Allahı bəndənin görən gözü, eşidən qulağı, danışan dili edən cövhər: Həya

 

Həya ədəbin-gözəl əxlaqın ayrılmaz tərkib hissəsidir. Lüğəti mənasına görə tərbiyə, gözəl əxlaq və həya kimi dəyərləri ehtiva edib, bəndənin söz və davranışlarında insanlarla xoş, mehriban davranmasına ədəb deyilir. İctimai şüur formalarından biri olan ədəb-əxlaq, ictimai həyatın bütün sahələrində insanların davranışlarını tənzim edən sosial institutdur. Bu termin  dini mənasına görə  müsəlmanın həz.Məhəmməd əxlaqı ilə yaşaması anlamını verir. Çünki: “Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də gözəl etdi”; “Mən ancaq  əxlaqı gözəl  və yaxşı etmək üçün göndərildim” Peyğəmbər (ə) kəlamlarıdır.

İslam mənbələrinə görə Cəbrayıl (ə) ağıl, iman və həyanı Adəm (ə)-yə gətirib dedi: «Allah sənə salam verir və buyurur ki, bu üç nemətin birini seçəsən». Adəm (ə) ağılı qəbul edir. Bu zaman iman deyir: «Allah mənə əmr edib ki, ağıl hardadırsa, sən də oradasan». Sonra həya da eyni sözü deyib, ağıl və imana qoşuldu. Deməli, Yaradan kimə ağıl veribsə, həya ilə iman da onunladır. Elə həmin səbəbdən islamda ağıldankəm və ruhi xəstələr mükəlləf  (məsul, sorumlu) sayılmırlar. Ağıl sahiblərinin həqiqi insanlıqdan nəsibləri isə, onların iman və həyaları ölçüsündədir. «Həyasız imanını itirər; “həya imandandır”; “həya olmayan yerdə xeyir-bərəkət olmaz» və s. Peyğəmbər (ə) kəlamlarıdır.

 Həyanın məna və mahiyyəti

 Həyanın lüğəti mənası ar edib utanmaq, pərdəli dolanmaq deməkdir. Bu terminin dini mənası isə Allah qorxusu və Allah məhəbbətinin vəhdəti ilə Onun istəmədiyi şeylərdən çəkinməkdir. Həya Rəbbə təzim üçün qəlbin darıxmasıdır. Lakin bu darıxmada bir qəlb əminliyi və ruh rahatlığı var. Bəndə həya vasitəsilə Allahın əzəmət və qüdrəti qarşısında özünün zəif və aciz olduğunu dərk edib, həddini bilir. Mahiyyətinin bir damla su olduğunu bilən insan, həya vasitəsilə Onun kərəm və əfvi qarşısında qüsurlu halına acıyaraq, Allaha asilikdən xəcalət çəkib özünə nəzarət edir. Həya, Allahın hər an və hər yerdə hazır və nazir olmasına müqabil bütün məxluqatın itaət etdiyi o uca Mövlanın ədəb və həyasına əməl etməkdir. Həya ilahi isimlərin təcəllilərini qəlb, ruh və vicdanda hiss etmənin adıdır. Məhz bu an Allah insanın görən gözü, eşidən qulağı, danışan dili olur. Bu hal İ.Nəsiminin “Haqq məndədir,” deyən zaman kəsb etdiyi məqamdır.

Ehsan bəndənin sanki Allahı görürmüş kimi təmiz qəlblə ibadət və əməldə bulunmasıdır. Həya, bu ehsan şüur və təfəkkürünə sahibolmanın ən bərəkətli və verimli meyvəsidir. Həya hər şeyi görən və bilən Allahın əzəməti qarşısında bəndənin «mənəmlik» iddiasından vaz keçib, özünə Rəbbin nəzəri ilə baxmasıdır. Gözəl əxlaqın tərkib hissəsi olan həya, həm də mərifət qapısının açarıdır. Mərifət isə hər kəsin əlindən cəlməyən ustalıq, məharət, hər yerdə və hər kəsdə görünməyən xüsusiyyət və hünərdir. Həyasız insan camaat içində çılpaq əyləşən adam kimidir.

