir ictimai qurum yaradılacaq.

Halbuki əsirlərdir bu missiyanı Azərbaycanda həyata keçirən dünyagörmüş, müdrik ağsaqqallarımız olub, var və gələcəkdə də olacaq. Bu gün informasiya kanallarında yayılan münaqişə və ya qarşıdurmalar heç də cəmiyyətdə baş verən bu tip hadisələrin hamısının statistikasını özündə ehtiva etmir. Çünki el ağsaqqallarının barışdırdığı tərəflər barədə heç kim, heç bir yerə məlumat vermir, bu, heç lazım da deyil. Amma, bu o demək deyil ki, cəmiyyətdə qarşılıqlı münaqişələrin hamısını huquq-mühafizə orqanları və məhkəmələr aradan qaldırır. Hər gün minlərlə münaqişə sözügedən orqanlardan kənar həll edilir.

Hətta, əvvəllər təsadüf nəticəsində adam öldürüb, buna görə cəza alan şəxslər qanuni cəzalarını çəkdikdən sonra belə, ağsaqqallara müraciət edirdi ki, onu zərərçəkən tərəflə barışdırsın. Şəxsən belə barışıqların şahidi olmuşam. İndi isə bu ictimai institutu bir qədər inkişaf etdirib, ixtisaslaşdırmaq və qanunla tənzimləmək lazımdır. Amma onun Avropadakı kimi adlandırılmasının tam əleyhinəyəm. Hesab edirəm ki, həmin xidmətin adının ağsaqqallarla bağlı bir ifadə ilə adlandırılması daha doğru olardı.

  

Akif Nəsirli

0.24392294883728