AQTA nə üçün oxu atıb, yayı gizlədir?!

 

Eyyub Hüseynov: "AQTA cəmiyyətə amorf - mücərrəd və qeyri-müəyyən informasiya

verməkdən əl çəkməlidir, informasiya dəqiq, konkret və hədəfli olmalıdır"

 

Ölkəmizdə qida təhlükəsizliyi sahəsində, son zamanlar atılan addımlara baxmayaraq, vəziyyət çox acınacaqlıdır. Hər gün qidadan zəhərlənmələr barədə aldığımız məlumatlar, oxuduğumuz informasiyalar da bu iddiaları bir qədər gücləndirir. Hələ biz onu da nəzərə alsaq ki, hər zəhərlənmə halı informasiya olaraq mediada əksini tapmır, səhiyyə ocaqlarında qeydə alınmır, belə halların kütləvi hal alıdğı barədə təsəvvürlər bir qədər də aydınlaşır. Respublikamızda qida təhlükəsizliyi məsələsi ilə məşğul olan yeganə dövlət qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir (AQTA). Qurumun yüksək səviyyədə tərtib edilmiş əsasnaməsi var və o əsasnamədə qeyd edilir ki, AQTA qida istehsalından başlayaraq, məhsulların süfrəmizə gəlməsinə qədər bütün prosesləri diqqətlə izləməli və vətəndaşlarımızın qida təhlükəsizliyini təmin etməlidir. Əsasnamədə yazılan bu iddia çox gözəl məramdır, amma AQTA bu hədəfə vurmaq iqtidarındadırmı? Ölkədə on minlərlə qida istehsalı, emalı və becərilməsi mərkəzləri, ondan da bir neçə dəfə çox ticarət obyektləri var ki, bunların hamısına eyni vaxtda nəzarət etmək, onların təmiz qida istehsal etməsini və satmasını müəyyənləşdirmək praktiki olaraq mümkün deyil. Bir qurumun bu qədər istehsal və ticarət obyektlərinə yalnız vizual nəzarətini təmin etmək üçün on minlərlə əməkdaş lazımdır, agentliyin isə bu qədər mütəxəssis resurslarına malik olması mümkün deyil. Hər bir problemdən sadə çıxış yolu olduğu kimi, sözügedən məsələ də dünyada çözülüb, yolları tapılıb. Belə ki, dünyada bu problemin aradan qaldırılmasında dövlət vətəndaş cəmiyyəti və vətəndaş nəzarətinə üstünlük verir. Mexanizm çox sadədir, vətəndaşa istənilən an əlindəki qida məhsulunun keyfiyyətini yoxlaya bilmək və bu barədə əsaslı arayış almaq imkanı yaradılır. Digər tərəfdən isə yararsız qida istehsalı, satışı və idxalına məsul olan sahibkardan vətəndaşın məhdudiyyətsiz təzminat tələb etmək hüququ formalaşdırılır. Bu halda, vətəndaşın bir manat dəyərində yararsız qida müqabilində minlərlə, milyonlarla təzminat tələb etmək imkanı yaranır. Vətəndaşın bu cür "tərs şilləsindən" ehtiyatlanan sahibkar özü istehsal etdiyi məhsulların standartlara uyğunluğuna ciddi nəzarət edəcək. 

Lakin AQTA əlində olan imkanlardan, hüquqi bazadan belə, səmərəli istifadə edə bilmir və ya etmək istəmir. Məsələn, bu günlərdə AQTA sədri Qoşqar Təhməzli əhaliyə xəbərdarlıq etdi ki, cənub bölgəsində 6 sahibkar ucuz qiymətə (5 manata) tərkibində trans yağlar (orqanizm üçün zərərli birləşmədir) aşkarlanan kərə yağı satır, ehtiyatlı olun! Maraqlıdır ki, agentlik sədri nə məhsulun, nə də sahibkar və firmanın adını dilə gətirmir. Elə isə vətəndaş necə ehtiyatlı olsun, axı o bilmir ki, məhsulun adı nədir, hansı firma belə yağlar istehsal edir. Qiymətlə də seçmək mümkün deyil, çünki sözügedən bəyanat yayılan kimi, bütün 5 manatlıq yağların qiyməti 10 manata qaldırıla bilər. Yenə də zərbə vətəndaşa dəyəcək.

