Məmurluq manqurtluq deyil

 

Tapdıq ABBAS
([email protected])
Baş redaktor
“Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Amma bəziləri manqurtdan əsla fərqlənmir

Azərbaycan gənc müstəqil dövlətdir. Həm də müsəlman ölkəsidir. Gəncliklə müsəlmançılığın vəhdət təşkil etdiyi bu ölkə, əslində, modern dövlətdir. Ölkəmiz gənc dövlət olmasına baxmayaraq, hazırda üzərinə çox böyük missiya götürüb. Şimalla Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində tənzimləyici funksiyasını icra edir. Dünya xalqlarının mədəniyyətinin, nəqliyyatının, dialoqunun qaynar, birləşdirici nöqtəsində duran ölkəmiz xaricdən çox cəlbedicidir. Ölkəmizin bu keyfiyyətləri hər bir ölkə vətəndaşı kimi, bizi də sevindirir, fərəhləndirir.

Ölkəmizə qonaq gələn hər bir əcnəbiyə yüksək qonaqpərvərlik və diqqət göstərilir. Hətta vəziyyət o yerə çatıb ki, bir əcnəbinin xırda narazılığına dövlət səviyyəsində ciddi reaksiya verilir. Bütün bunlar, əlbəttə, normal haldır. Amma...

Amma təəssüflə qeyd edim ki, məmurların günahı, tamahı və milli mənlik hissinin zəifliyi, bəzi hallarda manqurtluğu üzündən xaricilərə göstərilən diqqətin az bir qismi belə,  Azərbaycan dövlətinin sahibi, qurucusu olan xalqımıza göstərilmir, desəm, güman edirəm ki, səhv etmərəm. Bu, danılmaz, inkaredilməz acı həqiqətdir. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri məmurlarla xalq arasında uzun illərdir mövcud olan və hazırda davam edən kəskin ziddiyyətdir. Hər gün kəskinləşən bu zidiyyətin əsasını isə qanunların işləməmsi, məmurların rüşvətxorluğu, özbaşınalığı, cəzasılıq mühitinin hökm sürməsi, bütün sahələrdə məmurlarla sadə xalq arasında dərin uçurumun dərinləşməsi təşkil edir.

Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti dünya miqyasında Azərbaycanın nüfuzunu yüksəklərə qaldırdığı hazırkı məqamda onun komandasında dolayı vasitələrlə yüksək kürsü tutan və rüşvətxorluğu, harınlığı və manqurtluğu ilə ölkənin sadə əhalisinin canını boğazına yığan xeyli məmurlar var ki, dövlətin imicinə zərbə vurmaqda davam edirlər. Ölkədə hökm sürən ən təhlükəli tendensiya ondan ibarətdir ki, müxtəlif qohumluq telləri ilə bağlanan əksər yüksək vəzifə sahibləri, məmurlar, onların övladları, qohumları tərəfindən törədilən ciddi qanun pozuntularını cənab Prezidentin diqqətindən yayındırmaqda böyük ölçüdə «püxtələşiblər». Həmin məmur çetesi öz aralarında bağladıqları "centlmen sazişinə" sadiqlik nümayiş etdirərək, bir-birlərinin xalq və dövlət əleyhinə törətdikləri qanunazidd əməllərin ifşa olunmasına imkan vermirlər.

Eyni zamanda, həmin məmurlar hakimiyyətin müxtəlif qollarına yerləşdirdikləri qohum-əqraba şəbəkəsi vasitəsi ilə xalqı acımasızcasına talayaraq, var-dövlət toplayırlar. Məsələn, DİN -in Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini 25 ildir əlinə keçirən general Ramiz Zeynalovun bu idarəni qapıçıdan özünə qədər tam rüşvət makinasına çevirməsinə ölkənin bir neçə milyon avtomobil və müxtəlif növ texnika sahibləri şahid olduğu halda, dövlət orqanları bu biabırçılıq barədə heç bir qanuni ölçü götürmür və qayda-qanundan danışırlar. O zaman soruşuram, hansı haqdan, ədalətdən danışırsınız, cənablar, başa düşmək çox çətindir!?

