Ailə iqtisadiyyatı barədə nə bilirik?

 

Ağıllı alıcı olmağın "qızıl qaydaları"nı öyrənməyə cəmiyyətimizdə ciddi ehtiyac var

 

Azərbaycanda ailə iqtisadiyyatı, ev təsərrüfatı o qədər əhəmiyyət kəsb edən məsələ sayılmır. Bizdə "ev təsərrüfatı" ifadəsini eşidən kimi ağlımıza kənd həyatı gəlir - hərənin beş-on qoyunu, bir-iki iribuynuzlu heyvanı, əlli-altmış da toyuq-cücəsi olur - düşünürük ki, ev təsərrüfatı, ailə iqtisadiyyatı yalnız kənddə olur. Amma belə deyil. Kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq, hər bir ailənin iqtisadi fəaliyyəti var ki, bu da ailə iqtisadiyyatı və ya ev təsərrüfatı adlanır. Sadəcə olaraq, kənddə ailələr əsasən ev təsərrüfatına daxil olan vəsaiti heyvandarlıq və bitkiçiliklə qazanır, şəhərdə isə ailə üzvlərinin gəliri onların rəngarəng fəaliyyət növlərindən əldə edilir. Yəni ev təsərrüfatı və ya ailə iqtisadiyyatı dedikdə, yalnız kəndlinin həyətindəki təsərrüfat nəzərdə tutulmamalıdır, əsas məsələ ailənin öz gəlirlərini idarə etməsinin təşkilidir. Şəhərin müxtəlif yerlərində apardığımız sorğulara əsasən deyə bilərik ki, Bakı şəhərində ailə gəlirlərinin idarə edilməsi, ailə iqtisadiyyatı barədə ya düşünən yoxdu, ya da bu istiqamətdə primitiv düşüncəyə malik olan azsaylı insanlar var. Əksər ailələr gəlirlərini kortəbi şəkildə, planlaşdırmadan xərcləyir, ayın sonunda isə bankların müxtəlif formada təklif etdiyi kartlar vasitəsilə borclanmaya gedirlər. Ən yaxşı halda ailə "qara gün" üçün saxladığı kiçik ehtiyat fonduna (əgər varsa) müraciət edir.

Bəs mümkündürmü ki, ailə aylıq gəlirlərini səmərəli idarə edərək ayı borcsuz başa vursun? Əlbəttə, mümkündür. Avropada və dünyanın inkişaf etmiş ölkələrində ailə iqtisadiyyatının qurulmasına ciddi diqqət ayrılır. Bir sıra Avropa ölkələrində ailə iqtisadiyyatının əsasları orta məktəblərdə öyrədilir, sosial çarxlar vasitəsi ilə cəmiyyətə təbliğ edilir. Çox maraqlıdır ki, bu gün dünyanın aparıcı ölkələrində təbliğ edilən ailə iqtisadiyyatının fəlsəfi prinsipi Azərbaycanın məşhur bir atalar sözünə uyğun gəlir - "Ayağını yorğanını görə uzat!". Hətta, sorğu keçirən zaman bəzi respondentlər də dilə gətirdi ki, çalışırıq "ayağımızı yorğanımıza görə uzadaq". Ailəsinin gəlirlərini məhz bu atalar sözünün prinsipinə uyğun xərcləməyə çalışan insanlar, əslində elə ailə iqtisadiyyatı ilə şifahi də olsa məşğul olanlardır. Çünki belə insanlar gəlirləri ilə xərclərini beynində də olsa qarşılaşdırır və onları bir-birinə uyğunlaşdırmağa çalışır. Əslində, Ailə iqtisadiyyatı da elə bundan ibarətdir. Kim bu prinsip üzrə xərclərini səmərəli idarə edə bilirsə, mütləq ayı borcsuz başa vuru bilir. Lakin bu işi daha səmərəli qurmaq üçün mütləq sənədləşmə, ailə kərguzarlığına müraciət etmək vacibdir. Ailənin gəlir gətirən bütün üzvləri gəlirlərini bəyan etməli və bu gəlirlərlə ailə büdcəsini formalaşdırmalıdır. Razılaşmaya əsasən, hərə öz gəlirindən hesabatsız - sərbəst xərcləmək üçün müəyyən limitə malik ola bilər. Yaxud da əksinə, ailə büdcəsinə hər işləyən ailə üzvü gəlirlərinin müəyyən hissəsini verir, bu ailənin razılaşmasından asılıdır. Ailə büdcəsi formalaşdıqdan sonra ailənin bütün ümumi tələbatı ailə büdcəsi hesabına ödənilir və bütün ödənişlər tarixi ilə müfəssəl şəkildə qeydə alınır. Ayın tamamında xərclər təhlil edilir, səmərəsiz xərclər müəyyənləşdirilir və növbəti ayda bu qəbildən olan xərclər dayandırılır, əvəzində ya səmərəli xərclər artırılar, ya da artıq vəsait ailənin ehtiyat fonduna yönəldilir. Bir neçə ay bu prinsiplə işləyən ailə sonda görəcək ki, ehtiyat fonduna xeyli vəsait cəlb edilib.

