Qiymətlər yenə qalxır

 

Azərbaycan üçün ucuz meyvə-tərəvəz erası bitib

 Azərbaycanda artıq yay mövsümü başlayıb, bu mövsümün xarakterik xüsusiyyətləri var - bunlardan biri də kənd təsərrüfatında məhsul ilinin başlanmasıdır. Əvvəllər məhsul ilinin başlanması bir sıra məsələlərə, o cümlədən də ərzaq məhsullarının qiymətlərinə öz təsirini göstərirdi. Belə ki, yay gələndə bütün ərzaq məhsullarının qiyməti ucuzlaşırdı. Hətta, el arasında yay mövsümünü "kasıbları fəsli" adlandırırdılar. Lakin indi bizim əvvəllər müşahidə etdiyimiz qiymət tendensiyası tam tərsinə inkişaf edir. Azərbaycan Statistika Komitəsinin rəsmi məlumatına görə, ölkədə qiymətlər 2,4 faiz bahalaşıb, amma bu, sadəcə rəsmi rəqəmdi, əslində bir sıra ərzaq məhsullarının qiyməti iki dəfə, yəni yüz faiz bahalaşıb. Hələ kənd təsərrüfatı məhsullarının başqa ərzaqlara təsiri bir yana, özü aşırı dərəcədə bahalaşıb. Məsələn, ötən il bazarda ən yaxşı gilası 2-3 manata almaq olardısa, bu il analoji meyvəni 6-8 manata almaq olur. Buna uyğun olaraq, digər meyvə və tərəvəz məhsulları da bahalaşıb. Hazırda bütün dükan-bazarlarda vətəndaşlar bunun səbəbini axtarır, görəsən Azərbaycan kimi aqrar bir ölkədə meyvə-tərəvəz nə üçün bu qədər bahalaşıb?

Ölkə mediasında bu suala müxtəlif cavablar verilir, bəziləri bunu inhisarçılıqla, digərləri bazara çıxış imkanlarının məhdud olması, üçüncü qrup isə ümumiyyətlə ölkədə qiymətlərin bahalaşmasını təkzib edir.  Əvvəl onu qeyd edək ki, ölkədə meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma aşırı dərəcədə müşahidə edilir və bunun inhisarçılıqla əlaqəsi minimum həddədir, bəlkə də yoxdur. Ölkədə meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasının başlıca səbəbi bu qəbildən olan məhsulların az istehsal edilməsidir. Məsələn, bizdə yerli istehsal edilən ərzaq buğdası daxili tələbatın 40, süd 50, ət 40, soğan 80-90, kartof 50-60, balıq 30-40, meyvə 50-60, giləmeyvə 40, toyuq 70, digər bostan bitkiləri 80-100 faizə qədərini ödəyə bilir. Bununla yanaşı, bəzi hallarda fermerlərin bazarlara çıxış imkanları da tam təmin edilmir, paytaxt bazarları bir qrup işbazlar tərəfindən nəzarətə götürülür.

Göründüyü kimi, ölkəmiz kənd təsərrüfatı üçün potensiala malik olsa da, bu potensialı reallaşdıra bilmir, aqrar səhə məhsullarına olan yerli tələbatın əsas hissəsi idxal hesabına ödənilir. Ona görə də kənd təsərrüfatının məhsul mövsümü dövründə belə, meyvə-tərəvəzin qiyməti ya düşmür, ya da yayın sonunda - məhsulun qısamüddətli bolluğu dövründə ucuzlaşır. Respublikamızda yuxarıda qeyd edilən məhsul növlərinin böyük əksəriyyətinin yerli tələbatı tam ödəyə bilən, hətta, ixrac oluna bilən səviyyədə yetişdirmək mümkündür. Bunun üçün ilkin mərhələdə aqrar sahəyə beynəlxalq təcrübəyə əsaslanan dövlət dəstəyi verilməlidir. Ona görə beynəlxalq təcrübəyə əsaslanmanı qeyd edirik ki, hal-hazırda hökumətin aqrar sahəyə dəstək proqramları işləyir, lakin bunlar çox yarıtmaz şəkildə təşkil edilib. Məsələn, hazırda buğda biçini davam edir, amma "Aqraolizinq" fermerləri kombaynlarla təmin edə bilmir.

Ölkədə ərzaq məhsullarının bahalaşmasının digər səbəbi, milli valyutanın durmadan dəyər itirməsidir. Manatın xarici valyutalar qarşısında dəyəri süni şəkildə (bazara xarici valyuta atılması yolu ilə) sabit saxlanılsa da, xərc infliyasiyası onu ölkə daxilində dəyərdən salır.

Yuxarıda qeyd etdiyimiz amillərin təsiri altında yay mövsümündə belə, ərzaq məhsulları ucuzlaşmır, əksinə bahalaşır. Bu bahalaşmanı isə ölkə iqtisadiyyatında olan inhisarçılıq amili daha da gücləndirir. Yəni, kənd təsərrüfatı məhsulları az istehsal edildiyi üçün nə o özü ucuzlaşmır, nə də başqa ərzaq məhsullarının ucuzlaşmasına təsir göstərə bilmir. Məsələn, bir neçə il əvvələ qədər yay mövsümündə ət 15-20 faiz ucuzlaşırdı, amma son 3-4 ildə biz bunu müşahidə edə bilmirik, çünki istehsal kəskin şəkildə azalıb.

Nəticə olaraq qeyd edək ki, əgər ölkənin aqrar sektoru beynəlxalq təcrübəyə əsaslanan dövlət dəstəyi ilə təmin edilməsə, vətəndaşlar bir daha meyvə tərəvəzin ucuzlaşmasını müşahidə edə bilməyəcəklər.

 

Akif Nəsirli

[email protected]

0.19972491264343