Bir nəfəs alıb-vermədə Allaha iki şükür borcluyuq

 

Kainatın nizamlı yaradılışı, planetlərin proqramlı hərəkətləri, fəsillərin, gecə və gündüzün bir-birini təqib etməsi və iradəmizdən asılı olmayan digər hadisələr ağıl, bəsirət, təfəkkür, təzəkkür (yada salma, xatırlama) və ibrət əhli üçün çox böyük və önəmli nemət, əlamət və dəlillərdir. İnsanın vəzifəsi bu nizam və mizanı dərk edib, onları Yaradanı  tanımaq  və Ona təşəkkür etməkdir. Bu, "hər şey insan, insan da Rahmən üçün yaradılıb" sirrinin açılışıdır.

Təşəkkür və minnətdarlığın ən ali dərəcəsi həmddir: "Həmd Allaha təşəkkürün başıdır" (həz.Məhəmməd). Biz "əlhamdu lilləhi rabbil aləmin" (həmd olsun aləmlərin Rəbbinə) deyərkən, Onun sahib olduğu ehsan və nemətlərin bizə çatıb-çatmaması haqqında yox, o Zatın minnətdarlığa layiq olması barədə düşünməliyik. Həmddə əsas qayə  nemət yox, nemətin Sahibini dərk etməkdir. Deməli, həmd səmimi və saleh bəndənin ixləs (saf ibadət, qulluq) məqamında heç bir əvəz gözləmədən Allaha itaətdir. Ondan başqa yaradan olmadığı üçün, həmd ancaq Allaha məxsusdur və Ondan başqa heç kimə və heç nəyə həmd olunmaz. Həmddən fərqli olaraq, şükür verilən nemətə görə edilən təşəkkür formasıdır və o, həm Allaha, həm də insanlara edilir. Şükürün ziddi nankorluqdur. Həmd və şükürdən sonra təşəkkür və tərifin sonuncu (aşağı) mərtəbəsi mədhdir. O, həm Allaha, həm də canlı və cansız varlıqlara edilir. Məsələn, sevimli Allah; yaxşı insan; yaraşıqlı at, ev və s. Qeyd edək ki, mədhdən yararlanan məddahlar çox olub və təəssüf ki, belələri indi də kifayət qədərdir.

              Şükür

Ərəbcədən ana dilimizə keçən "şükür" termini "təşəkkür" sözü  ilə eyni kökdən əmələ gəlib və hər hansı yaxşılığa görə razılıq bildirmə, minnətdar olmaq anlamını verir. İslamda isə şükür, ümumi mənada insana bəxş edilən duyğu, düşüncə, əza və digər üzvlərlə yaradılış qayəsinə uyğun davranış və yaşam tərzinə deyilir. Qeyd edək ki, "şükür" sözü Allahın isimləşmiş sifətlərindən biri olan "Şəkur"dan təşəkkül tapıb. Şükür bəndənin Allahu-Təaləyə itaət etmək üçün məsul olduğu vəzifələrdən biridirsə, Şəkur isə az itaət, ibadət müqabilində çox böyük dərəcələr verən, dünyadakı yaxşı əmələ görə axirətdə sonsuz nemətlər bəxş edən deməkdir. Belə mükafatın Ondan başqa həqiqi sahibi yoxdur. Bu baxımdan ən qatı ateist belə "təşəkkür" sözünü işlədərkən, özü də bilmədən Allahın Şəkur ismini zikr etmiş olur.

Şükrün icrası və gerçəkləşməsi

Şükür qəlb, dil və bədənin digər üzvlərilə yerinə yetirilir. Dil ilə edilən şükür hər növ nemətin Allahdan gəldiyini iqrar etməkdir. Bütün gözəllik və yaxşılıqların ərsəyə gəlməsi naminə əzəldən əbədə qədər səbəbləri hazırlayan O olduğu kimi, vaxtı gələndə göndərən, qismət  edən də Odur. Nemətləri təqdir və təqsim edən (hissələrə ayıran) və səməvi süfrələr halında qarşımıza sərən O olduğu üçün, minnət və şükran da Onun haqqıdır. Bu süfrənin hazırlanmasını və hazırlayanını nəzərə almayanlar barədə Rəbbimiz buyurub: "İnsanların çoxu dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər"(Rum 7).