Ailənin xərclərini səmərəliləşdirmək üçün həm də ağıllı alıcı olmaq gərəkir. Məsələn, sizin ailə üzvləriniz cəmiyyətin elitar təbəqəsinə aid deyilsə, siz bütün növ brendlərdən kənar gəzməlisiniz. Çünki bazarlarda brendlər qədər keyfiyyətə malik olan, lakin ondan bir neçə dəfə ucuz qiymətə satılan mal və məhsullar var. Bəzən cəmiyyətdə belə fikirlər də səslənir ki, brend firmalar öz mallarını dəyərindən on dəfələrlə baha qiymətə sataraq insanları "soyur". Əslində isə belə deyil, firma öz məhsulunu brendə çevirənə qədər illərini və milyonlarını qoyub və özünü brend olaraq təsdiqləyib, biznes pramidasının ən yüksək pilləsinə sahiblənib. Bununla yanaşı, brendlərin hədəf seqmenti cəmiyyətin elitar - brendlərə xərcləməyə kifayət qədər pulu olan təbəqəsidir. Tutaq ki, kimsə - sadə bir vətəndaş Ancelina Colinin reklam etdiyi bir geyimi almaq üçün bankdan kredit götürürsə və bununla bir qədər yaxşı görünməkdən başqa maddi olaraq heç nə qazanmırsa, bu, sadəcə həmin insanın ağıllı alıcı olmamasını, cəmiyyətdə öz mövqeyini müəyyənləşdirə bilməməsini sübut edir.

Hətta, ailə büdcəsinin səmərəli xərcləməsini təmin etmək üçün bir sıra tövsiyyələr də verilir. Məsələn, tövsiyyə olunur ki, ərzaq bazarlığına gedərkən mütləq doyunca yeyin, sonra bazarlığa yola düşün. Ac olsanız qida məhsullarını lazım olandan daha çox almaq həvəsinə düşəcəksiniz, beləcə, evə gələndən bir qədr sonra görəcəksiniz ki, xeyli miqdarda artıq məhsul almısınız. Cibinizdə calışın iri əskinaslı pullar saxlayın, hər xırda şey üçün pul xırdalamayın; kiçik məbləğli mallar üçün (telefon, soyuducu, elektrik qızdırıcısı və s.) kreditə girməyə meyl etməyin, bunları səmərəli xərcləmə nəticəsində yığılan ehtiyat fondu hesabına nəğd alın; KİV-də daha çox reklam edilən məhsullardan istifadə etməyə çalışmayın, çünki daha çox reklam edilən məhsulun xərcidə çox olur ki, bu da onun qiymətində əksini tapır; evdə ərzaq ehtiyatı yaratmağa çalışmayın, bir müddətdən sonra onun bir hissəsi keyfiyyətini itirərək xarab olacaq, beləcə xərclərinizin səmərəliliyini azaldacaq; paltarlarınızı tam yararsız hala düşənə qədər geyinməyin - ucuz olsa da, cibinizə uyğun bir neçə analoqunu alıb tez-tez dəyişərək geyinin, belə bir paltarı bir neçə il geyinə bilərsiniz və s.

Qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən Avropa şirkətləri bu məsələlərə diqqətlə yanaşır. Məsələn, bir neçə il əvvəl bir xarici işrkət öz azərbaycanlı işçilərinə şirkətin hesabına ailə iqtisadiyyatının qurulmasını öyrədə bilən müəllim axtarırdı. Elana gözüm sataşan kimi maraqlandım, soruşdum ki, sizin marağınız burda nədir? Şirkətin meneceri izah etdi ki, biz azərbaycanlı işçilərimizə kifayət qədər yüksək maaş veririk, bununla belə onlar ayın son 10 günündə şirkətə avans üçün müraciət edirlər. Biz düşünürük ki, onlar xərclərini səmərəsiz idarə edir, nəticədə isə şirkət planlaşdırılmayan xərclə üzləşir. Şirkəti planlaşdırılmayan xərclərdən xilas etmək üçün onlara ailə iqtisadiyyatını öyrədib, sonra isə avans verməkdən imtina etmək fikrindəyik. Həmin şirkətdə nəticə elə onların planlaşdırdığı kimi də oldu, sonda işçilər ay ərzində kimin daha sox vəsaitin ailənin ehtiyat fonduna yönəldilməsi istiqamətində yarışa giriblər.

Sonda qeyd edim ki, yuxarıda söylədiklərim o anlama gəlməmələlidir ki, biz aza qane olmalıyıq, əksinə, insan daima daha yüksək qazanc əldə etmək barədə düşünməlidir. Amma əsas məsələlərdən biri də qazanılan vəsaitin daha səmərəli xərclənməsidir. Hər bir azərbaycanlıya çoxlu pul və o pulları səmərəli idarə etmək qabiliyyəti arzulayıram!

 

Akif Nəsirli

0.29584002494812