MİDA-ya ümidlər azalır

 

«Qanlıgöl»də dəfn edilən ümüdlər

 Azərbaycanda əhalinin yaşayış sahəsi ilə təminatı məsələsində son zamanlar hökumətin aktiv fəaliyyəti müşahidə olunmaqdadır. Bir neçə il əvvəl başlanan güzəştli ipoteka proqramı ümidləri doğrultmasa da, sosial evlər layihəsi cəmiyyətdə ümid işığının közərməsinə səbəb oldu. Layihəni Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) həyata keçirir.

Bu proqram hələ layihə mərhələsində olarkən bir sıra ekspertlər tərəfindən ciddi tənqidə məruz qaldı. Əsas tənqid hədəfi də mənzillərin qiyməti oldu. Belə ki, sosial evlərdə mənzilin bir kvadratmetri 800-1200 manat arasında dəyişir, orta qiymət təxminən 1000 manat təşkil edir. Məsələyə bazar qiymətləri baxımından yanaşsaq, hazırda Bakı şəhərinin mənzil bazarında bir kvadratmetri 1800 manata da, 600 manata da mənzil təklif edilir. Əksər çoxmərtəbəli binalarda bir kvadratmetr mənzil 900-1000 manat arasında təklif edilir. Həyət evlərində qiymətlər daha ucuzdur. Nəticə kimi qeyd etmək olar ki, MİDA-nın tikdiyi mənzillərin qiyməti ilə bazar qiymətləri arasında elə də ciddi fərq yoxdur. Əsas fərq ondan ibarətdir ki, burada mənzilin dəyəri bir dəfəyə deyil, aybaay, 30 il müddətinə ödənilə bilər. Ödənişlər bir otaqlı mənzillər üçün 150 manat, üç otaqlı mənzillər üçün isə 350 manat təşkil edir. Yəni, bu o deməkdir ki, layihə Bakı şəhərində kirayə qalmaq imkanı olan vətəndaşlar üçün nəzərdə tutulur. Çünki paytaxtın kirayə bazarındakı ortalama qiymətlər təxminən sosial mənzillərin aylıq ödənişlnə bərabərdir. Yeri gəlmişkən, MİDA-nın direktoru Samir Nuriyev müsahibələrinin birində qeyd etmişdi ki, hesablamalara görə, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar mənzil sahibi olmaq imkanı əldə edəcəklər.

 Sosial mənzil hara, bazar hara?

 Lakin sosial məzil layihəsinə başqa bir rakursdan baxdıqda mənzərə tamamilə dəyişir. Layihəyə start verilərkən onun kommersiya deyil, sosial layihə olduğu bəyan edilib, ölkə başçısının fərmanında da bu məram öz əksini tapıb. Belə olduğu halda əhalinin müəyyən güzəştlərə malik təbəqəsi bu mənzilləri maya dəyərinə - yəni, yalnız mənzilə çəkilən xərcləri ödəməklə almalıdır. Amma hazırkı bazar qiymətlərini nəzərə alınmaqla mütəxəssislərin hesablamalarına görə, Bakıda tam təmirli mənzilin bir kvadratmetri 400-500 manat civarında dəyişir. Hər kvadratmetrdə 100 manat təmirin payına düşür. Mənzil bazarında isə yaşayış sahələri maya dəyərindən 2-3 dəfə baha təklif edilir. Mənzilə kəskin tələbat olan bir şəhərdə mənzil bazarında təkliflərin bu qədər baha olmasının yeganə səbəbi rüşvətlə bağlıdır. Yəni MTK-lar kommersiya məqsədi ilə mənzil tikərkən müxtəlif yerlərə rüşvət verməli olur, digər tərəfdən torpağı da pulla alırlar. Lakin MİDA dövlət orqanı olaraq heç kimə rüşvət vermir, torpaq isə mənzil tikintisi üçün dövlət tərəfindən ayrılır. Elədirsə, nə üçün MİDA-nın sosial məqsədlər üçün tikdiyi mənzillər bazar qiymətləri ilə müqayisə edilərək satışa çıxarılır? Əslində, bu layihə əhalinin sosial-mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldiyi üçün MİDA-nın mütəxəsisləri mənzillərin maya dəyərini hesablamalı, bunun üzərinə də illik kredit faizlərini gəlməklə müəyyən qiymət formalaşmalı idi. Çox təəssüflər olsun ki, sosial vəziyyəti aşağı olan əhalinin mənzillə təminatını hədəfləyən layihə üzrə satışa çıxarılan mənzillər məmurlar tərəfindən bazar qiymətləri ilə müqayisə edilir və nəticə bu rakursdan çıxarılır. Halbuki bazar iştirakçıları ilə MİDA-nın xərcləri arasında böyük fərqlər var və bu fərqləri biz yuxarıda qeyd etdik.

