Avroliqanın final oyunu
düşmənləri məyus etdi

 

Tapdıq ABBAS ([email protected]
Baş redaktor “Əməkdar mədəniyyət işçisi," 
Pedaqoji fəlsəfə doktoru, 
Qarabağ müharibə veteranı

 İngilis futbol azarkeşlərinin cığallığına da şərait olmadı

 Ölkəmiz həmişə olduğu kimi, bu dəfə də növbəti imtahandan zəfərlə çıxdı. Bu, o imtahandır ki, Avropanın bəzi dairələrilə bağlı olan nüfuzlu təşkilatlar bir neçə ildir Azərbaycanı daim sınağa çəkir. Bir tərəfdən, ölkəmizə mötəbər - idam yarışları, mahnı müsabiqələri, “Formula - 1” kimi çeşidli tədbirlər salınır, digər tərəfdən, həmin ölkələrdə yerləşən müxtəlif təşkilatlar ermənipərəst düşmən qüvvələrin təsiri ilə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayır. Məsələn, UEFA Avroliqasının Bakıda keçirlən final oyunu ərəfəsində Böyük Britaniya XİN - i kimi, rəsmi qurum ölkəmizə gələn vətəndaşlarına heç bir əsası olmayan lazımsız tövsiyyə verməklə, düşmənlərimizin çirkin məqsədinə xidmət edən əks-təbliğat kampaniyasına dəstək verdi.

Qeyd edim ki, Böyük Britaniya XİN - in yanlış yol tutub, bu ölkənin iki komandasının iştirakı ilə Bakıda keçirilən UEFA - nın final oyununa gələn tamaşaçılara yalan, qərəzli tövsiyyə verməsi təkcə Azərbaycan dövlətinin və ictimaiyyətinin deyil, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Diqqətin əsasını heç şübhəsiz, Bakı ilə London arasında mövcud olan dərin iqtisadi əlaqələrin yüksək səviyyədə olması, xüsusən Azərbaycanın neft - qaz sahəsində liderlik edən BP şirkətinin oynadığı böyük rolun mahiyyəti təşkil etdi. Hamı dərhal düşündü ki, görəsən, Böyük Britaniya ilə yüksək səviyyədə iqtisadi əlqələr qurulduğu halda, onu qane etməyən nədir ki, vətəndaşlarına Azərbaycan haqqında reallığı əks etdirməyən, qərəzli tövsiyyə verməyə vadar olub Bakının imicini ləkələməyə  çalışır?!...

Azərbaycan və dünya ictimaiyyətində belə bir sualın yaranmasına təbii baxmaq lazımdır. Çünki Azərbaycan müstəqillik əldə etdiyi ilk dövrdən indiyə kimi Böyük Britaniya ilə bütün sahələrdə daim qarşılıqlı dostluq və yüksək etimad şəraitində münasibət qurub və hazırda belə qarşılıqlı isti münasibət davam etdirilir. Lakin nə qədər təəccüblü görünsə də, hər iki ölkə arasında isti münasibətlərin mövcud olduğu zamanda B. Britaniya XİN - in Bakıya gələn vətəndaşlara Azərbaycandakı durum barədə qərəzli tövsiyyə verməsi iki ölkə arasında xeyli qaranlıq və gizli mətləbin olmasına dəlalət edir. Britaniya XİN - nin öz vətəndaşları üçün yaydığı tövsiyyənin təsadüfi xarakterli olması barədə iddia irəli sürmək qəti doğru deyil. Bu hadisənin mahiyyətində hələlik açıqlanmayan, gizli nədənlərin olmasına şübhələri artırır.

Nəhayət, xeyli vaxtdır ətrafında müxtəlif şaiələr və söz – söhbət dolaşan UEFA Avroliqasının futbol üzrə final oyunu “Çelsi” və “Arsenal” komandaları arasında iki gün öncə Bakı Olimpiya stadionunda uğurla, tam əmin-amanlıq şəraitində baş tutub və final oyunu “Çelsi” futbol komandasının böyük üstünlüyü 4-1 hesablı qələbəsi ilə bitib. Yayılmış rəsmi məlumata görə, stadionda final oyununu 51 mindən çox yerli və xarici tamaşaçı izləyib və oyun zamanı heç bir insident qeydə alınmayıb. Hətta cığallıq üzrə dünyada ad qazanmış davakar ingilis azarkeşlər belə, bu oyunda öz davakarlıqlarını nümayiş etdirməyə ehtiyac duymayıblar (Bəlkə də ona görə ki,finaldakı hər iki komanda İngiltərəni təmsil edirdi-T-A) . Əksinə, oyunun tam təhlükəsiz şəraitdə keçirilməsini sonda mediaya bildirən yerli və xarici izləyicilər matçın yüksək qonaqpərvərlik şəraitində, yüksək səviyyədə keçdiyini qeyd ediblər...

