Tarif Şurasının Absurdları

 

Ziya Məmmədovun qoçularına min rəhmət

Bakı və Bakıətrafı qəsəbələrdə sərnişindaşıma sektorunda baş verən acınacaqlı vəziyyət sözün həqiqi mənasında əhalinin haqlı narazılığına səbəb olur. Bunun əsas səbəbi isə son qiymət artımından sonra bu xidmət sektorunda gözlənilən, daha doğrusu söz verilən müsbət dəyişikliklərin baş verməməsidir. Yəni nəqliyyatda gediş haqqı artırılsa da, xidmət sahəsində heç bir yenilik baş vermədi.

Tarif Şurası (sözün açığı, bu Şura sözündən heç xoşum gəlmir, məmləkətimizdə bolşevik işğalından sonra yaranan şuraları xatırladır. O zaman ağsaqqallarımız da sovet rejimini qəbul edənləri Şuravilər adlandırıblar. Şuravilərin sayının artdığını görən ermənilər də, bunu azərilərin (Azərbaycan türklərinin) sovetlərə rəğbəti kimi qəbul edərək qızlarına Şura adını qoymağa başladılar. Bu "Şuralar"da böyüyüb min hoqqadan çıxırdılar ki, azəriləri cəlb edib öz torlarına salsınlar, bir müddət əvvəl daşnak-bolşevik cütlüyünün Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər yaddaşlardan silinsin. 70 illik Şura hökuməti də, bu yolla azəri-erməni dostluğuna nail oldu ki, onun da ağır nəticələrini 1988-90-cı illərdə gördük və bu günümüzə qədər də davam edir.

Bu gün Tarif Şurasının Azərbaycan xalqına qarşı sürdürdüyü fəaliyyət də, bundan heç nə ilə fərqlənmir.

Əslində, bizim Tarif Şurası adlandırdığımız quruma başqa bir ad tapmaq olardı. Məsələn, Dövlət Qiymət Komitəsi, Dövlət Qiymət Agentliyi və s . Görünür, həmin Şuraların həsrətində olan bəziləri, bu adın yaddaşlardan silinəcəyindən qorxublar və onu əbədiləşdiriblər. Bu ad məsələsi çox uzun və mübahisəli işdir, qalsın başqa zamana. Gəlin keçək əsas məsələyə.

Bu gün söhbət həmin Şuranın qiymət tənzimlənməsi prosesində hansı kriteriyalardan istifadə etməsindən gedir. Elə götürək bu yazıya səbəb olan sərnişindaşıma xidmətlərinə görə ödənilən məbləği.

Bizə belə gəlir ki, hər hansı bir qurum Tarif Şurasına qiymət artımı barədə müraciət etdiyi zaman, Şura həmin təkliflərin bütün aspektlərini tam öyrənərək araşdırmalı və buna adekvat qərar qəbul etməlidir.

Məsələn, Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına müraciət edir ki, əhalinin nəqliyyat xidməti üçün ödədiyi məbləğ çox aşağıdır və artırılmasına ehtiyac var. Bunu əsaslandırmaq üçün isə belə arqumentlər irəli sürür ki, sərnişindaşınma infrastrukturu yenilənir, daha komfortlu nəqliyyat vasitələri dövriyyəyə buraxılır və s.

Tarif Şurası da heç bir tədqiqat, araşdırma aparmadan, hansısa maraqlar üzündən BNA-nın təkliflərini qəbul edərək, nəqliyyatda gediş haqqını 50-100 faiz artırır.

Əslində isə BNA-nın qeyd etdiyi yeni infrastrukturu heç kim görmürsə, onun müsbət fəaliyyəti hiss olunmursa (dayanacaqlarda işləməyən bir neçə monitor quraşdırmaq yenilikmi sayılır?), bu, əhaliyə lazım deyil və buna görə haqq ödəməyə məcbur edilə bilməz.

Yox, söhbət yeni, komfortlu, kondinsionerli, qışda qızdırılan müasir avtobuslardan gedirsə, burada da müəyyən kriteriyalar gözlənilməlidir. Yəni komfortlu avtobuslardan istifadə edənlər daha yüksək haqq ödəməli, digər kateqoriya avtobuslardan istifadə edənlər daha aşaqı məbləğdə ödəniş etməlidirlər. Yoxsa, BNA görüntü üçün şəhərin mərkəzi hissəsinə 50-100 yeni avtobus buraxır, qiymətləri də onlara görə tənzimləyir, əhali isə sınıq- salxaq avtobuslarda işə gedib-gəlir və ikiqat yüksək haqq ödəyir, bu nə deməkdir?  

Bu gün şəhər nəqliyyat sektorunun ən yaxşı halda 20-30 faizi yenilənib, 70-80 faizi isə hələ Ziya Məmmədovun dönəmindən qalan heç bir komfortu olmayan, istismar müddətini başa vurmuş avtobuslardır ki, Tarif Şurası əhalini həmin avtobusların xidmətindən istifadəyə görə də yüksək haqq ödəməyə məcbur edir.

BNA da necə deyərlər, "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" prinsipi ilə çıxış edərək onsuzda maddi çətinliklər içində çabalayan milləti talamaqla məşğuldur.

Eyni zamanda, BNA həm də sələfi olan Ziya Məmmədovun ölülərinə rəhmət oxutmağa nail olub, böyük uğurdur, əhsən! Bir zamanlar "Ziya Məmmədovun qoçuları" ifadəsi çox məşhur idisə, bu gun BNA əməkdaşları həmin qoçulara da rəhmət oxutmağa nail olub.

Məsələn, Ziya Məmmədovun zamanında beynəlxalq Avtovağzal Kompleksinə giriş -15-20 dəqiqə pulsuz, ümumiyyətlə isə 1 manat idisə, bu gün girib-çıxmaq 1 manat, əlavə vaxt üçün isə daha yüksək məbləğ tələb olunur.

Məlumdur ki, dünyanın bütün yerlərində xidmət sahələri insanlara maksimum komfort şərait yaratmaqla öz fəaliyyətlərini təqdim edirlər. Azərbaycanda isə insanlara nə qədər pis komfort yaratsan, xidmətin qiyməti də bir o qədər artır. Bununla da biz qeyri-neft sektorunu, daha dəqiq desək, turizmi inkişaf etdirməyi hədəfləsək də, xidmət sektorunun yarıtmaz fəaliyyəti bunun qarşısına sədd çəkir. BNA da Beynəlxalq Avtovağzal Kompleksində insanlar üçün elə diskomfort yaradıb ki, ölkəmizə bir gələn, bir də gəlməz.

Tarif Şurası isə heç bir araşdırma-filan aparmadan BNA-nın çaldığına oynayır. Yəni hər şey BNA üçün, hər şey BNA-nın rifahı və varlanması naminə.

O ki qaldı millətə, "Millət necə tarac olur-olsun, nə işim var", Allah sənə rəhmət eləsin Sabir əfəndi.

 

P.S. Diqqətinizə çatdırım ki, Tarif Şurasının sədri iqtisadiyyat naziri Şahin Mustafayev, üzvləri isə nazir müavinləridir. Yəqin ki, əlavə şərhə heç bir ehtiyac yoxdur.   

 

Yusif Seyid

0.40342593193054