Könüllülük hərəkatı Avropa ölkələrində geniş vüsət alıb

 

Azərbaycanda isə vəziyyət fərqlidir

 Son zamanlar Azərbaycanda gənclərin könüllü fəaliyyəti istiqamətində ciddi təbliğat aparılır, gənclərin bu fəaliyyətə cəlb edilməsi üçün müəyyən şərait yaradılır. Bu istiqamətdə ən parlaq nəticəni Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - ASAN xidmət göstərib. Belə ki, könüllü fəaliyyətə əsaslanan bu xidmət cəmiyyətin rəğbətini qazanıb - Azərbaycanda yeganə dövlət qrumudur ki, ASAN xidmətdən narazı qalan vətəndaş tapmaq çətindir. Lakin xidmətin bütün uğurlarını gənclərin könüllü fəaliyyəti ilə bağlamaq da düzgün deyil.

Əvvəla, hesab edirik ki, respublikamızda gənclərin könüllülük fəaliyyəti bir qədər qüsurlu təşkil edilib. Təşkilatçılığın ən nəzərə çarpan nöqsanı könüllülərin ödənişsiz fəaliyyətə cəlb edilməsidir. Düzdür, Avropada bu xidmət doğrudan da ödənişsiz əmək kimi qiymətləndirilir və könüllülük fəaliyyəti ərzində gənclərə əmək haqqı verilmir. Lakin Azərbaycan gəncinin sosial vəziyyəti ilə Avropa gəncinin sosial vəziyyəti eyni deyil. Avropada 18-29 yaşında (könüllülük fəaliyyətinin yaş həddi belədir) gəncin arxasında ciddi maliyyə imkanlarına malik ailəsi dayanır, əgər bu yoxdursa, gənc işsizliyə görə, tək yaşadığına və s. görə dövlətdən müavinat alır. Yəni Avropalı gəncin işləmədiyi halda da, həyat və yaşayışını təmin edən maddi baza var. O üzdən belə gənclər yeni münasibətlər axtarmaq, tərəfdaşlar tapmaq, təcrübə toplamaq və gələcək karyerasında bunlardan istifadə etmək məqsədilə könüllülük fəaliyyətinə qoşulmaqda həvəsli olurlar. Avropada həm də geniş imkanlar mövcud olduğundan gənclər könüllülük fəaliyyətinə qoşularkən düşünmür ki, o, hardasa uğursuzluğa düçar ola bilər və sonradan onu bu iki ili itrilmiş vaxt kimi qiymətləndirilə bilər. Orada bu hərəkata qoşulan gənc mütləq bu illər ərzində həyatda öz yerini tapır, yaxud özəl karyerasını qurur, ya da öz sənətini tapır. Ona görə də bu hərakat Avropa ölkələrində geniş vüsət alıb. Hətta, son zamanlar bəzi Avropa ölkələrində analoji hərəkata qoşulmaq istəyən gənclərə qarşı tələb kriteriyaları mürəkkəbləşdirilib. Bu da hərəkatın intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Gündəlik minimum xərclərini ödəyə bilməyən gənc hansı həvəslə gedib ödənişsiz könüllük fəaliyyətinə qoşula bilər? Azərbaycanda yalnız ailəsindən dəstəyi olan çox məhdud kontingent bu hərəkata qoşulur, ona görə də hərəkat Avropadakı kimi genişlənmir. Lakin genişlənmənməyə maneə olan yalnız gənclərin maddi imkansızlığı deyil, ölkədə həm də hansısa ünsiyyət və təcrübə əsasında karyera qurmaq imkanları da çox məhduddur. O üzdən, bu gün könüllülük fəaliyyətinə qoşulan gəncin işlədiyi müddət ərzində özünə daimi iş yeri tapmaq, karyera qurmaq ehtimalı çox aşağıdır.

Bütün sadaladğımız neqativ amillər respublikamızda başladılan könüllülük fəaliyyətinin risklərini artırır. Ona görə də, hesab edirik ki, Azərbaycanda könüllülük fəaliyyəti qismən də olsa, həvəsləndirici amil kimi  ödənişli əsaslarla həyata keçirilməlidir. Bu layihənin bütün şərtləri Avropada olduğu kimi saxlanıla bilər, yalnız ödənişsizlik prinsipindən başqa. Çünki birincisi bizdə əhalinin, o cümlədən də gənclərin sosial durumu aşağıdır, ikincisi isə könüllülük fəailyyəti çox nadir hallarda gənclərin gələcək karyerasının tranplini ola bilir. Bu iki faktorun varlığı, hərəkatın risklərini artırır və cəlbedicilik səviyyəsini aşağı salır. Risk amillərinin idarə edilməsi və gələcəkdə bunun aradan qaldırılmasına gəldikdə isə bu məsələlər cəmiyyətin köklü problemlərinə bağlıdır.

Məsələn, ölkədə gənclərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə onların ailəsinin real gəlirlərinin artırılmasına, işsizlərin Avropadakı kimi dövlət himayəsi ilə əhatələnməsinə nail olunmalıdır. Qeyd edilən ikinci risk amilini aradan qaldırmaq üçün isə ölkədə yen iş yerlərinin açılması tendensiyası güclədirilməli, insanlara öz bizneslərini qurmaq üçün münbit şərait yaradılmalıdır.

Bu yerdə bir məqamı qeyd edək ki, cəmiyyətin sıravi üzvləri düşünür ki, hökumət yeni iş yerləri açmalıdır. Lakin bazar iqtisadi modeli ilə çalışan iqtisadi sistemlərdə hökumət iş yerləri açmağa borclu deyil, o yalnız buna münbit şərait yaratmalıdır. Başqa sözlə desək, hökumət mülkiyyət hüququna zəmanət verməli və biznesə başlamaq istəyən sahibkar qarşısındakı bütün maneələri aradan qaldırmalıdır. Bu iki addım ölkədə həm də minlərlə iş yerinin açılmasına səbəb ola bilər.

 

Akif Nəsirli

[email protected]

0.27281713485718