İslama görə xeyirin başı Allah sevgisi, hikmətin başı Allah qorxusudur. Allah qorxusu isə həyanın təməlini təşkil edir. Bu qorxu olmayan qəlbdə xeyir olmaz və o qəlbin sahibindən də xeyir gəlməz. «Həyasızdan hər şey, həyalıdan ancaq xeyir gələr» Peyğəmbər (ə) kəlamıdır. Deməli, mömün bəndə Allah sevgisi və Allah qorxusu vəhdətində olmalıdır. İnsan sevginin verəcəyi nazlanma və güvənmə hissinin yaratdığı ifrat arxayınçılığa güvənib, Allah əzabının şiddətini unutmamalıdır. Peyğəmbər (ə) demişkən; «Mömün Allahın əzabının dərəcəsini bilsəydi, o, cənnətə ümid etməzdi. Kafir də Allahın rəhmətinin sonsuz olduğunu bilsəydi, həmin rəhmətdən ümidini üzməzdi».

«Həya bəzəkdir, həya edib pis işdən çəkinmək isə mərhəmət və kəramətdir» - Peyğəmbər (ə) kəlamını açıqlayan həz. Əbu Bəkr buyurub: «Həyasız insan camaat içində çılpaq əyləşən adama bənzər». Elə «gözəllik ondur, doqquzu dondur» xalq məsəli də bu kəlamdan qaynaqlanır. Təəssüf ki, bu xalq sözünü həya etmədən bəzi TV kanallarında «gözəllik ondur, doqquzu çılpaqlıqdır» kimi təqdim edənlər nə öz ailələri, nə cəmiyyət, nə də Allahdan həya edirlər. El arasında deyildiyi kimi, utanmasan oynamağa nə var.  Elə «Allahdan həya etməyən kəs insanlardan da həya etməz» Peyğəmbər (ə) kəlamı belələrinə ünvanlanıb. Halbuki Quran ayələri və mənəvi-milli dəyərlərimizin hamısı həya və ədəbdən qaynaqlanır.

 Həyanın əhəmiyyəti

 Etiraf edək ki, müasir İslam aləminin qeyri-islamın elm və texnologiya sədəqəsinə möhtac olması günümüzün ağrılı, fəqət təkzibolunmaz gerçəkliyindən  biridir. Təəssüf ki, dünyəvi elmlərdə geriliyimizlə yanaşı, “müasirləşməklə” əxlaqi, o cümlədən ədəb və həya sahəsində də aşılanmağımız göz qabağındadır. Deməli, bu axsama və aşılanmaya son qoymaq üçün artıq “yetər” deyib, müasir elmlərə  malik olmaqla yanaşı, həm də əsrlərlə formalaşan milli-dini dəyərlərimizi qorumağı  bacarmalıyıq. Məlumdur ki, həyası olmayan elmlinin cəmiyyətə gətirdiyi bəla və müsibətlər, həyalı elmsizin əməlindən doğan zərərdən  daha ağır və fəlakətlidir. Həmin səbəbdən həqiqi müsəlman üçün əsas vəzifə iman, elm və saleh əməl vəhdətinə nail olmaqdır. Lakin həya imandan olduğu üçün, bu vəhdətdə onun rolu danılmazdır.