Bunun ardınca isə agentlik sədri energetik içkilər barədə bəyanat verib. O, bildirib ki, tərkibində 32 ml.-dən artıq kafein olan enerji içkilər orqanizm üçün zərərlidir və belə içkilərin satışı qadağandır. Lakin elan edilmir ki, hansı şirkətin istehsal etdiyi, hansı çeşid bu qəbildəndir. Yəni AQTA-nın bəyanat və xəbərdarlıqları mücərrəd xarakter daşıyır və bu bəyanatlar qida təhlükəsizliyində daha çox sahibkarın təhdid edilməsinə, onlar üzərində reket şəbəkəsinin qurulmasına yardım edən cəhdlərə bənzəyir. Bu istiqamətdə araşdırmalarımız davam edir, yaxın zamanlarda bu barədə geniş təhlili oxucuların diqqətinə təqdim edəcəyik.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki,  AQTA ölkənin bütün vətəndaşlarını əhatə edən azsaylı dövlət qurumlarından biridir, çox mükəmməl bir əsasnaməyə malikdir - əsasnamədə iddia edilir ki, AQTA mərkəzi icra hakimiyyəti orqanı olaraq, məhsulların tarladan, fermadan və istehsal müəssisələrindən istehlakçının masasına qədər bütün prosesləri izləmə mexanizmini həyata keçirməlidir: "Yəni AQTA əməkdaşları qida məhsullarına aid bütün prosesləri izləməlidir. Lakin bu, mümkün deyil, ona görə də AQTA bəşəriyyətin tapdığı bir metoddan istifadə etməlidir, ictimaiyyətin etimadını qazanıb, onun dəstəyindən istifadə etməlidir - prosesə valantyor və könüllülər cəlb edilməlidir. Bununla yanaşı, vətəndaş cəmiyyətinin dəstəyinə arxalanmalıdırlar. Lakin AQTA mənim təklif etdiyim dəstəyi qəbul etmir. Axır ki, bu günlərdə AQTA əməkdaşlarını onlarla mətbuat konfransında görüşməyə razı sala bildik.

Ümumiyyətlə, bu qurum vətəndaş cəmiyyəti ilə işləmək arzusundan uzaqdır, ona görə də ictimaiyyətin dəstəyini qazana bilmir. Bu dəstəyi qazana bilməyən padşahın belə arzuları xəyal-plov olaraq qalmağa məhkumdur. Əhalini yağlarla bağlı ehtiyatlı olmağa çağırırlar, amma təhlükəli olan qidanın adını çəkmirlər. Bu cür yarımçıq bəyanatlar AQTA-nı gözdən salır, cəmiyyət qarşısında ehtimadını itirir. İndi əhalinin diri heyvanlara tələbatı artıb, Bakı şəhəri qəssabxanaya dönüb, bunun səbəbi əhalinin AQTA-ya inamının itməsi ilə bağlıdır - əhali agentliyin sənədini alan marketlərə deyil, gözü ilə gördüyünə inanır. Bu etimadı bərpa etmək üçün agentlik birincisi, laboratoriyaları KİV və ictimai təşkilatların üzünə açmalıdır, ikincisi, bəyanatlarında dəqiqlik və şəffaflıq olmaldır, üçüncüsü, ifşa etdikləri obyektləri bağlamamalı, onların qanunauyğun yolla fəaliyyətinə dəstək verməlidir.

Bununla yanaşı, hesab edirəm ki, agentlik dünyada təsdiqini tapmış təsir vasitəsi olan istehlakçı boykotundan istifadə etməlidir. Bunun üçün isə AQTA cəmiyyətə amorf - mücərrəd və qeyri-müəyyən informasiya verməkdən əl çəkməlidir, informasiya dəqiq, konkret və hədəfli olmalıdır. Hansı məhsulun standartlara uyğunsuzluğunu aşkarlayıblarsa, buyursunlar, bunu cəmiyyətə açıqlasınlar. Cəmiyyət də onları boykot etsin, bununla da məsələ bitsin".

 

Akif Nəsirli

0.36223816871643