Gömrükdən qayıdan yararsız məhsulların sonrakı taleyi...

 

 

Yararsız məhsullar öz bazarlarımızda xırıd edilir

Son zamanlar Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları tez-tez geri qaytarılır. Bəzi yerli mütəxəssislər Rusiya tərəfinin bu cür addımlarının Dağıstan vilayətində kənd təsərrüfatı ilə məşğul olan fermerlərin bazarını qorumaq məqsədi güddüyünü iddia edir. Lakin Rusiya müstəqil dövlətdir, Azərbaycan qarşısında heç bir öhdəliklərə malik deyil və hər bir dövlətin daxili bazarı qorumaq haqqı var. Əgər səbəb daxili bazarı qorumaq olsaydı, Rusiya idxal mallarına məhdudiyyət - kvota elan edərdi, məsələ sadə yolla həllini tapardı, bunun üçün "Rosselxoznadzor"un "ayı xidməti"ndən istifadə etməyə ehtiyac olmazdı. Malların geri qaytarılması sözügedən xidmət tərəfindən həyata keçirilirsə, deməli, məhsul standartlara uyğun deyil.

Belə ki, bir neçə gün əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub. Bir neçə həftə bundan əvvəl isə "Rosselxoznadzor" daha 30 ton pomidoru ölkəyə buraxmaqdan imtina etmişdi. Yerli KİV-lərin məlumatında bildirilir ki, məhsulların geri qaytarılmasının səbəbi onlarda zərərvericilərin aşkarlanmasıdır. Azərbaycan dilində "zərərverici" ifadəsi zərərverici böcəkləri ehtiva edir. Lakin sözügedən məhsullar tərkibində hidratların çox olması səbəbi ilə geri qaytarılıb və bu barədə "Rosselxoznadzor"un hesabatında qeyd olunub.

Bununla yanaşı, ölkəmizin bazarlarında təklif edilən pomidor, xiyar, qarpız və yemişin tərkibində nitratların - azotun normadan artıq olması adi hal alıb. Tərkibində nitratlar çox olan bostan bitkilərinə becərmə zamanı normadan artıq ammonium şorası (kəndlərdə "silitr" kimi tanınan yemləyici gübrə) verilir. Bu gübrənin normadan çox verilməsi məhsulun ölçülərini böyüdür, rəngini tündləşdirir və onu daha dadlı edir. Bu səbəbdən də fermerlər satış üçün nəzərdə tutulan bostan bitkilərinə normadan artıq yemləyici gübrə verir ki, bu da nəticədə məhsulun tərkibində nitratların çoxalmasına, bu isə öz növbəsində zəhərlənmələrə səbəb olur. Sağlam orqanizmə malik insan gün ərzində 200 ml. nitrat qəbul edə bilər. Lakin xəstə və zəif orqanizmlərdə bu, zəhərlənməyə də səbəb ola bilər.

Bu gün cəmiyyəti belə bir sual düşündürür, tərkibində normadan artıq nitrat olan, istifadə üçün yararsız sayılaraq idxalından imtina edilən məhsulların sonrakı taleyi necə olur? Əlbəttə, həmin bostan meyvə-tərəvəzlərinin hamısı respublikamızın bazarlarında öz vətəndaşlarımıza satılır. Ona görə də bostan bitkiləri və meyvə- tərəvəz mövsümündə zəhərlənmə hallarına daha tez-tez rast gəlinir.

Vəziyyətdən çıxış yolu kimi, ölkə üzrə bütün ərazilərdə meyvə-tərəvəz və digər bostan bitkilərinin tərkibinin yoxlanmasına şərait yaradılmalı, tərkibində normadan artıq nitrat aşkarlanan məhsullar məhv edilməlidir. Bununla yanaşı, fermerlər bostan bitkilərinin becərilməsi sahəsində maarifləndirilməli, onlara izah edilməlidir ki, standartlara uyğun olmayan məhsulun istehsalı həm təhlükəli, həm də onların özləri üçün də faydasızdır. Çünki belə məhsullar müsadirə edilərək məhv ediləcək.

Onu da diqqətinizə çatdıraq ki, bütün irili- xırdalı marketlərdə və digər ticarət şəbəkələrində istehlakçılara satılan məhsullar vaxtaşırı yoxlanılmalı, müddəti keçmiş məhsullar aktlaşdırılaraq məhv edilməlidir. Əslində isə marketlər və digər ticarət şəbəkələri həmin məhsulları satışdan çıxararaq istehsalçılara qaytarırlar. İstehsalçılar da bir müddət sonra həmin məhsulların istehsal tarixini yeniləyərək təkrar marketlərə və ticarət obyektlərinə qaytarırlar ki, bu da insanların sağlamlığına ciddi təhlükə yaradır. Bu sahəyə ictimai nəzarətin olmaması problemin daha geniş miqyas almasına səbəb olur. Beləliklə, bütün dünyada qidalar da insanlar kimi, yaşayır və ölür, Azərbaycanda isə işbazlar qidaları ölümsüzləşdirməyi belə bacarırlar.   

Akif Nəsirli

0.19637179374695