Həyanın  təməlində  sözün geniş mənasında heybət  - hörmət, izzət, ləyaqət, şərəf, etibar, nüfuz və qorxu kimi dəyərlər dayandığı  üçün, ən böyük elm ədəb və həyadır. Çünki Allahın məskən saldığı  bir məkanda  - qəlbdə heybət və həya olmazsa, həmin qəlbin daşıyıcısında xeyir olmaz və ondan xeyir də gəlməz: “Həyadan ancaq xeyir gələr” (həz.Məhəmməd). Zira həyanın  əsli, toxumu xeyirdən ibarət olduğu üçün o, həmişə  xeyirverimlidir. Çağdaş dünyada nadir tapıntıya  çevrilən həya haqqında  fikrimizi, vaxtilə  Peyğəmbər (ə)-nin: “İman 70 şöbədən ibarətdir, həya da imandan bir şöbədir” kəlamı nurunda dəyərləndirsək, onda belə də deyə bilərik: kim utanma, həya hissinə maliksə, o, təbrik və təqdir ediləsi adamdır.

Bəzi İslam üləmasına görə, 5 şey insana bədbəxtlik və sıxıntı gətirən əlamətlərdəndir: qəlb qatılığı, gözün quruluğu, həyanın azlığı, dünyaya aludəçilik, uzun və çox  əmələ vurğunluq. Lakin ifrat utanma hissini məqbul saymayan digər üləma hesab edib ki: “Biz az ədəbə, çox həyadan daha çox möhtacıq. Adəmoğlu ədəbi ilə ünsandır. Ədəbsiz insan heyvandan fərqli deyil”. Bu məqamda həm də həya nümunəsi olan mərhum akademik Xudu Məmmədovun: “Pis adam yoxdur Adam pisdirsə, deməli o, adam deyil” kəlamını qeyd etmək, məncə, yerində olardı.

 Həyanın dərəcə və təsnifatı 

Həyanın üç dərəcəsi var:

  1. Fitri həya. Yəni insan iradəsinin müdaxiləsi olmadan yaradılışdan insanın vicdanına qoyulan ar və hicab duyğusu. Fitri həya yalnız iman, ehsan, mərifət və məhəbbətdən gələn həya ilə kamilləşdirildiyi zaman sahibini əbədi səadətə qovuşdurar. Bu dəyərlər səfərbər edilməzsə, fitri həya vicdan vasitəsilə özünü büruzə verib sahibini utandırsa da, fəqət o, pis əməl və niyyətin qarşısını almaqda aciz olar. Məs. rüşvətxor vicdanında yerləşdirilən fitri həya ilə hiss edir ki, istər dini, istərsə də dünyəvi qanunlara görə rüşvət almaq haramdır. Həmin səbəbdən o, fitratdan verilən həya ilə cəmiyyətdən utanıb rüşvəti gizli alır; 2. İman və ehsan şüurundan qaynaqlanan həya. Bu həya imanlı bəndənin ən azı Quranla təsbit olunan fərzləri icra edib, haramlardan qaçmasıdır. Yəni bəndə bilir ki, onun hərəkətlərini görən və hər şeydən xəbərdar olan Allah var; 3. Peyğəmbər və vəlilərin mərifət və məhəbbətdən gələn həyası. Bu, «Siz ürəyinizdə olanı zahirə çıxartsanız da, çıxartmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkəcək» (Bəqəra, 284) ayəsi ilə yaşayanların həyasıdır.

Həyanın təsnifatına aşağıdakılar daxildir:

1) Çünahı etirafetmə və tövbə həyası - həz.Adəmin həyası kimi. Belə ki, Rəbbimiz ona: “Məndən qaçırsan?” - deyərkən, o, Rəbbinə: “Xeyr, Səndən hara qaça bilərəm?! Səndən həya edirəm” demişdi. Qeyd edək ki, Adəm (ə) bu ifadəni Rəbbin qadağan etdiyi meyvəni yeyəndən sonra söyləmişdi.

2) Təzim həyası. Bu, Allahu-Təalanın uluhiyyətinin (allahlığının) əzəməti qarşısında qulluğunun azlığını görüb: “Sənin şanına layiq səviyyədə Sənə ibadət edə bilmədik, ya Rəbb!”- deyən bəndənin həyasıdır.