Qəlblə şükür dil və digər üzvlərlə edilən şükrün əsasını təşkil edir. Çünki ərşi-səmaya sığmayan Allahı qəlbində məskən etməyən şəxsin söz və hərəkətləri də səmimi olmaz. Yəni qəlblə şükür, bəndənin zahiri və batini bütün nemətləri və bu nemətlərdən yararlanmağı Allahdan bilib, həyatını bu anlayışla yaşamasıdır. "O, gizli-açıq nemətlərini sözə bol-bol ehsan edib" (Loğman 20) qəlblə edilən şükürün keyfiyyət və kəmiyyət göstəricisini ehtiva edirsə, "Allahın nemətlərini sayacaq olsanız, saya bilməzsiniz" (İbrahim 34) isə həmin nemətlərin sonsuz olduğuna işarədir.

Bədən əzaları ilə edilən şükür isə həmin üzvlərin yaradılış qayəsinə uyğun istifadəsidir. Bu alətlərin haram işlətmək üçün bir vasitə olacağı təqdirdə (zina, sələm, rüşvət, əyyaşlıq, həsəd və s.), bəndə nankorluq  etmiş olur: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir". Həmin səbəbdən  bəşərin iftixar tablosu, şükür öndəri Məhəmməd (ə) gecə-gündüz Rəbbinə şükürdə bulunub və bunu başqalarına da tövsiyə edib. O: "Allahım! Səni anmaq, Sənə şükür edə bilmək və Sənə ibadətlərin ən gözəli ilə yaxınlaşmaq üçün mənə yardım et" - deyərdi.

Həqiqi şükür nemətin tam bilinməsilə gerçəkləşir. Çünki nemətin qaynağı və onu verənin təqdir edilməsi əsasən nemətin aşkarlanması - üzə çıxması ilə mümkündür. Əslində hər bir insanda nemət və nemətverənə müəyyən bir simpatiya, hətta bəzən pərəstiş hissi də olur. Amma biz bu hissin yaradacağı ana qədər dəryada yaşayan balıqlar kimi sonsuz nemətləri  görmürük, onlara ya "azdır", ya da "belə də olmalıdır" deyib, əhəmiyyət vermirik. Bu məqama diqqət çəkən Məhəmməd (ə) buyurub: "Aza şükür etməyən, çoxa da şükür etməz"; "İnsanlara şükran və minnət hissi daşımayan, Allaha da şükür etməz". "Şükrünü verdiyin az mal, şükrünü verə bilmədiyin çox maldan xeyirlidir". S.Şirazi (v.e.1291) isə deyib: "İnsan bir nəfəs alıb-vermədə Allaha iki şükür borcludur". Göründüyü kimi, şükür çox dəyərli bir mərtəbə və məsul vəzifə olduğu üçün hər kəs onun mahiyyətinə qovuşa bilmir. Həmin səbəbdən Rəbbimiz buyurub: "Bəndələrimdən (nemətlərimə) şükür edən azdır" (Səba 13). Şeytan isə Allaha xitabən deyib: "Sən onların əksəriyyətini şükür edən görməyəcəksən" (Əraf 17).

Şükrün mahiyyəti

Məlumdur ki, din yolunda hidayətlərdən (doğru yollardan) olan bəzi dəyərlər əslində məqsəd yox, digər hallara - nəticəyə çatmaq üçün bir vəsilədir. Məsələn, tövbə, səbir, qorxu, zöhd (qadağalardan çəkinmə) və s. kimi. Lakin sevgi, təvhid və şükür kimi elə dəyərlər də var ki, onlar məqsəd  və nəticə olduğu üçün özləri lazımdır. Şükürün mahiyyətində Allahu-Təalənin bütün sifətlərilə icraatını əqlən qəbul etmək, qəlbən məmnun olmaq və dil ilə həmd etmək vardır. Şükrün təməlini izan (itaət, etiraf) və irfan (Allahı dərketmə), şüur və bəsirət təşkil edir. Şükrün təməlində və əvvəlində təzəkkür və təfəkkür vardır. Ancaq bu xüsusiyyətlərə sahib olanlar həqiqi şükür mərtəbəsinə çatır və təşəkkürlərindəki mahiyyəti dərk edirlər.