Bu eybəcər durumla üzləşən hər bir insanın təbii olaraq, dövlətin gücünə yox, Ramiz Zeynalovun əlində olan "rüşvət lisenziyasının qüdrətinə" təslim olmaqdan başqa əlacı qalmır və rüşvətlə sürücülük vəsiqəsi alır, sonra cinayət törədir, rüşvət verib, cinayətdən qurtulur və s. və ilaxır! Çünki DYP İdarəsi sistemində baş verən cinayətləri - rüşvətxorluğu, korrupsiyanı - dövlətin bütün hüquq-mühafizə orqanları aydın görür, yaşayır, iştirak edir, amma dövlətçiliyə milyonların gözü qarşısında ciddi zərbə vuran bu idarə haqqında heç bir tədbir görmür və susur!!!

Dövlətçiliyə sarsıdıcı zərbə vuran başqa bir misal. Yəqin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsini tutan Kərəm Həsənovu tanımayan yoxdu və onun Dövlət Kömitəsini rüşvət makinasına çevirdiyini hər kəs yaxşı bilir. Bilənlər arasında sadə insanlardan daha çox K. Həsənovun da yardımıyla Azərbaycanın əmlakını, mülklərini su qiymətinə mənimsəyən və onlara havadarlıq edən yüksək kürsü sahibləri də var! Sual edirəm, Kərəm Həsənovun uzun illərdir Dövlət Komitəsində reallaşdırdığı qanunsuzluqları, dövləti təhdid edən əməlləri niyə dayanmır?! Dövlətin müvafiq orqanlarının rəhbərləri Dövlət Komitəsində baş verənlər barədə ölkə Prezidentinə niyə vaxtında məlumat vermirlər, səbəb nədir?! Kim bilmir ki, bu komitədə əmlak barədə rüşvətsiz sənəd almaq, əzrayıldan möhlət almaqdan daha çətindir!?:

Yuxarıda iki dövlət orqanında mövcud olan rüşvətxorluğun real vəziyyətini səthi təsvir etdim. Təəssüf ki, ölkəmizdə mövcud olan digər orqanların fəaliyyəti adlarını çəkdiyim qurumların fəaliyyətindən elə də fərqlənmir...

Yuxarıda ölkəmizi geri çəkən səbəblərdən bəhs etmişdim və bunlardan biri - rüşvətxorluq barədə qeyd etdim. İndi isə qısaca başqa bir səbəb üzərində dayanacam. Bu, ölkəmizdəki məmurların bir qisminin manqurtlaşmasıdır. Manqurt nədir? Anlaşılan formada desək, verilən əmrin mahiyyətini dərk etmədən, onu dərhal icra edən varlığa manqurt deyirlər. Bəli, ölkəmizdə elə məmurlar var ki, onların bəzilərinin hərəkətləri manqurt hərəkətindən əsla fərqlənmir. Məsələn, mətbuatda geniş diskussiyaya səbəb olan Kəlbəcər icra hakimiyyəti başçısının 250 min dollarlıq avtomobil almaq sevdasına düşməsi, hər kəsi təəccübləndirdi. Əhalisi qaçqın, köçkün şəraitində, dağınıq halda yaşayan rayonun icra başçısının başında belə bir sərsəm ideyanın peyda olmasını  manqurtluğun təzahürü də saymaq olar. Belələri ölkədə həddindən çoxdur. Hansı rayona gedirsən, əhali icra başçının ərkəsöyün övladlarının harın, qudurğan hərəkətlərindən dastan danışır...

Bu gün dövlətimizin, hökumətimizin əleyhinə xarici və daxili düşmənlər tərəfindən başlanan təhdid kampaniyasına, ölkə Prezidenti və ailə üzvlərinin əleyhinə təşkil edilən çirkin düşmənçilik kampaniyasına qarşı hər birimiz ciddi mübarizə aparırıq və aparmalıyıq. Düşmən yaxşı bilir ki, bir dövləti sarsıtmaq üçün həmin dövlətin başçısı, ailə üzvləri, təmiz işinə vicdanla yanaşan bəzi məmurları haqqında yalan, çirkin təbliğat kampaniyası təşkil edib, məmurlardan narazı olan sadə xalqı ayaqlandırıb, çirkin məqsədə çatmaq daha asandır. Ona görə də, oğurlatdığı qol saatının qiyməti bir milyon avro olan Rəşad Abdullayevin (SOKAR-ın prezidenti Rövnəq Abdullayevin oğlunun) beynəlxalq medianın gündəminə gətirilməsi heç də təsadüfi hadisə deyil. 

Ona görə də, məmurlar, onların övladları harada olmalarından asılı olmayaraq, manqurt hərəkətlərə yol verməkdən çəkinməlidilər, ən azı ölkə Prezidentinin, ailə üzvlərinin sadə davranışlarından nümunə götürməlidirlər...

0.15419507026672