3) İrfan (Allahı dərk etmə) və iclal (əzəmət, böyüklük) həyası. Bu mələk, ənbiya və kəramət sahiblərinin həyasıdır.

4) Həmd, şükür və minnət həyası. Bu, Allahu-Təalanın sonsuz nemət, şəfqət və rəhmətinin maqabilində Ona lazımınca həmd-sənə və şükürlər edə bilməyəcəkdən doğan xəcalət həyasıdır…

   Həya bəşər ağlının, bəşər əxlaqının məhsulu deyir

  İslamda müxtəlif təsnifat və dərəcələrə bölünən həya, yalnız Allah həyasından qaynaqlanır. Allah həyası isə, Onun dua edən bəndəni utandırmaqdan utanma həyasıdır. Peyğəmbər (ə) buyurub: «Qul əllərini Allaha qaldırdığı zaman Allah o əlləri geri qaytarmaqdan həya edər». Elə bu səbəbdən mərhəməti sonsuz olan Rəbb buyurub: «Mənə dua ediniz, dualarınızı qəbul edərəm».

Həya - Allah əxlaqı olmaqla bərabər, həm də onun sirridir. Bəli, Allah həm də sirr saxlayandır. O, istisna hallarda günahkar bəndəsinin belə sirrini faş etmir.  Bununla O, həm də günah işlədən bəndələrinə xatırladır ki, tövbə edib günahlardan çəkinsəniz, Mən sizing gizli (sirli) günahınızı xalqa bəyan etmərəm.

İslam məxəzlərindən gələn rəvayətə görə, Rəbbimiz məhşərdə ixtiyar yaşında olan bir bəndəsini hesaba çəkib soruşacaq: “Bu günah işləri nə üçün etdin? Axı sənə kitab verib , peyğəmbər göndərmişdim”. Həmin şəxs heç bir günah sahibi olmadığını dediyi üçün Allah mələklərə buyuracaq: “Elə isə onu cənnətə aparın”. Bu zaman mələklər təəccüblə Ona: “Ya Rəbb, bu ağsaqqalın hansı günah işlətdiyini Sən çox yaxşı bilirsən və biz də onun günah etdiyinin şahidiyik” - deyəcəklər. Allahu-Təalə isə buyuracaq: “Bəli, bilirəm. Lakin onun ağappaq saç-saqqalına baxıb, ayıbını üzə vurmaqdan həya etdim”. Rəvayətə görə, Cəbrail (ə) bu hadisəni həz.Məhəmmədə danışarkən Peyğəmbər ağlayaraq belə deyib: “Allahu-Təalə ümmətimin ağsaqqalından həya edir, ağ saqqallı ümmətim isə günahlarından xəcalət çəkib utanmır”.

Bəs ümmət olaraq biz hansı durumdayıq? Biz: “Siz Məni yaxşı gününüzdə yad edin ki, Mən də sizi pis gününüzdə yad edim” Rəbb kəlamının əksinə olaraq, Onu işimiz çətinə düşəndə yad edirik.  Onun mərhəmətli, duaları qəbul edən, şəfaətcil, rəhimli və səbirli olduğunu bilib, Ondan istəyirik. O da Ona ünvanlanan əlləri geri qaytarmaqdan həya edərək dualarımızı qəbul edir. Bəs sonra? Sonra biz Onun səbrini imtahan edərək yenidən  kəlamlarına  asi olub, bəzən Ondan heç həya  etməyi belə ağlımıza gətirmirik. Və unuduruq ki, səbirli və mərhəmətli olan Allah həm də intiqam alandır, şiddətli cəza verməklə zəlil edəndir.  Halbuki biz Onun yerdəki ən şərəfli xəlifəsi - məbədi, mənsub olduğumuz ölkənin sərvəti sayılırıq. Deməli, Allaha məxsusuq və Onun sənət əsəri olan bədən və ruhumuzla Onu izzətləndirməliyik. Biz isə çox vaxt əksinə, tövbə, ədəb, gözəl əxlaq və həyadan uzaq olmaqla özümüz özümüzü məhv edirik.

