Gürcülər  odla oynayır!

 

«David Qareçi hərəkatı» Zurabaşvilinin səhvidir

 Gürcülərin David Qareci, bizim isə Keşikçidağ adlandırdığımız ərazi mübahisəsi günbəgün qızışmaqdadır. Hətta, gürcülər bir qədər də qabağa gedərək, Azərbaycan sərhədçilərinə hücum edərək onun silahını əlindən alıb. Bu böhran gürcü ictimai fəalları tərəfindən uydurulmuş, Salomi Zurabaşvili tərəfindən isə ilkin mərhələdə düşünülmədən dəstəklənən bir aksiyadır. Bu dəstək gürcü prezidentinin təcrübəsiz bir siyasətçi olduğunu çılpaqlığı ilə ortaya qoydu. İndi isə Zurabaşvili və onun komandası insan haqları barədə götürdüyü öhtəliyi bəhanə gətirərək Keşikçidağ böhranını qabardan gürcü fəallarına qarşı heç bir addım atmır, hətta, onları dilə tutmaq, başa salmaq istiqamətində belə heç bir iş görmür. Halbuki, bu hərəkat Gürcüstanın milli və dövlətçilik maraqlarına daban-dabana ziddir, hadisələrin perspektivi ölkəni iqtisadi cəhətdən məhvə gətirib çıxara bilər.  Zurabaşvili bir siyasi lider kimi cəmiyyətdə inkişaf edən tendensiyaların mənbəyinə diqqət etməli və onun perspektivlərini müəyyənləşdirməli idi. Gürcüstən hökuməti yalnız indi anlayır ki, Azərbaycanla sərhəddə yaranan böhranın müəllifi Rusiyadır. Lakin məsələnin qarşısını almaq, böhrana demokratiya və insan azadlıqlarını pozmadan - ictimai və ya inzibati qaydada təsir etmək xeyli çətindir. Çünki sözügedən böhranı dəstəkləyən gürcü fəalları cəmiyyətin geniş bir seqmentini inandırıb ki, Gürcüstan hökuməti xalqın milli-mənəvi dəyərlərini Azərbaycana güzəştə getmək fikrindədir. Halbuki, sözügedən məbəd kompleksi bütövlükdə türk maddi- mədəniyyətinə mənsub olan Alban kilsələridir.

Gürcü fəalların rus kəşfiyyatının göstərişi və dəstəyi ilə başlatdığı bu böhran Gürcüstan üçün acınacaqlı pespektivlər vəd edir. Belə ki, bu böhran indiki templə inkişaf edərsə, Azərbaycan hökuməti bu istiqamətdə öz immunitetlərindən istifadə edə bilər. Azərbaycan tərəfinin görəcəyi tədbirlər sözsüz ki, bizim iqtisadiyyat üçün də itkilərə səbəb olacaq, amma bu, Gürcüstan üçün öldürücü təsirlərə səbəb ola bilər. Məsələn, Azərbaycan dövlət şirkəti olan SOCAR-ı Gürcüstandan çıxara, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kəmərlərini, Bakı-Tiflis-Qars dəmiryolu xəttini dayandıra bilər, öz enerji resurslarını Rusiya ərazisindən keçməklə ixrac etməyə başlaya, Gürcüstana verdiyi 200 milyon dollarlıq faizsiz kreditini geri istəyə bilər. Bu isə qonşu dövlət üçün ölüm-qalım məsələsidir. Ona görə ki, ötən il Gürcüstanın dövlət büdcəsinin 43 faizi Azərbaycan dövlətinin yatırdığı investisiyalar hesabına təmin edilib. Bununla yanaşı, Gürcüstana xeyli sayda azərbaycanlı iş adamları da investisiya yatırıb. Azərbaycan hökumətinin həmin iş adamlarına da böyük təsirləri var, hökumətin atdığı addımlar həmin iş adamları üçün də göstəriş kimi qəbul ediləcəyi gözləniləndir.

Azərbaycan bu gün adekvat addımlar atarsa, bu Rusiyanın xeyirinə, Gürcüstandan başqa, Türkiyənin və Avropan ölkələrinin də maraqlarına uyğun gəlməyəcək. Ona görə də, Avropanın dəstəklədiyi insan haqları və söz azadlığından sui-istifadə edən gürcü fəallarına, təkcə gürcüstan hökuməti deyil, həm də Türkiyə və Avropa cəmiyyətləri cavab verməlidir.

Hazırda Azərbaycanın yuxarıda qeyd etdiyimiz imkanlarından istifadə edəcəyini səmərəsiz sayan avropalı ekspertlər daha çox Qazaxıstanı misal gətirir. Lakin unutmaq lazım deyil ki, Qazaxıstanın enerji resurslarını ixrac etmək üçün alternativ imkanları yoxdur. Azərbaycan isə hazırda Avropanın dəstəklədiyi marşrut üzrə enerji resurslarını ixrac edir və alternativ olaraq Rusiya və İran ərazisindən də bazara çıxış itmkanları mövcuddur. Ona görə də biz Rusiya ərazisindən bazara çıxmaq istəsək, Moskva heç də Qazaxıstana qarşı irəli sürdüyü ağır şərtləri Azərbaycana qarşı tətbiq etməyəcək. Bu səbəbdən də Azərbaycanın enerji resurslarını ixrac imkanlarını dəyərləndirən ekspertləri bir qədər reallıqlardan çıxış etməyə çağırıram.

 

Akif Nəsirli

0.2624990940094