Vicdan susanda..

 

Cəmiyyətin əxlaqı mahiyyətini dəyişir

 

 

Müqəddəs "Qurani-Kərim"dən məlumdur ki, Allah bəşəriyyəti, insanı yaradanda bu barədə mələkləri ətraflı məlumatlandırıb. Yaradacağı insanın dünyada başına gələcəkləri, onların özlərinə qarşı törədəcəkləri faciələr, fəlakətlər barədə deyəndə, mələklər ağlayıb. İnsanların başına gələcək və gətiriləcək, öz əməllərindən doğacaq dəhşətlərin qorxusundan Allaha belə bir varlığı, yəni insanı yaratmaması üçün yalvarıblar. Lakin Yaradan öz fikrindən dönməyib və insanı, insanın rahat yaşaması üçün hər cür nemətlə zəngin olan Cənnəti yaradıb.

Beləcə, Uca Tanrı Adəm babamızla Həvva nənəmizi gözəl Cənnətin sakini kimi hər şeylə yüksək səviyyədə təmin edib və Cənnət baxçasında bitən buğdadan başqa, onlara bütün meyvələrdən istədikləri qədər yeməyi buyurub. Şərti pozacaqları, buğdanı yeyəcəkləri halda, Cənnətdən qovulacaqları barədə də xəbərdar ediliblər. Adəmlə - Həvva Cənnətdə gözəl və firavan həyat sürdükləri zaman insanlara xidmət etməkdən imtina etdiyinə görə, Uca Allahın dərgahından qovulan Şeytan insan cildinə girib, Cənnətə daxil olur. Şeytan Həvvanı aldadıb, onu buğdanın daha faydalı olduğuna inandırır, Həvva da şeytana uyub, öz növbəsində Adəmi aldadır və beləliklə, hər ikisi Cənnətdən qovulur...

Hər bir müsəlmana bəlli olan bu hekayəni oxucularıma xatırlatmaqda məqsədim təbii ki, heç də bəşəriyyətin yaradılması barədə informasiya vermək deyil. Məqsədim Uca Allahın insanı və bəşəriyyəti yaradarkən, mələklərə söylədiyi insan taleyinin bu qədər faciəvi olacağını bir daha xatırlatmaq, cəmiyyətdə baş verən mənfi hadisələrin haradan qaynaqlandığını yada salmaqdan ibarətdir. Çünki hazırda dünyada, ölkədə, hətta ailədə baş verən kataklizmlərin, faciələrin, fəlakətlərin kökündə insanın özü dayanır! İnsan sadə varlıq deyil! İnsanlar simaca eyni görünüşə malik olsalar da, onların arasında xaraktercə mələk, hətta Şeytan da var! Bunu mən yox, Müqəddəs "Qurani-Kərim" xəbər verir. Məgər dünyada nə qədər Şeytan kimi vicdansız, qaniçən, qan tökməkdən ləzzət alan, evlər yıxan və yaxud, az da olsa, kömək əlini uzadaraq insanları fəlakətdən qurtaran insanlar tanımırıqmı?! Əlbəttə, tanıyırıq və bu gün belələrinin sayının cəmiyyətdə azlıq təşkil etdiyini müşahidə edirik.

Rəbbimin yaratdığı varlıqlardan ən qabiliyyətlisi insandır. O,  Özünə məxsus olan yaradıcı keyfiyyətlərin bir hissəsini də, məhz insana verib.

Eyni zamanda, yaratdığı varlıqlardan heç birinə vermədiyi şüuru, ağılı, vicdanı da insana verib. Müqəddəs kitablarda insanların vicdanlı olmasının ön plana çəkilməsi heç də təsadüfi deyil! Vicdanlı insanlar, adətən inanclı və kamil insanlardır, Uca Allah da dünyanın xilasını vicdanlı insanların üzərinə qoyub. 124 min peyğəmbər, onlara verilmiş 4 müqəddəs Kitab və sonuncu peyğəmbərimiz Məhəmməd əl-Mustafanın (s.s.) əhli-beytinin 12 imamı məhz belə şəxslərdir! Təəssüf ki, hazırda yer üzərində belə şəxsiyyətlər yaşamır.

Nəhayət, hazırda dünyada, ölkədə və cəmiyyətdə müşahidə olunan, getdikcə artan mənfi proseslərin əlamətləri, ilk növbədə, «Qurani» Kərimdə vəd edilmiş Qiyamətin yaxınlaşmasının, peyğəmbərlərin yer üzündə olmamasının, inanclı, vicdanlı insanların hədsiz dərəcədə azalmasının, insanlığın, xüsusən şahların, imperatorların, kralların, prezidentlərin, şeyxlərin, üləmaların, din adına xidmət edənlərin, məmurların tədricən qəddarlaşmasının, qudurğanlaşmasının, vicdansızlaşmasının, yaxşı adamların bu işlərə susmağa üstünlük verməsinin və insanların Uca Allahın buyurduğu normal həyat tərzindən imtina edib, vəhşi, əxlaqsız və vicdansız həyat tərzinə uymasının, ən nəhayət, yalnız insana xas olan VİCDANIN SUSMASININ acı nəticəsidir! Vicdanın susduğu dünyada, ölkədə və hər yerdə isə insanlıq bitir və bitəcək!

 

Şahnaz Salehqızı

0.16665387153625