Həya həm də ismət, namus kimi milli və islami dəyərlərin qoruyucusu, qalxanı qismindədir. Həyalı insanlar başqalarının şərəf və ləyaqətinə hörmət etməklə, öz şərəf və ləyaqətlərini qorumuş olurlar. Həya libasına bürünən belə insanlar “namusa toxunanın namusuna toxunarlar” xalq deyimini heç vaxt yaddan çıxartmırlar.

Həz. Əlinin: “Abırlı olmağın ən ucası insanın özü özündən utanmasıdır” kəlamı işığında deyə bilərik ki, insan nəinki ictimai  yerlərdə, hətta tək ikən belə həyalı olmalıdır. Çünki tək olarkən deyilən hər bir ədəbsiz söz və ya edilən  əməlin pis vərdiş halına  gəlmək ehtimalı daha çoxdur.

İslamda hər bir maddi-mənəvi dəyərin zəkatı olduğu kimi, həya da üzün-sifətin zəkatıdır. Ədəbsiz mühitə düşən həyalı insan utanar, tər töküb xəcalət çəkər, özündən asılı olmayaraq simasının rəngi dəyişər. Üzün  həya  vasitəsilə bu hala düşüb sahibinə (fərdə) və cəmiyyətə verdiyi islahedici müsaj-xəbərdarlıq həmin toplumun saflaşıb çoxalmasına xidmət etdiyi üçün, həya  həm də üzün zəkatı statusundadır. Həyalı bəndənin heç bir söz demədən - üzünün rənginin dəyişməsi və tər tökməsilə nəyi anlatmasından yalnız mərifət  sahibləri və ariflər xəbərdar olarlar.

Beləliklə, həz.Adəmdən müasir  dövrümüzə  qədərki bəşər həyatının mənəvi tərəzisinə  qısaca  nəzər salsaq aydın  olar ki, o vaxt olduğu kimi bu gün də tərəzinin yüngül tərəfində əxlaq, ədəb və həya  durur. Qarşılıqlı yardımlaşma, əhdə vəfalıq, mərhəmət hissinin tədricən  yox olması, “sən çalış mən yeyim” prinsipi, valideyn və yaşlı nəslə sayğısızlıq, kişilərin qadınlaşması, qadınların kişiləşməsi və digər neqativlərin çoxalması həyanın yalnız Rəbb və bəşər kitablarında  qalacağından xəbər verir. Əslində dünya miqyasında “demokratiyanın” əllərinin haqqın boğazında olması da, əxlaqın digər növünün - siyasi həyanın yoxluğundan irəli gəlir. Belə olmasaydı, demokratik dövlət kimi tanınanlar torpaqlarımızın bir hissəsinin həyasız erməni  işğalından həya edib, haqqa dəstək verərdilər. Lakin Haq gec etsə də, güc edər. Çünki, Rəbbimiz haqlının haqqı özünə qaytarılana qədər onunladır. Bəli, Allahu-Təala nə inanclı demokratik bəndə imicini formalaşdırmaq naminə əskinazlarında “İn God we trust” (Allah bizimlədir) yazanlarla, nə də işğalçıya  açıq və ya gizli dəstək verənlərlə yox, haqsız zülmə məruz qalanlardır. Və inanclı ümmət olaraq, biz bu Rəbb kəlamının felən əmələ çevrilməsinin də inşəəlləh, şahidi olacağıq.

Postskriptum: Əxlaq, ədəb və həyanın yox olması həm də qiyamətin əlamətlərindəndir. Peyğəmbər (ə) buyurub: “Qiyamətin qopmasını görənlər, dünyanın ən pis adamlarıdır”.

 Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

0.1966450214386