Onun bircə adı var

 

Faizsiz və şişirtməsiz...

 Statistik göstəricilər daim reallığı, sadəcə desək, həqiqəti əks etdirməsə də, ona daim ehtiyac olur. Necə deyərlər, inanılması mümkünsüz olan rəqəmlərə statistik təqdimatla “həqiqət” donu geydirilir. Onsuz da insanlar statistikanın rəsmiyyətə hesablanmış bir təqdimat növü olduğunu bilir və ona inanmır. Canlı həyat həqiqətləri quru rəqəmləri, mənasız faiz göstəricilərini çoxdan etibarsız çıxarıb axı. O mənada, insanlar istənilən sahəyə dair statistik göstəricilərə inamsızlıq bəsləməkdə haqlıdır.

Fəqət bu inamsızlığın qarşılığında əksinə, müsbət baxımdan müqayisə olunası tərəf də gərəkdir o kriteriyalara cavab verə bilsin. Bu barədə bir qədər sonra...

Hazırda isə ölkə əhalisinin sayıyla bağlı açıqlanan məlumatlardan bəzi rəqəmlərə diqqət edək. Məsələn, qeyd edilir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 0,4 faiz artaraq keçən ayın 1-i üçün 10 milyon 19 min 575 nəfərə çatıb. Dünyaya gələn və qeydiyyata alınan körpələrin sayı 66 min 687 nəfər olub və əhalinin hər min nəfərinə bu göstərici ötən ilin müvafiq dövrüylə müqayisədə dəyişməyib və eyni səviyyədə qalıb (13,6).

Statistikaya görə, bu ilin yanvar-iyun ayında ölkədə baş verən 28 mindən çox ölüm halının səviyyəsi keçən illə müqayisədə əhalinin hər 1000 nəfərinə 6,0-dan 5,9-a düşüb...

Bəli, statistikaya görə rəqəmlər artıb-azala və ya, yerində saya bilər. Lakin gəlin görək, statistik dillə desək, bu artımlarla müqayisədə, insanların mənəviyyatında, vicdanında hansı dəyişiklik olub?

Baş verən hadisələrə diqqət etsək, ökənin gündəlik həyatında yaşanılanlar mənfinin müsbətə faiz artımını diqtə edir. Kriminal məlumatlar, intiharlar, yol-nəqliyyat qəzaları, fırıldaqçılıqla, narkotiklə məşğulluq və digər mənfi çalarlı olaylar günün aktual məsələlərinə çevrilib. Bundan savayı, ictimai məqamdan məişət səviyyəsinə qədər baş verən olaylar insan mənəviyyatının deqradasiyasından xəbər verir. Gündəlik xəbərlərin təqdimatında belə məlumatların artan faizi adi, sıradan hesab olunan bir məsələyə dönüb.

Hələ ictimailəşdirilməyən nə qədər xəbər var ki, onların təqdimatı da az qala qandonduran, əsəb korlayan vəziyyətə səbəb olar.

Bir sözlə, ölkəmizin mənəviyyat göstəricisini statistikaya çevirsək, ağrılı bir vəziyyət yaranar ki, onun da çarəsini gərək sərhəddən o yanda axtaraq. Səhiyyəmizin mövcud durumu o mərəzi sağaltmaq iqtidarında deyil axı...

Mənəviyyatsızlıqdan doğan hər dürlü vicdansızlığın fonunda, ölkənin statistikayla məşğul olan qurumlarının əməkdaşlarının istefası gərəkdir. Onlar da gerçək statistikanı kağız üzərində qalanlarla müqayisədə, həqiqətən hesablayanlardan biridirsə.

Əlqərəz, statistika inamsızlıqla müşayiət olunan sahədir və onun nə vaxtsa gerçəkliyi əks etdirəcəyi də ölkənin təhsil və səhiyyə sektorunun düzələcəyi ehtimalına bərabərdir. Hərçənd, bəzi hallarda sonuncu iki sahədə mütəxəssis baxımından, müsbətə doğru cüzi istisnalar gözə çarpır. Amma birbaşa statistik göstəricilərə inam bəsləmək mümkün deyil. Qeyd etdiyimiz kimi, həyati gerçəklikləri kağız üzərinə daşımadıqları, faizləri yerinə, məqamına uyğun artıb-azaltmaq siyasəti yeritdikləri üçün.

Gündəlik baş verən ağrı-acılı, ölüm, özünəqəsd, oğurluq, quldurluq, narkomanlıq, məsuliyyətsizlik, ləyaqətsizlik və bu qəbildən olan hər cür mənfi hadisələrin fonu dəyişsəydi, çox yerinə düşərdi. Ən sadə halda, statistik göstəricilər mənfinin müsbətlə müqayisədə faiz artımını tərsinə hesablasaydı, dünya dağılmazdı. Hər halda, dünyanı gözəlləşdirən, ondakı çox şeyi qurub-qoşan da, onu dağıdan da insandır. Eləcə də, statistikanın müsbət anlamda yüksək faizini təqdim etmək də insanların öz əlindədir. O göstəricilər doğrudan da varsa və mənfinin mənbəyini yerindəcə, faizə, rəqəmlərə çevrilməmiş məhv edə bilibsə...

“O əjdahadan bizdə yoxsa”, Adəm övladı, əlacın ondadır - quru, mənasız, standart məlumatları qəbul etməkdə və sevməyi öyrənməkdə. Çünki istənilən halda, ya dəyişilməli, ya da dəyişdirməlisən...

Seçim etmək imkanı verilsəydi, görəsən, ölkə vətəndaşları, məmləkət əhli nəyi seçərdi - statistik göstəricini qəbul etməmək kimi hər kəsin şəxsi işini, yoxsa nə varsa, hamısını yaxşı istiqamətə dəyişdirməyin öz əlində olmasını?

Bu mənada, biz də birincinin deyil, ikinci seçimin statistikasını yayımlayanlardan olmaq istərdik. Əlbəttə ki, həqiqətdən qaynaqlanan inamdan, güvəndən, etibardan güc alaraq.

Həqiqətin da bircə adı var, faizsiz, şişirtməsiz, yalansız.

 

Nigar Vaqifqızı

0.12824296951294