Azərbaycanın ümdə problemi – itlər

 

Zənginlərin mənəvi aclığı insanlığı ölümə sürükləyir

 Son günlər Azərbaycan mediasını zəbt edən mənasız bir müzakirə kimlər tərəfindənsə süni şəkildə qabardılır. Bir tərəfdən mediaya intensiv olaraq it dişləmələri barədə məlumatlar ötrülür - filan rayonda it filan sayda adamı dişlədi, it uşağın sifətini parçaladı və s. Digər tərəfdən isə bir "itsevərlər" qrupu meydana çıxıb, mitinq edərək itlərin hüquqların qorumaq istəyir, şəhər rəhbərliyindən tələb edirlər ki, itlərə toxunmayın. Belə mənasız məsələlərlə ölkə gündəmini doldurmaq istəyən missionerlərə mənim özəl bir təklifim var. Bilirsiniz ki, yer üzünün ən ali varlığı insandır, bu bütün nəzəriyyələrdə təsdiqlənmiş bir həqiqətdir. Həm Qurani-Kərim, həm də dünya elmi insanların daha yaxşı yaşamasını qarşısına hədəf qoyub - insanları bütün zərərlərdən qorumaq missiyası bəşəri və dini elmlərin məqsədidir. Belə olan halda, bu gün Bakının küçələrində dilənən, zibillikləri dolaşaraq yem axtaran insanlar varsa, siz nədən adınızı "itsevərlər", "heyvansevərlər" qoymaqla qürür duyursunuz? İt də canlıdı, onun da yaşamaq haqqı var, biz bunu inkar etmirik, amma hər canlının öz yeri var, bu Tanrı nizamından çıxanda onu güllələmək də, imkan varsa təcrid etmək də olar. Bir şeyi də nəzərdən qaçırmadım ki, itlərin müdafiəsinə qalxan insanlar kifayət qədər zəngin insanlardır. Bu onların bütün hərəkətlərindən də hiss edilir, bəzilərini isə şəxsən tanıdığım üçün bilirəm. Yuxarıda qeyd etdiyim kimi, Bakıda kifayət qədər it günündə yaşayan, buna dözə bilməyib dilənçilik edən, zibillikləri eşələyib oradan yem axtaran - yaşamaq uğrunda mübarizə aparan insanlar var. Nə üçün onlara itə göstərdiyiniz qayğının onda biri qədər qayğı göstərmirsiniz? Axı bunlar canlı insandı, dili var, hissiyatı var, sizinlə rahat danışa bilir, sizə dərdini deyir, amma bu tip insanların qayğısına qalan yoxdur. Bakıətrafı qəsəbələrdə onlarla, yüzlərlə ailə tapmaq olar ki, bir günlük qidaya möhtacdırlar və bunların əksəriyyəti də uşaqlardır. Bu zəngin insanlar bahalı nimçələrdə itlərə yemək hazırlayıb verməkdənsə, nə üçün ac insanları doyurmağa cəhd göstərmirlər? Bəli, bu sualın cavabı Azərbaycan cəmiyyətində hamıya bəllidir, çünki gözümüz görə-görə insanlıq ölür. Bilirsiniz, insan ölümü faciə deyil, bu həyatın qanunudur, amma bir cəmiyyətdə insanlığın ölməsi faciədir, ona görə ki, can verən insanlıq tam öləndən sonra elə biz hamımız mənən it günündə yaşayacağıq. İnsanlığın öldüyü cəmiyyətdə ac adam qalmır, fiziki baxımdan hamı tox olur, amma mənən dəhşətli aclıq başlayır. Bütün əlamətləri ilə Azərbaycan cəmiyyəti mənəvi aclığa doğru iri addımlarla irəliləyir. Qarnı ac olanlar ölərək sıradan çıxdıqca, onlarla bərabər bizim mənəviyyatımız da ölür. Divarın bir üzündə itləri müdafiə edən zənginlər, o biri üzündə isə yaşamaq uğrunda mücadilə verən ac insanlar...

Deyəsən, çox dərinə getdik, yazının məğzindən uzaqlaşdıq. Bu gün insanlara hücum edən it varsa, əlbəttə, o zərərsizləşdirilməlidir. İnsan "itsevər" də ola bilər, "heyvansevər" də ola bilər, amma bu hisslərin heç biri bizim insan və insanlıq sevgimizə kölgə salmamalıdır. Əcdadlarımızın ilk əhliləşdirdiyi heyvan elə it olub. Qədim qəbilələr iti digər heyvanlardan qorunmaq məqsədi ilə əhliləşdiriblər. İndi də kəndlərdə, fermer təsərrüfatında itlər bu missiyanı yerinə yetirir. Lakin onu təyinatından çıxarıb, dekorasiya kimi istifadə edən - sevən insanlar, həm də o itlərin məsuliyyətini daşımalıdı ki, nəzarətdən çıxıb şəhərlərə yayılmasın.

Sonda bir məsələni qeyd edim ki, əgər bu informasiyalar gündəmi "alaq otları" ilə doldurmaq məqsədi daşıyırsa (hərçənd ki, əlimizdə buna dair fakt olmasa da, belə şübhələrimiz var), bu çox uğursuz alınıb, bu gün də gələn xəbər seli məndən başqa heç kimin diqqətini çəkə bilməyib. Biz bu məsələdə də çox geri qalmışıq, çünki həmişə məqsədimiz "sabun köpüyü" ilə gündəm yaratmağa cəhd etmişik. O üzdən də gündəmimizin ömrü elə sabun köpüyünün ömrü qədər olub. Əslində, gündəm yaradan mövzunun arxasında əməl olmalıdır ki, o cəmiyyətdə diqqət çəkə bilsin.

 

Akif Nəsirli

[email protected]

0.22426605224609