Oyundan sonra Britaniya XİN - i də daxil olmaqla, oyundan əvvəl Azərbaycanda gözlənilən böyük təhlükə - soyğun, oğurluq, korrupsiya, insan haqlarının pozulması barədə haray – həşir salıb, vay – şivən qoparan xarici düşmənlər bəs görəsən, niyə susublar?! Niyə oyundan əvvvəl Azərbaycan haqqında elan etdikləri qərəzli bəyənatlara görə, ölkəmizdən və xalqımızdan üzr diləmirlər?! Bəs, haqqında difirambalar deyilən, dünyanı “heyran” edən Avropa, Qərb mədəniyyətinin ecazkar üzrxahlıq ənənəsinin nümunələri niyə görünmür?! Budurmu, hər kəsin öydüyü Qərb, Avropa dəyərlərinin təntənəsi, bəs, bu təntənəni nə zaman görəcəyik?!..

Yuxarıda qeyd etdiyim sualların sırasını istənilən qədər genişləndirə də bilərəm. Amma bunun düşmənlərimizin öz çirkin əməllərindən əl çəkib, Azərbaycan dövləti haqqında dost mövqeyə keçəcəklərinə qətiyyən inanmıram. Yaxşı dərk edirik ki, Qərb dəyərlərini yalnız özləri üçün məqbul sayan iri sümürgən dövlətlər Azərbaycan kimi, yağlı tikədən daha çox pay qoparmaq məqsədini davamlı olaraq təmin etmək üçün yalnız şər – böhtan, qərəz kimi silahlardan istifadə etməyəcəyini düşünməklə özümüzü aldatmış olardıq. ABŞ və özünü dünyada “demokratiyanın beşiyi” sayan Avropa dövlətlərinin dünyanın hər yerində, o cümlədən ölkəmizdə mövcud olan nöqsanları şişirdib, bundan hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edib, onlardan istədikləri qəniməti almağa adət etdiklərini indi hər kəs yaxşı bilir...

Yəni, Qərb dəyərlərindən danışarkən, heç kim məntiqsizliyə qapılıb, onların dünyada humanizm təmsilçiləri olduqlarını zənn etməməlidir. Əsl reallığı anlamaq üçün Avropa dövlətlərinin öz aralarında gedən mübarizənin gedişini yaxından izləmək kifayətdir. Bu zaman Avropa dəyərlərinin özlərinə, ölkələrində yaşayan insanlara xidmət etdiyini, xaricdə, Azərbaycan kimi dövlətlərə qarşı isə silah kimi istifadə edildiyini müşahidə etmək çətin deyil. Bəzi vətəndaşların, xüsusən dağıdıcı qüvvələrin xaricdə və ölkə daxilində apardıqları yanlış təbliğatın təsiri altına düşüb Qərb, Avropa dəyərlərinin əsirinə çevrilmələrinə haqq qazandırmaları qətiyyən yolverilməz haldır...

UEFA Avroliqasının “Çelsi”-“Arsenal” komandaları arasında keçirilmiş final oyununun və indiyə qədər ölkəmizdə keçirilmiş bütün bu qəbildən olan tədbirlərin düşmən qüvvələr tərəfindən hədəfə alınması, ilk növbədə  Avropa dövlətlərində yuva salmış ermənipərəst dairələrin dövlətimizə qarşı apardıqları düşmənçilik prosesinin tərkib hissəsi olduğunu ölkəmizin hər bir vətəndaşı bilməlidir. Kimliyindən asılı olmayaraq – məmur olsun, sıravi vətəndaş olsun, fərq etməz – bu Vətən hər birimizindir, dövlət müstəqilliyimizin əldə edilməsi üçün verdiyimiz minlərlə şəhidimizin qanını batırmaq istəyən düşmənlərin çirkin məqsədlərinə nail olmasına heç zaman imkan verə bilmərik və buna ixtiyarımız da yoxdur! Biz Azərbaycan davasını fasiləsiz olaraq aparmalıyıq, dövlət müstəqilliyinin əbədiliyini təmin etmək naminə hər cür əzaba, əziyyətə dözməliyik...

Nəhayət, dərk etməliyik ki, dünyada 5 mindən çox millət olmasına baxmayaraq, onlardan yalnız iki yüzə yaxını suveren hüququnu təmin edərək, müstəqil dövlət qurmaq xöşbəxtliyinə qovuşub. Heç də asanlıqla əldə olunmayan bu xoşbəxtliyə yetişənlərdən biri də bizik – multikultural dəyərlərin daşıyıcısı olan, ölkəmizdə yaşayan digər xalqları özünün doğma qardaşı kimi, qəbul edən Azərbaycan türk milləti! Ona görə də hər xırda çatışmazlıqdan dolayı ölkəmizi yadlara ümid etmək olmaz. Problemlərimizi özümüz həll etməliyik. Xalq, millət olaraq, yumruq kimi birləşib, həm daxili – ölkəmizdə insanların haqqını tapdalayan, dövlətimizi rüşvət makinasına çevirməyə cəhd edib, talançılıqla var-dövlət yığmaq istəyənlərlə, həm də torpaqlarımızı işğal etmiş ermənilər və onlara havadarlıq edən həm də xarici düşmən qüvvələrə qarşı amansız mübarizəni davam etdirməliyik!

0.2373731136322