Ümumiyyətlə, dində bütün mərtəbələr üç növdür: elm (ağıl, bilgi), hal və əməl. Elm, ağıl əsasdır. Çünki hal və əməl hər hansı şey haqqında məlumat-bilgi ilə reallaşır. Yəni elmdən hal, haldan da əməl meydana gəlir. Elmlə olan Şükür bütün nemətlərin Allahdan olduğunu bilməkdir. Bir kimsənin verdiyi hər hansı neməti həmin adamdan gəldiyini bilmək cahillikdir. Nemətin bəndədən gəldiyini bilmək həmin neməti hikmətə çevirər ki, onun da bərəkəti olmaz. Nemətin Allahın o şəxsi vəkil etdiyini və onun əli ilə verdiyini bilmək lazımdır. Başqa sözlə, mükəlləf şəxs kainatda var olan hər şeyin  Ondan gəldiyini və Onun neməti  olduğunu bilməlidir. Elə "əlhamdulilləh" kəlməsi  (təhmid) də bunu ifadə edir. Yeri gəlmişkən, əksər üləma hesab edib ki, bu kəlam həm "Sübhanəlləh" (Allahı ağıl və xəyalə gələcək hər şeydən -münəzzəh tutmaq və buna inanmaq) təqdisi, həm də "ləə iləhə illəlləh" təhlil kəlməsindən (mərifət mərtəbəsindən) üstündür. Zira Peyğəmbər (ə) buyurub: "Sübhanəlləh" deyən on, "ləə iləəhə illəlləh" deyən iyirmi, "əlhəmdulilləh" deyən isə otuz savab qazanır".

Ümumi anlamda hal qəlbin riqqətə gəlməsi, oyanışı ilə sevinməsidir. Şükrün halına gəlincə isə o, mərifətdən (elmin bir hissəsindən) qəlbə doğan bir rahatlıq və fərəhdir. Çünki bir kimsə digərindən yardım, yaxşılıq görsə ona sevinər. Lakin təkrar da olsa deməliyik ki, Allahın nemət verdiyi kimsənin nemətverənə deyil, nemətə sevinməsi şükür deyil.

Məlumdur ki, saleh əməl verilən neməti Onun rizasına uyğun şəkildə istifadə etməkdir. Şükrün əməli isə, qeyd edildiyi kimi qəlb, dil və digər üzvlərlə icra edilir. Qəlb ilə edilən şükür hər kəs üçün yaxşılıq istəmək, heç kimə həsəd aparmamaqdır. Dil ilə şükür etmək "əlhəmdulillah" deyib, nemətin sahibinə minnətdar olmaqdır. Digər üzvlərlə edilən şükür isə, həmin əzaların (əl, ayaq və s.) Allah tərəfindən verilən bir nemət olduğunu bilib və  onları fitratdan təyin edilən istiqamətdə işlətməkdir. Bəndənin dünyada yaşamasını təmin edən bu əzalar nəticə etibarilə axirətdəki məqamı qazanmaq üçün verilib. Yəni, Allahın yeganə istəyi bəndəsinin həmin cövhərləri dünyada ikən axirət üçün istifadəsindən ibarətdir və bəndə də Rəbbin verdiyi neməti Onun sevdiyi, təqdir etdiyi işə sərf etdiyi zaman şükrünü izhar etmiş olur. Başqa sözlə, Onun nemətinə şükür etmək, həmin neməti ancaq Onun arzusuna uyğun tərzdə istifadə etməklə mümkündür. İslamda buna tovfiq - Allahın qəzası ilə bəndənin iradəsi arasında uyğunluq - deyilir. Bunlar şükrün incəlikləridir. 