 MİDA-nın şəffaflıq problemi "Qanlıgöl" də dəfn edilən ümüdlər

 MİDA-nın sosial mənzil layihəsindən yararlanmaq indi yəqin ki, mənzili olmayan, kirayələrdə ömür sürən hər bir Azərbaycan ailəsinin arzusudur. Çoxları bu layihə üzərində xəyallar quraraq Allaha dua edir. Lakin bu layihəni o qədər fetişləşdirməyə, arzuların layihəsi kimi təqdim etməyə dəymir? Bu layihə çərçivəsində Yasamal rayonunun "Qanlıgöl" deyilən ərazisində inşa edilən sosial mənzillərin tikintisində çalışan fəhlələrlə söhbət edən hər kəsin bu layihə üzərində qurduğu xəyallar alt-üst ola bilər. Həmin tikinti işlərində çalışan ustalardan biri ilə həmsöhbət olduq. Usta deyir ki, birincisi, binalar tikilən ərazidən hələ də su qaynayır, su nasosları gecə-gündüz ərazidən su çəkir. Bu xüsusda fikrini öyrəndiyimiz ekoloqlar da o qənaətdədi ki, o ərazidəki suyu heç vaxt dayandırmaq mümkün olmayacaq, çünki məndəyi yeraltı sulardı. Bizə tikinti işlərindən danışan usta deyir ki, tikinti üçün istifadə edilən keyfiyyətli sement satılaraq, bazardan daha ucuz sement alınaraq istifadə edilir: "Adətən belə tikintilərdə təmir gedərkən işçilərin əmək haqqı çatmayanda divar kağızlarını oğurlayıb satırlar. Gördüm ki, burada heç kim divar kağızlarına maraq göstərmir. Bəlli oldu ki, bu divar kağızlarının keyfiyyəti o qədər aşağıdır ki, onu bazarda satıcılar heç bir manata da götürmürlər. Bir dəfə işçilər arasında dava düşdü, tərəflərdən biri əsəbindən yumruğunu divara vurdu və yumruq divarın o biri tərəfinə keçdi. Ümumiyyətlə, bu binalardan ev alan vətəndaş ilk növbədə bütün aksesuarları dəyişməlidir. Çünki onların hamısı qəpik-qruşa satılan ən keyfiyyətsiz mallardır. Qapıların kilidini quraşdıranlar tapşırırlar ki, ehtiyatlı olun, yoxsa əlinizdə qırılar. Tikinti-təmir işlərinə guya ingilislər nəzarət edir. Əslində isə onlar gün ərzində uniformanı geyinib ortalıqda gəzməkdən başqa heç bir iş görmürlər, heç kimə nəzarət etmirlər. Onlar sadəcə, görüntü xatirinə gəlib orda gəzirlər və yaxşı da maaş alırlar".

Usta sonda onu da əlavə etdi ki, mənə oradan üçotaqlı mənzil təklif etsələr, havayı başa gəlsə də, girib onun içində yaşamağa etibar etmərəm.

Əlbəttə, ölkə başçısı bu layihəyə kifayət qədər vəsait ayırıb, həmin vəsaitlə mənzilləri Avropa stilində tikmək və təmir etmək olar. Lakin məmurlarımızın korrupsiya və rüşvətxorluq mərəzi buna imkan vermir, nəticədə vətəndaş dövlətindən, prezidentindən narazı qalır.

Cəmiyyət ümid edir ki, bu tip problemlərin aradan qaldırılması üçün son zamanlar başlayan islahatlar dalğası öz təsirini göstərəcək. İnşaallah!

 Akif Nəsirli

[email protected]

0.18626189231873