Verilən nemətləri Onun razı olmadığı işlərdə istifadə etmək nankorluq olduğu üçün, həmin çövhərlər küfrani nemət sayılır. Məsələn, göz bir nemət kimi həm bəndənin bu dünyada normal yaşamasını, həm də Rəbbin yaratdıqlarındakı heyrətamiz hallara baxıb, Onun əzəmət və böyüklüyünü anlamaq üçündür. Əgər bu nemət sosial statusu aşağı olan qadına baxıb sahibini zinaya sövq edərsə, bəndə küfr - nankorluq etmiş olur. Və ya əl halal zəhmətə yox, rüşvət almağa öyrənibsə, o, bəndə üçün küfrani nemət olar. Belə mühakimə digər üzvlərə də şamil edilir. Başqa bir misal. Müasir texnologiyaların tətbiqi bir nemətdir. Bu nemət vasitəsilə TV-lər haram, milli dəyərlərimizə əks olan verilişlər təqdim edərsə, o zaman nemət küfrani olub əzab və utanc gətirən alətə çevrilər.

Şükrün əlaməti qənaət və iqtisadi tənzimdir, neməti Allahın sevdiyi yerə yetərli və ehtiyacı ödədiyi qədər xərcləməkdir. Şükürsüzlüyün əlaməti  isə acgözlük və israfdır, halal-haram bilmədən rastına düşəni qamarlamaq və mənimsəməkdir. Bu isə həmin neməti Göndərənə hörmətsizlik və asilikdir.

İnsanların şükürdə qüsurlu olmasının səbəbi

Şükürdə qüsurlu olmanın əsasən iki səbəbi var. Birincisi, nemətlərin çox olmasına biganəlikdir. Zira Allahın nemətlərinin hamısını saymaq qeyri-mümkündür: "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz" (Nəhl 18). İkincisi, insan iradəsi xaricindəki ümumi-qlobal nemətləri nemət saymadığı üçün onlara "belə də olmalıdır" - deyib, şükür etmir. Halbuki, ümumi sayılan nemətlər olmasa, insan yaşaya bilməz, həyat olmaz. Məsələn, təkcə 1-2 dəqiqə hava olmazsa, nə baş verəcəyinə heç macal tapmarıq. Saysız-hesabsız nemətlərin şükrünün qiymətini kamil insanlar bilirlər. Şükürdə xəta etməməyin çarələrindən biri də xəstəxanalara, həbsxanalara, qəbiristanlığa, qocalar və atılmış körpələr evinə gedib onlardan ibrət alaraq rahatlığımıza şükür etməliyik.

Şükrün-nemət münasibətlərində bir məqamı da vurğulamaq yerinə düşərdi. Əgər insanın nail olduğu nemət qabaqcadan onun barəsində xeyirli bilinibsə, bu, ilahi bir ikramdır (hədiyyə, lütfdür). Əksinə, əgər nemət həmin şəxsin təkəbbür və asiliyini artırırsa, bu, ikram yox, istidracdır. İstidrac isə, bir şəxsi arzusuna görə müəyyən səviyyəyə qaldırıb, sonra oradan fəlakət çuxuruna atmaqdır. Allah bəzi lovğa və üsyankar insanlara etdikləri pisliklərə rəğmən bolluca var-dövlət, oğul-qız və vəzifə verir. İlk baxışda bu hədiyyələrin onlar üçün bir nemət olduğu da zənn edilir. Halbuki bu hal onlar üçün ikram yox, istidracdır, bir məkri- ilahidir (İlahi tələsidir). Çünki  onlar bir sınaq üçün verilən nemətlər maqabilində Allaha itaət və şükranlıq əvəzinə, həmin nemətlərə nankorluq edənlərdir.

Verdiyi sonsuz sayda nemətlərə görə, Rəbbin bəşərdən şükür istəməsi haşə, buna ehtiyacı olduğu üçün deyil. Onun heç bir şeyə ehtiyacı yoxdur. Şükrə möhtac bəndədir və xüsusən, azərbaycanlı olaraq biz. Çünki, verilən nemətlərin - torpaqlarımızın bir hissəsinin işğal altında olması, həm də o nemətlərin şükrünü yetərincə verə bilmədiyimiz səbəbindən doğub. Unutmayaq ki, "Vətən imandandır" (həz.Məhəmməd). İmanın yarısı da şükürdür. Elə isə nemət Sahibini izzətləndirməklə neməti qəlb, dil və əməllə qoruyub, Ona şükür edək. Bu növ şükür, həm də tarixi yaddaşsızlığın dərmanıdır.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.25269603729248